Çatıb, çatmayıb
Çatıb, çatmayıb Müəllif: Dərdli Nəsib |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Gözəl Kəbətüllah, gələn qurbanın,
Bu qara dəryanda batıb, batmayıb?
Hər iki cavandan murad gözlərəm,
Nəfsimi eşqinə qatıb, qatmıyıb?!
Zikrində eşqimdi - Eşqimdə Allah,
Bir Rəhmanir-rəhim, salavatullah.
Ərəfatı çıxan sahibi-sabah,
Nuri-təcəllaya yetib-yetməyib?!
Baqiyə, ölməzəm! - Aşıq ölərmi?
Gülümdən qorxanlar haqqa gələrmi?
Qalü-bəla! Xudam özü bilərmi,
Dərdli Nəsib, günün çatıb-çatmayıb?!