Çobanın qurbanı
Rəvayətlər. Çobanın qurbanı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir çoban çöldə qoyun otarırmış. Bir qurd gəlir deyir:
– Çoban qardaş, bu sürüdən mənə bir qismət ver, yeyim.
Çoban deyir:
– Gedim ağama deyim, razı olsa, baş üstə, verim ye.
Çoban, qoyunu qurda tapşırır, gedir ağasına deyir ki, bir qurd gəlib, sürüdən qismət istəyir.
Ağası deyir:
– Get kürə qoyunu ver yesin.
Çoban gəlir kürə qoyunu verir qurda. Qurd qoyunu parçalayıb yeyəndə qoyunun qarnındakı quzu çıxır. Qurd bu quzuya dəymir. Çoban deyir:
– Mən indi bu quzunu neyləyəcəyəm – götür bunu da ye.
Qurd deyir:
– Yox, yeyə bilmərəm – o, mənim qismətim deyil.
Qurd gedir. Allah quzunu çəkir göyə.
Bir gün duman-çiskin olur. Çoban sürüdəki qoyunların yarısını itirir. Ha axtarır, tapa bilmir. Əlacı kəsilir, deyir:
– Ey Allah, oğlumu qurban deyirəm, kömək elə qoyunları tapım.
Allah çobanın sözünü eşidir. Duman-çiskin çəkilir, çoban qoyunları tapır. Oğlunu qurban kəsmək istəyəndə göydən səda gəlir:
– Çoban, uşağa dəymə, kürə qoyunun balasını qurban kəs.
Çoban görür ki, kürə qoyunun balası göydən endi yerə. Uşağın əvəzinə kürə qoyunun balasını qurban kəsir.