Çaldıran döyüşü/II fəsil

I fəsil Çaldıran döyüşü. II fəsil
Müəllif: Fərman Kərimzadə
III fəsil


908-ci il zülhiccə ayının 23-ü idi. (1)

Qoşun Həmədan yaxınlığında, Almaqulağı düzündə dayanmışdı. Bu, taxta çıxıb tac qoyandan sonra Şah İsmayılın ilk döyüşü idi. Qarşısında dayanan düşmən qardaşı Əlvənd Mirzə ilə ölkəni iki yerə bölən Murad Mirzə idi, hökmdarlıq hissi çox qəribə hissdir və Şah İsmayıl bunu indi başa düşmüşdü. Nə Murad Mirzə, nə də Əlvənd Mirzə babaları Uzun Həsənin mülkündən, taxt-tacından əl çəkmək fikrində deyildilər. Yaxşı ki, onlar bir-biri ilə dil tapa bilmirdilər. Birləşsələr, bəlkə, Şah İsmayılı üstələyərdilər. Amma ayrı-ayrılıqda hərəsi bir hökmdar idi. Əlvənd Şərur düzündə əziləndən sonra Diyarbəkrə qaçıb. Murad Mirzə isə Bağdaddan, Bəsrədən, Maraş və Əlbistandan qoşun toplayıb. Sultan Bayəzid də ona kömək göndərib. Özünə arxayın olduğuna görə də qardaşına bel bağlamaq fikri yoxdur. Qoşunu Şah İsmayılın qoşunundan çoxdur.

Gün əyilmişdi. Axşam düşürdü. Döyüş səhər tezdən başlayacaqdı. Təpənin üstündə çadırda Şah İsmayılın yanında Hüseyn bəy, qorçubaşı Dədə bəy, Qara Piri bəy Qacar oturmuşdu. Səhərki döyüşün gedişini fikirləşir, tədbir tökürdülər.

Ucaboy, qollu-qanadlı qızılbaş çadıra girib baş əydi.

— Qibleyi-aləm, Şirvanşah Sultan Mahmud sizin hüzurunuza gəlməyə rüsxət istəyir.

Şah İsmayıl Hüseyn bəyə baxdı. Lələ bu baxışdan çox şey oxudu.

— Dünya belədi, qurban. Vaxtilə düşmənçilik eleyən gücü, qüdrəti görəndən sonra iltimasa gəlir.

Sultan Mahmud çadıra çağırılana qədər xeyli fikirləşdi. O, Şah İsmayılın yanına gəlmək üçün çox düşünüb-daşınmışdı. "Şah İsmayıl Şirvanı alsa da, özünə tabe eləyə bilməyib. Başı açılan kimi atının başını yenə Şamaxıya döndərəcək. Yaxşısı budur, özüm onunla dil tapım, özüm gedim, itaətimi bildirim".

Sultan Mahmud Qazı bəyin oğlu idi. Babası Fərrux Yasar öldürüləndən sonra atası Şirvanşah keçmişdi. Amma on səkkiz yaşlı Sultan Mahmud hakimiyyətə keçmək üçün alışıb-yanırdı. Bilirdi ki, atasından sonra hökmdar özü olacaq. Amma gözləməyə səbri çatmırdı. Taxta oturmaq, hökm vermək, adam asdırmaq, baş kəsdirmək, rəqqasələrin açıq göbəklərinə "Saqiyan" şərabı töküb içmək... fikri onun yuxusunu rahatlığını əlindən almışdı.

Bir gecə atası məclisdən kefli qalxıb Gülüstan sarayının dar dəhlizi ilə yataq otağına gedəndə oğlu onunla qarşılaşdı. Atası nədənsə əlini yelləyib keçdi. Candarlar da yox idi. Qapıda qalmışdılar. Mahmud atasının ləngərli yerişinə baxdı. Nədənsə onun dalınca getdi. Bu ləngərli yeriş heç onun xoşuna gəlmirdi. Bu yerişdə güc, qüvvə, hakimiyyət vardı. Qazı bəy yeriyə-yeriyə qızılı naxışlı əbasının düymələrini açdı. İndi əbanın ətəkləri də yellənirdi və bu ətəklərin yellənib atasını daha da əzəmətli, qanadlı göstərməsi Sultan Mahmudu əsəbiləşdirirdi və arxadan yeriyib qılıncını atasının başına endirdi.

Səhərisi gün artıq o, taxtda oturmuşdu, atasının "qatillərini" asdırır, başlarını kəsdirirdi.

Fərrux Yasarın bir oğlu da Şeyx İbrahim idi ki, Şah İsmayıl Şamaxıya hücum eləyəndə Salyan və Mahmudabadda qoşun yığmış, amma qüvvələrin bərabərsizliyini görüb Gilana — Biyapasa — Hüsaməddinin yanına qaçmışdı. Qardaşı Qazı bəyin öldürüldüyünü eşidib Şirvan üstünə yerimişdi. Sultan Mahmud əmisinin gəldiyini görüb qaçmış, şirvanşahların qəddar düşməni sayılan Şah İsmayıla pənah gətirmişdi.

Onu çadıra çağırdılar. İçəri girən kimi əyilib təzim elədi. Salam verdi. Amma Şah İsmayıl onun salamını almadı.

— De, görək, nə diləyin var?

— Böyük hökmdar, sizə də, burada oturanlar da yaxşı məlumdur ki, şirvanşahlar sizə düşmən olublar. Atanızı, babanızı öldürüblər. Mənim babam Fərrux Yasar da buna görə Allahın bəlasına gəldi. Atam Qazi bəy də sizin mübarək hakimiyyətinizi qəbul eləmədi. Allahın əmriylə onu öz əlimlə o dünyaya göndərdim.

Şah İsmayıl diksindi.

— Atanı öz əlinlə? Demək, sən ata qatilisən!

— Qatil yox. Allah hər kəsə bəlanı bir yolla göndərir.

Hüseyn bəy dilləndi:

— Hökmdarın icazəsi ilə bir kəlmə demək olarmı?

— Buyurun!

— Biz aldığımız xəbərlərə görə atanızı öz candarları öldürüb.

— Bəli. Bu sirri yalnız burada açıram. Ona görə də Şirvanda sizə dost olan bir hökmdar olduğunu biləsiniz.

— Bəs o vaxt bunu nə üçün xəbər verməmişdin? — Şah İsmayıl qəzəblə soruşdu.

— İmkan düşməmişdi.

— Yaxşı, onda qayıdın Şirvana, Şah İsmayılın adına xütbə oxutdurun, pul kəsdirin və illik xərac verin.

Sultan Mahmud ayaq üstündə qalmışdı. Bu sözləri eşidəndən sonra məlul-məlul baxıb dilləndi:

— Onları eləməyə artıq imkanım yoxdur.

— Nə üçün?

— Çünki əmim Şeyx İbrahim Şirvanı tutub. Taxtda oturub. O da sizin düşməninizdir. İndiyə qədər də Gilanda, Hüsaməddinin yanında gizlənmişdi.

— Belə de. Belə de!..

Şah İsmayıl sakit, amma amiranə bir səslə dedi:

— Demək, bizdən kömək istəyirsən?

— Bəli. İndi Şərqdə sizdən böyük hökmdar yoxdur.

— Şirvanda hakimiyyəti ələ keçirəndən sonra Şərqdə məndən kiçik hökmdar olmayacaq. Onda tanımayacaqsan bizi, — Şah gülümsədi.

— Yox. Qurana əl basıb and içirəm, sizə həmişə sədaqətlə qulluq edəcəyəm.

— Nə qədər adamın var?

— Hazırda yüz nəfərə yaxındı.

— Sabahkı döyüşdən sonra danışarıq!