Çanaqlıbağa - Baba Fekran

Baba Fekran
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir dəfə Çanaqlıbağa – Baba Fekran dayının yolu paxla tarlasından düşmüşdü, o, bir qıça kəsib arvadı Qurbağa üçün apardı.

– Bilirsən nə var, ay Qurqur xanım, – deyə arvadından xahiş elədi, – gəlsənə, axşama mənim üçün paxla bişirəsən.

– Sənin keçəl başın üçün, bilməmişdim! – deyə arvadı Qurbağa cavab verdi. – Hansı qurbağa paxla yeyir ki, mən də yeyim? Qıçanı da götür, hansı cəhənnəmə istəyirsən get!

Əlac nədir ki!? Çanaqlıbağa paxla qıçasını götürüb baş aldı getdi. Utandığından bilmirdi ki, özünü hara salsın. Şəhərə gedən yolun qırağında əyləşib dərdə-qəmə batmışdı.

Yoldan bir eşşək keçirdi. O, Çanaqlıbağa dayını görüb soruşdu:

– Dayı, sənə nə olub qanın qaradır?

– Bu zəhrimara qalmış paxlanın üstündə oldu. Arvadım Qurqurun yanına gəlib paxlanı mənim üçün bişirməsini ondan xahiş elədim. O da mənə belə cavab verdi: “Rədd ol, keçəlin biri keçəl!” Dost, bəlkə sən gedib onu yola gətirə biləsən!

Eşşək razı oldu. O, Qurqur xanımın evinə yaxın gəlib: “Bu-u mənnəm!” – deyə anqırmağa başladı. O, öz gəlişini ev yiyəsinə bildirmək istəyirdi.

– Sən məni səksəndirdin, qonşuları da qorxudursan, qulluqçunu da – odur ey, qabları yuyur! – deyə Qurqur onun üstünə düşdü. – Eşşək, canın sağ olsun, olmaya buraya bizim qabların suyunu iyləməyə gəlmisən?!

Eşşək onun çığır-bağırından qorxub, bir kəlmə söz də demədən çıxıb getdi.

Yoldan bir it keçirdi. O, Çanaqlıbağa dayını görüb soruşdu:

– Dayı, sənə nə olub, bikefsən?

– Paxla zəhrimarın üstündə oldu. Mən arvadım Qurqurun yanına gəlib paxlanı bişirməsini ondan xahiş elədim. O mənə belə cavab verdi: “Rədd ol, keçəlin biri keçəl!” Bəlkə sən danışıb, onu bir təhər yola gətirə biləsən!

İt razı oldu. O, Qurqur xanımın evinə yaxınlaşıb: “Hart-hart” hürməyə başladı ki, xanım bunun gəlməyindən xəbər tutsun.

– Sən məni səksəndirdin, qonşuları da qorxudursan, qulluqçunu da – odur ey, qabları yuyur! – deyə Qurqurun ağzı açıldı.

– Soruşmaq eyib olmasın, ay it, sən yoxsa bizim qabağımızdan qalan xörəkləri yeməyə gəlmisən!

İt qorxdu və bir kəlmə söz demədən çıxıb getdi.

Sonra yoldan pişik, meymun, at və Çanaqlıbağanın başqa dostları gəlib keçdi, onlar da Qurbağanı yola gətirmək istədilər. Ancaq Qurbağa onların hərəsini bir cür acı sözlə kandarından qovub yola saldı.

Hətta toyuq da acıqlı Qurqurun yanına gəlmişdi. Qurqur ona da demişdi:

– Ay toyuq, sən də tər-təmiz kəndli daxmasında nə yumurtlayarsan!

Toyuq da ona belə demişdi:

– Qurqur xanım, mən gündə on yumurta yumurtlayıram! Mənim yumurtalarımı padşah özü, bir də cavan oğlanlar yeyirlər.

Ancaq Qurqur ona heç qulaq da asmadı.

Axırda yolda bir Şir göründü. O, Çanaqlıbağanı görüb soruşdu:

– Ay dayı, sənə nə olub belə bikefsən?

– Sözümüz paxlanın üstündə oldu! Mən arvadım Qurqurun yanına gəlib paxla bişirməsini ondan xahiş elədim. O, mənə belə cavab verdi: “Rədd ol, keçəlin biri keçəl!” Bəlkə siz, Şir zatialiləri danışıb, onu yola gətirəsiniz!

Şir razı oldu. Qurbağanın evinə yaxın gəlib nərildəməyə başladı.

– A, Şir cənablarıdır ki! – deyə Qurqur səsləndi. – Zati-aliləri, necəsiniz? Nə buyurursunuz?

– Bu saat ərinin yanına get! – deyə Şir ona əmr etdi.

– Gedirəm, gedirəm! Bircə dəqiqədən sonra hazır olaram! – deyə Qurbağa cavab verdi.

Ancaq bir dəqiqə keçdi o, evdən çıxmadı, Şir təzədən nərə çəkdi.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa qışqırdı. – Qoy bir üzümü yuyum!

Qurbağa yenə də evdən çıxmadı, Şir təzədən nərə çəkdi.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa qışqırdı. – Qoy bir başımı darayım!

Qurbağa yenə də evdən çıxmadı, Şir bir də nərildədi.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa cavab verdi, – Qoy bir köynəyimi dəyişim!

Qurbağa yenə də evdən çıxmadı, Şir bu dəfə də nərildədi.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa cavab verdi. – Paltarımı geyib gəlirəm!

Qurbağa yenə də evdən çıxmadı, Şir təzədən nərildədi.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa qışqırdı. – Qoy sancağımı taxım!

Qurbağa yenə də evdən çıxmadı, Şir bağırdı.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa qışqırdı. – Qoy bir yanaqlarıma ənlik çəkim!

Qurbağa yenə də evdən çıxmadı, Şir təzədən nərildədi.

– Gəlirəm, gəlirəm! – deyə Qurbağa qışqırdı. – Ayaqqabılarımı geyim!

Axır ki, geyinib hazırlandı. Şir onu ərinin yanına apardı. Qurqur xanımla Çanaqlıbağa dayı yol üstündəki qanovda oturub özləri üçün söhbət edirlər.

Biz də səninlə gedirdik, bir kisə mirvari tapdıq, irisi mənim, xırdası sənin.