Çərx hər ay başına salmış qaşından bir xəyal

Çərx hər ay başına salmış qaşından bir xəyal
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.200.

Çərx hər ay başına salmış qaşından bir xəyal,
Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.

Mahi-növ olmuş qaşın sevdasının sərgəştəsi,
Şəhrdən şəhrə gəzər avarələr tək mahü sal.

Etdigiçün hüsnünə qarşu kəmal izharı gün
Bir gün olmaz kim, ona gərdun yetirməz bir zəval.

Sübh qıldın cilvə, gün çəkdi özün bu guşəyə,
Şam ərz etdin, rüxün şəm’i əritdi infial.

Qılma gözdən çöhrəvü xalın nihan kim, qılmaya
Dudi-ahim afitabi çöhreyi-gərdunə xal.

Olmuyub məqbuli-xaki-dərgəhin mahi-təmam,
Zə’fi-tale’ verdi gün-gündən ona təğyiri-hal.

Ey Füzuli, mah nisbət məhv qıl varın təmam,
Gər dilərsən bulmaq ol xurşid birlə ittisal.