Çalışqan Cəmal
Çalışqan Cəmal Müəllif: Əli Nəzmi |
On iki yaş bir çocuq,
Bənzi qaçıq, rəng uçuq.
İncə bacaq, qol, fikar,
Sanki üfürsən uçar,
Gözlərinin yox fəri,
Bircə sümük, bir dəri.
Örtünüb az cındıra,
Ağ yüzü bənzər qara.
Yırtıq ayaqqabları,
Örtür ayağın yarı.
Hər baxışı biqərar,
Bir şey üçün intizar.
Halı yaxır insanı.
Sağ umuzunda palan,
Harda görür bir dükan,
Ya ki xrid eyləyən,
– Ay gədə, hambal, – deyən
Tez yönəlir ol yana,
Göz gələrək cövlana,
“Ver götürüm, ay ağa,
Baxma zəifəm bana.
Hər neçə versən də ver,
Harda sizin küçədir”.
Fəsli-yay idi həman,
Söylənir idi əzan.
Sısqa, çalışan Cəmal,
Arxada bir zor çuval,
Şeylər ilə dopdolu,
Çox da uzaqdı yolu.
Qolda iri zənbili,
Qapqara yanmış dili.
Yük götürübdü böyük.
Baş əyilib, bel bükük.
Bərkiməmişdən bədən,
Bərk işə girmiş həmən.
Evdə qocalmış ana,
Çıxmaz idi bir yana.
Oğluna tikmiş gözün...
Körpə edir sərf əmək,
Muzduna alsın yemək,
Həm anasın bəsləsin,
Həm özü içsin, yesin.
Atladı bir qaç yoxuş,
Mənzilə çatmaqda tuş.
Ancaq o boş bir xəyal,
Məqsədə irmək məhal.
İsti idi çox həva,
Hər dilək olmaz rəva.
Batmış idi qan-tərə,
Büdrədi bir qaç kərə.
Düşmüş idi qüvvədən,
Ac qarın, xəstə tən.
Çəkdi bir atəşli ah,
Etdi həzin bir nigah.
Söylədi bir yol –“Ana!
Bir də qovuşmam sana”.
Get-gedə incəldi səs,
Durdu azaldı nəfəs.
Döndü kiçik surəti,
Bitdi böyük qeyrəti.
Aldı qərarın ətəş,
Düşdü yerə, etdi qəş.
Toxtadı şey sahibi,
Oldu onun xaibi.
Dürtmələdi, səslədi,
Qalx çocuğum, qalx dedi!
Bir qədər uğraşdı o,
Sonra baxıb şaşdı o.
Oldu əlacı hədər,
Artdı üzündə kədər.
Çünki o olmuşdu fövt,
Canını almışdı mövt.
Etmiş idi gün qürub,
Örtülü idi üyub.
Cümlədi qaraldı sular,
Gəldi bütün yolçular.
Şəhər kənarında bir
Külbə var idi həqir.
Onda qoca bir qarı,
Örtməyə yox paltarı.
Pürxəlacan, iztirab,
Sinədə, nə dizdə tab.
Açmış iki lüt qolun,
Oğlunun gözlər yolun.
Hər ötəndən sorar,
Bəklər idi biqərar.
Yoxdu fəqət ehtimal,
Gəlməyəcəkdi Camal.