Çəkmişəm (Usta Abdulla)

Çəkmişəm
Müəllif: Usta Abdulla


Əyyami-qəzada, qəhri-dünyada
Bilirsənmi, nə bəlalar çəkmişəm!?
Ahü-zar, müsibət dünyadan çıxıb,
Leyli-nahar nə bəlalar çəkmişəm.

Dağıldı mahalım, pozuldu elim,
Tükəndi dövlətim, gödəldi dilim,
Əyildi qamətim, büküldü belim,
Nə qazamat, nə qalalar çəkmişəm.

Abdulla, bir yana yetmədi dadım,
Ha yana düşdümsə, yandırdı odum.
İtib dülgərliyim, batıbdı adım,
Aranlarda nə alalar çəkmişəm.