Çatha çat
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.365

Nə yatırsan, aç didarın, de: hasil,
Gəldi əcəl, yetdi sənə çatha çat.
Sındı zəncir, gedərgisən, nə hasil?
Ha cəhd elə, ha çal çəkic çatha çat.

Nay nalə edər, haray yetər, a daşa,
Ağlar didar, yaşın seltək a daşa.
Kazranlar salsalar rəxtin, a daşa,
Dəyər səngə, səs eyləyər çatha çat.

Nikraillər yetişəndə əyana,
Leysan deyər sirr işlərin əyana.
Hazar yeki can ləhətdə, a yana,
Qaynayarsan yağ içində çatha çat.

Qurban, sədaqətlə eşit: sin, ayə,
Əzəl gərək yar yarını sinayə.
Əzrail ki, əyləşəndə sinayə
Çəkər çəngəl, solar rənglər çatha çat.