Çətindir (Teymur Kərimli)
Çətindir (14.07.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Doğulmağa nə var? Tutar mamaça;
Bu həyatın yaşamağı çətindir.
Düzü keçər gəzə-gəzə bəbə də –
Aşa bilmək ala dağı çətindir.
Aşiq olan sevgisində naz arar,
Bu qaydadır – qışa düşən yaz arar.
Həyalıya işarə vur – qızarar;
Həyasızın utanmağı çətindir.
İnsan oğlu bu həyatda şən gərək,
Fikri dərin, saf ürəyi gen gərək.
Ağnan qara bir-birinə tən gərək;
Qara bassın tamam ağı – çətindir.
İblis şəri Tanrı xeyrin haxlasa,
Əyri yollar düz yolları bağlasa,
Otuz il də yesir edib saxlasa,
Düşmən alsın Qarabağı – çətindir!
Yaz bağını boz sözünlə qurutma,
Söz mülkünü kimlər qurub, unutma.
Teymur, sözün zirvəsinə can atma –
Asta-asta en aşağı – çətindir...