Çətindi (Ağdabanlı Qurban)
Çətindi Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Təbib yox, cərrah yox, bulunmaz əlac,
Sağalmaz, qurtarmaz, yara çətindi.
Zülümdü mərd ola namərdə möhtac,
Yamandı ayrılıq, ara, çətindi.
Hələ var dağlarda Məcnun naləsi,
Gəlir qulağıma kəsilmir səsi,
Qırılsa sağalmaz könül şüşəsi,
Bilməz, olsa para-para çətindi.
Ağlaram, gözümdən tökərəm yaşı,
Sinəmi yandırar möhnət atəşi,
Sərrafə yükləmək gövhərsiz daşı,
Həmdəm olmaq biilqara çətindi.
Bəxtəvərdi öz bəxtindən yarıyan,
Xoş gün görüb yarla birə qarıyan,
Axır qanım, yoxdu yaram sarıyan,
Müşkül dərdə ola çarə çətindi.
Tərsinə işləyir bu çərxi-dövran,
Tale sən deyəni demir hər zaman,
Qurban səyyad əldən uçurub tərlan,
Bir də gəlib düşə tora çətindi.