Ölülər/Üçüncü məclis

İkinci məclis Ölülər. Üçüncü məclis
Müəllif: Cəlil Məmmədquluzadə
Dördüncü məclis


Üçüncü məclis vaqe olur şəhərin kənarında, qəbiristanın yanında. Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb, əllərini əllərinin üstə qoyub, ayaq üstə durublar. Ortalıqda Ş e y x N ə s r u l l a h uca daşın üstünə çıxıb, oturub danışır. Sağ tərəfində Ş e y x Ә h m ə d, sol tərəfində H a c ı H ə s ə n və ətrafında biz gördüyümüz adamların hamısı, İskəndərdən və övrətlərdən savayı.

Ş e y x N ə s r u l l a h (əlində bir cildli yekə kitab, çox fəsahətlə danışır). Dər xəzaini-qüdrət cövhəri-şəriftər əz elm və nəfistər əz daniş nist (Şairanə).

Elm bəvəd zindəgiyi-canü dil,
Elm bəhəd tazəgiyi-abü gil.
Elm nəsimi-çəməni-can bəvəd,
Rayiheyi-rövzeyi-rizvan bəvəd.
Hər ki, bəsərçeşmeyi--daniş rəsid,
Abi-həyati-əbədira çəşid.[1]

(Bir az dayanıb, kitabı iki əli ilə yuxarı qalxızıb, çox ucadan). Budur kitab! Budur elm! (Bir az dayanıb yavaşca). Ənvai-ülum və əsnafi-on dü qisməst: cəliyyə və xəfiyyə. Cəliyyə on ki, səmti-iştihar yaftə, əksəri-üləma bər qəvaid və qəvanini on müttəle mişəvənd və əhateyi-dəqayiqü rəqabiqi-külliyyat və cüziyyati-on minümayənd. Və xəfiyyə on ki, dər zəvayayi-ixtifa mandə hər kəsra vüquf bər həqayiqi əsrar və bədayei-asari-on müyəssər nəşəvəd. (Bir azca ucadan). Əz cümleyi-xəfiyyat: əvvəl, elmi-tilismatəst. Və lakin bunnan işimiz yoxdur. Dövvüm, elmi-təsxirat. Bunnan da işimiz yoxdur. Sevvüm, elmi-xəyalat. Bunnan da işimiz yoxdur. Cəharüm, elmi-şəbədə. Bunnan da işimiz yoxdur. Pəncüm (ayağa durub, üzünü qəbirstana çöndərib, bir qədər baxıb, çox ucadan). Ricəti-əmvat (bir az dayanıb, yavaşca), yəni ölülərin ricəti. (Bir az sakit olub oturur, yavaşca). Bina bər ümumi-fəvaid və şümuli-əvaidi-in kitab (kitabı yuxarı qalxızır) ki, lübbü lübab və məqbuli-ülül-əlbabəst. Misali bimisal, lazimül-imtisal, alicənab, niqabəti-intisab, dirayəti-nisab, vəlayəti-iktisab, cəlalül-həşəmət vəddövlə, qəvimüd-din vəl-millət, sərirarayi-gah-Xösrövi əmiri-bahadir lazalə, müəyyədən min indillah binnəfsil-qüdsiyyə, siməti-südur yaft ki, in həqiri-fəqir Nəsrullah ibni-Cəfərül-vaizül-İsfəhani bətəlifi in kitab iştiğal künəd və in risaləra ki, bə "Kəşfül-kəşşafi-hikməti-ricət" gəştə bər pənc məqsəd məbni saxt. Əvvəl, elmi-simiya; dövvüm, elmi-rimiya; sevvüm, elmi-kimiya; çəharüm, elmi-limiya; pəncüm, elmi himiya. Və lakin bunlarınan da işimiz yoxdur. (Bir az dayanıb). Ricət bəfəthra, bəməniyi-bərgəşt bədünyast bəd əz mürdən. (Bir az baxıb, çox ucadan) Oturun!

Adamların hamı birdən çöküb, diz üstə otururlar. Şeyx bir az alçaqdan.

Bəzi münkirlər deyirlər ki, ricət bəd əz mərg münafiyi-təklifəst. Zira kəsi ki, mürdə, təklif əz u mürtəfe şüd. Dübarə amədəni u be in aləm çe səmər darəd? (Ucadan). Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin mənim

bərabərimə. Mən bu kitab ilə onun cavabını verim. Kimdir deyən ki, ölülər dəxi bu dünyaya qayıtmayacaqlar?

Ş e y x Ә h m ə d (yavaşca Şeyx Nəsrullaha). Ərəbcə de, ərəbcə de.

Ş e y x N ə s r u l l a h (çox ucadan). Fəiza ərəftə haza və övzəhtü ləkə fil-qövli bir-ricətil-ləti içtəməətiş-şiətü əleyhima fi cəmiil-əqvam. Bunu inkar edən gərək elədə bunu da inkar edə ki, dəsti mübarəkəşra bər püşti gusfəndi (başlayır ağlamağa), fürud avürdə düayi-bərəkət güft və bəqüdrəti bari-təala əz on ek gusfənd həftad gusfəndi digər mütəvəllid şüdənd. Bir qoyunu bir saniyədə yetmiş qoyun eləyən öz bəndələrini öldürə də bilər, dirildə də bilər. (Çox ucadan). Kimdir bunu danan? Qoy gəlsinlər bərabərimə, bu kitab ilə onların cavabını verim.

H a c ı H ə s ə n (əli əlinin üstündə, qorxa-qorxa başını aşağı əyib). Fəda olaq sənə, allahın hökmünü danan kafirdir.

Ş e y x N ə s r u l l a h (hirslə camaata, ucadan). Durun ayağa!

Hamı birdən qalxır ayağa.

Məgər eşitməyibsiniz ki, yetmiş min nəfər bir qövm taundan həlak olmuşdular. Ərz kərd, ilahi, əgər mixasti inhara zində gərdani ta biladi-türa abad nümayənd. Ondan ötrü ki, sən göndərdiyin bəladan qaçmayıb, şəhadətə yetişiblər. Qoy indi dirilsinlər. Qoy zində olub, sənə ibadət eləsinlər. Qoy bu dünyaya ricət edib, sənin şəhərlərini abad eləsinlər. Xudavəndi-aləmdən cavab gəldi ki: (ağlaya-ağlaya) aya, dust midari ki, işanra zində nümayəm, bəcəhəti xatiri tü? Ərz

Camaat başlayır ağlamağa.

gərd: bəli! Pəs həqq-təala işanra zində gərdanid Allah-taala onların hamısını diriltdi. Çinan ki, zikr şüd, mürdəənd və zində şüdənd və rücu nümudənd bəin dünya.

C a m a a t i ç i n d ə n b i r q o c a k i ş i (ağlaya-ağlaya). Ay şeyx, belə qurban olsun sənə mənim canım. Mən pəhlivan oğlumu səndən istəyirəm ki, indi bir ay olar ölüb; mənim ciyərimi yandırıb. Qurban olum sənə, ay şeyx, mən yazığam.

Bir neçə adam istəyir belə təvəqqe eləsin.

Ş e y x Ә h m ə d (ucadan). Səbr eləyin, hələ o söhbətlərin vaxtı deyil.

Camaat başlayır yenə ağlamağa və yalvarmağa, biri deyir: "atamı dirilt", biri deyir: "anamı dirilt", biri: "bacımı", biri: "qardaşımı".

Ş e y x N ə s r u l l a h (çox ucadan). Sükut!

Hamı gözlərinin yaşını silə-silə səsini kəsir.

Şeyx Əhməd, götür kağız-qələmi, hər kəs öz qohum-əqrəbasından ölənlərinin hansının dirilməyini xahiş edir, yaz, ver mənə.

Adamlar hərəkətə gəlir, istəyirlər yavuqlaşsınlar Şeyx Əhmədin yanına, bir-birini basır. Bəzi ağlayır. Hər kəs istəyir qabağa keçə və axırda basa-bas düşür və qiylu-qal başlanır.

Ş e y x N ə s r u l l a h (çox ucadan çığırır). Ədəb!

Hamı yavaş-yavaş çəkilib durur öz yerində.

Ş e y x Ә h m ə d (kağızı və qələmi alır əlinə). Bismillahir-rəhmanir-rəhim. Hər kəs ölənlərinin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir, bir-bir növbə ilə və qayda ilə və ədəb ilə desin, mən yazım bu kağıza və yetirim şeyx həzrətlərinin xidmətinə.

Yenə adamlar hərəkətə cəlib, istəyirlər basabas salsınlar.

Ş e y x N ə s r u l l a h (çox ucadan). Əssəbr! Ya məşərəl-isl a m![2]

Camaat qorxub, sakit olur.

Ş e y x N ə s r u l l a h. (Hacı Həsənə). Hacı Həsən ağa, ölənlərinin adlarını bir-bir söylə, Şeyx Əhməd yazsın.

H a c ı H ə s ə n (ədəblə əllərini bir-birinin üstünə qoyub, qabağa gəlir və baş əyir). Atam Hacı Mehdi. Allah sizin də ölənlərinizə rəhmət eləsin.

C a m a a t (bir səslə). Allah rəhmət eləsin!

Ş e y x Ә h m ə d (yazır). Atan Hacı Mehdi.

H a c ı H ə s ə n. Anam Səkinə.

Ş e y x Ә h m ə d (yazır). Anan Sükeynə.

H a c ı H ə s ə n. Bir oğlum Cəfər (ağlayır).

Ş e y x Ә h m ə d (yazır). Bir oğlun Cəfər.

H a c ı H ə s ə n. Bir oğlum Heydər.

Ş e y x Ә h m ə d (yazır). Bir oğlun Heydər.

H a c ı H ə s ə n. Qızım Sara.

M i r B a ğ ı r a ğ a (birdən adamların içindən çığırır). Onu yazma! Onu yazma!

Hacı Həsən və adamlar təəccüblə baxırlar Mir Bağıra tərəf.

Ş e y x N ə s r u l l a h (ucadan). O kimdir deyən yazma? Ona nə dəxli var?

M i r B a ğ ı r a ğ a (yeriyib qabağa). Şeyxəna, o qız, ayıb olmasın, mənim övrətimdir!

Ş e y x N ə s r u l l a h. Xub, məgər əyalının dirilməyinə razı deyilsən?

M i r B a ğ ı r a ğ a (bir az duruxub). Cənab şeyx, sözüm orada deyil. Mənə bu acıq gəlir ki, həyə Hacı Həsən düz adamdır, niyə bəs qardaşı Hacı Rzanı yazdırmır?

Camaat diqqətlə baxır Hacı Həsənin üzünə.

H a c ı H ə s ə n (Mir Bağıra hirsli). O sənə borc deyil! Öz qardaşımdır; istərəm yazdıraram, istəmənəm yazdırmanam. Sənə nə dəxli var?

M i r B a ğ ı r a ğ a (Hacı Həsənə hirsli). Çox əcəb, indi ki, o yekəlikdə kişini yazdırmırsan, bir balaca qızı bəs niyə yazdırırsan?

Ş e y x N ə s r u l l a h (ucadan). Çox mübahisə lazım deyil! (Hacı Həsənə). Hacı Həsən ağa, nə səbəbə ölən qardaşın Hacı Rzanı yazdırmırsan?

H a c ı H ə s ə n (başını aşağı salıb, fikir eləyir). Şeyxəna! Qardaşım Hacı Rza beş ildən artıqdır ölüb; indi çürüyüb gedib; dəxi o necə dirilib gəlib adam olacaq?

Ş e y x N ə s r u l l a h (çox ucadan). Necə çürüyüb? Kimdir onu çürüdən? Ənzər-üllah-ül-izam keyfə nənşərəha. Yəni nikah kon bəsuyi istixanəha ki, çe gunə xudavəndi-aləm onhara əz zəmin bülənd mikünəd və bəcayi-xud rədd mikünəd ki, cəsədi-işan başəd və mürəkkəb mikünəd bəzira bəbəzi bəd əz on guşt miruyanəd və mipuşanəd[3]. Necə çürüyüb? Kimdir onu çürüdən?

Ş e y x Ә h m ə d. (Hacı Həsənə). Hacı Həsən ağa, sözü müxtəsər eləmək lazımdır. Şeyx həzrətlərinin övqatı çox bahadır. Qardaşın Hacı Rzanı da yazımmı kağıza ya yox? İxtiyar sizindir. Əgər dirilməyinə razı deyilsiz, o özgə mətləbdir.

H a c ı H ə s ə n (Şeyx Nəsrullaha). Şeyxəna, mümkündürmi ki, mənə izin verəsiniz, gedim bir qədər fikirləşim?

Ş e y x N ə s r u l l a h. Xub, get fikirləş.

Hacı Həsən başını aşağı salıb çıxır.

Ş e y x N ə s r u l l a h (Hacı Bəxşəliyə). Hacı ağa, növbət sizindir. Ölənlərinizin adlarını bir-bir de, Şeyx Əhməd yazsın.

H a c ı B ə x ş ə l i (əlini əlinin üstünə qoyub, yeriyir qabağa və başlayır ağlamağa). Atam-anam sənə fəda olsun. Əvvəl-axır, ayıb olmasın, bir qızım qalıb, oğul üzünə həsrət qalmışam. Bütün ömrümdə allah-taala mənə iki oğul mərhəmət eləyib: amma ikisini də mən biçarənin əlindən alıb. Birinin adı Cəlil, birinin adı Xəlil idi. Cəlil on yaşında idi, Xəlil səkkiz yaşında. İkisi də nişanlı idi. Elə Cəlilin toyunun tədarükündə idim ki, birdən ayınşayın gəzdiyi yerdə, bax, boynunun burasından, əli ilə öz boynunun dalını göstərir, bir yara çıxdı. Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi (ağlayır). Ax, binəva Cəlil! Nə qədər nəzr elədim, neçə dəfə Qaradaş ocağına apardım, çifayda. Deməyinən yazığın əcəli tamam imiş.

Ş e y x N ə s r u l l a h. Hacı Bəxşəli, mənim burada çox oturmağa vaxtım yoxdur.

Ş e y x Ә h m ə d. Hacı Bəxşəli, sözü müxtəsər elə, kimi istəyirsən, de yazım.

H a c ı B ə x ş ə l i (Şeyx Nəsrullaha). Cənab Şeyx, dəxi mənim sözüm yoxdur. Mən Cəlilimi və Xəlilimi səndən istəyirəm.

Ş e y x Ә h m ə d (yazır). Demək ki, bir oğlun Cəlil və bir oğlun Xəlil. Bunları yazdım. Dəxi bunlardan savayı?

H a c ı B ə x ş ə l i. Şeyx Əhməd ağa, dəxi bunlar kifayətdir.

Ş e y x Ә h m ə d (təəccüblü). Xub, məgər atandan, anandan və qeyri əqrəbanızdan vəfat edən yoxdur?

H a c ı B ə x ş ə l i. Bəli, atam da, anam da vəfat edib; amma biçarələr çox qocalmışdılar. O qədər qocalmışdılar, o qədər qocalmışdılar ki, özləri də təngə gəlmişdilər.

Ş e y x Ә h m ə d. Demək, Cəlildən və Xəlildən savayı özgə bir kəsiniz yoxdur ki, yazım?

H a c ı B ə x ş ə l i (üzünü qəbiristana tərəf tutub). Ax, yzıq balalarım. Biçarə tifillərin qəbri elə buradan görsənir. İkisini də bir-birinin yanında dəfn eləmişəm. Çünki o yazıq Xəlil, doğrusu, çox nadinc idi, amma bir-birini çox istərdilər. Odur ki….

Şe y x N ə s r u l l a h (Hacı Bəxşəlinin sözünü kəsib hirslə). Hacı Bəxşəli, əgər dəxi öləniniz yoxdur, çəkil kənara!

H a c ı B ə x ş ə l i. Xeyr, şeyxəna, dəxi yoxdur.

C a m a a t i ç i n d ə n b i r i s i (ucadan). Necə yoxdur? Pəs övrətin Hürnisəni nnyə yazdırmırsan?

Camaat təəccüblə baxır səs gələp tərəfə.

Ş e y x N ə s r u l l a h. Kimdi o danışan? Gəlsin qabağa.

K ə r b ə l a y ı V ə l i (qabağa yeriyib). Şeyx, mənəm danışan. Bu hacıdan (Hacı Bəxşəlini göstərir) bir soruş görək, üç il bundan qabaq ölən arvadını niyə yazdırmır? Adı da Hürnisədi; özü də mənim doğma bacımdı.

H a c ı B ə x ş ə l i (Kərbəlayı Vəliyə). İtil cəhənnəmə, axmağın biri! Öz əyalımdı; kefim istər yazdıraram, istəməz yazdırmaram; sənə nə borcdu?

Ş e y x N ə s r u l l a h (ucadan). Sükut! Mübahisə lazım deyil! Hacı Bəxşəli, qəti cavab lazımdır. Mənim vaxtım azdır; istəyirsiniz ki, övrətiniz dirilsin, yazdırın; istəmirsiniz, çəkilin kənara.

H a c ı B ə x ş ə l i (bir az fikir eləyib). Şeyxəna, təvəqqe edirəm bir az izin verəsiz, gedəm fikirləşəm.

Ş e y x N ə s r u l l a h. Çox əcəb, get fikirləş. Şeyx Əhməd, gör dəxi kimdir xahiş edən, yaz qutar.

Hacı Bəxşəli çıxır, adamlar başlayır yavaş-yavaş azalmağa.

K ə r b ə l a y ı V ə l i (qabağa gəlib). Cənab şeyx, belə o qədəmlərinə qurban olum. Mənim bacım Hürnisəni siyahıya yazdır, qoy yazıq arvad dirilsin və öz dili ilə cənabınıza ərz eləsin, görün bu Hacı Bəxşəli onun başına nə toy tutub. Onda cənabınız görərsiniz ki, nə səbəbə Hacı Bəxşəli övrətinin dirilməyinə razı deyil.

H a c ı B ə x ş ə l i (adamların içindən dübarə qabağa gəlib, hirsli və ucadan). Ədə, hələ utanmırsan da danışırsan? Çox əcəb, Hürnisəni yazdır. Amma bu şərtlə ki, sən də ölənlərinin hamısını yazdır.

K ə r b ə l a y ı V ə l i (hirsli). Cox əcəb, yazdırram.

Ş e y x Ә h m ə d. Uzun danışıq lazım deyil. Kərbəlayı Vəli, əgər deyəcəksən, ölənlərüvün adını de, çəkil kənara.

K ə r b ə l a y ı V ə l i. Atam Məşədi Mustafa.

Ş e y x Ә h m ə d (yazır). Atan Məşədi Mustafa.

H a c ı B ə x ş ə l i. Çox əcəb.

K ə r b ə l a y ı V ə l i. Bir oğlum Zeynal (istəyir ağlasın).

Ş e y x Ә h m ə d (yazır). Bir oğlun Zeynal.

H a c ı B ə x ş ə l i. Çox əcəb.

K ə r b ə l a y ı V ə l i. Qızım Püstə.

Ş e y x Ә h m ə d. Qızın Püstə.

H a c ı B ə x ş ə l i. Çox əcəb.

K ə r b ə l a y ı V ə l i (bir az fikirləşib). Vəssəlam.

H a c ı B ə x ş ə l i (hirsli qabağa yeriyib, Kərbəlayı Vəliyə). Necə vəssəlam? Bəs ananı niyə yazdırmırsan? Bəs anan ölmüyüb? Keçən il ağbirçək arvadı döyə-döyə öldürdün! Hə, niyə dinmirsən? Yoxsa qorxursan dirilə, gedə hökumətə şikayət edə, səni tutub qatalar dustaqxanaya? Hə … niyə yazdırmırsan? Niyə gözlərini bərəldirsən?

Ş e y x N ə s r u l l a h (ucadan). Qiylü-qal lazım deyil. Kərbəlayı Vəli, istəyirsən, ananı da Şeyx Əhməd yazsın; istəmirsən, çəkil kənara.

K ə r b ə l a y ı V ə l i. (başını salıb aşağı). Cənab şeyx, qoy gedim fikirləşim.

Ş e y x N ə s r u l l a h. Xub, sən də get, fikirləş.

Kərbəlayı Vəli və Hacı Bəxşəli bir-birinə acıqlı baxa-baxa çıxırlar. Camaat başlayır azalmağa. Uzaqdan kefli İskəndərin səsi gəlir: "Xub, sən də get, fikirləş! Xub, sən də get, fikirləş!… Bu sözləri deyə-deyə və cibindən çörək parçalarını çıxarıb yeyə-yeyə İskəndər qalan tək-tük adamların qolundan yapışıb, gülə-gülə baxır üzlərinə. Onlar da bir söz deməyib, başları aşağı, çıxıb gedirlər. Şeyx Nəsrullah daşın üstündən yenir aşağı və Şeyx Əhməd qələmdan-kağızı yığışdırır. Sonra İskəndər yenə öz-özünə bir-iki dəfə: "Xub, sən də get, fikirləş!--deyib, şeyxi görən kimi durur və qah-qah çəkib, uğunub elə gülür ki, az qalır yıxılsın. Sonra sakit olub, bir qədər şeyxin üzünə baxandan sonra deyir:

İ s k ə n d ə r. Hamı getdi fikirləşsin. Bu meydanda qaldı bircə nəfər kefli İskəndər. Bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İskəndər kimi bir igid gəlib şəstinən dursun bu meydanda və desin: (ucadan). Cənab şeyx, hər nə qədər ki, bu qəbiristanlıqda (əli ilə göstərir) ölü basdırılıb, hamısını dirilt. Xa … xa … xa!… (Çönüb baxır camaat dağılan tərəfə). Xa … xa … xa!… Hamı getdi fikirləşsin: (Şeyx Nəsrullaha tərəf çönüb, gəlir onun qabağına və istəyir əl versin). Cənab şeyx, mən ölüm əl ver! Lotusan həyə, əl ver!

Ş e y x N ə s r u l l a h (ucadan). Kənar ol! Mən sənə əl vermərəm. Sən şərab istemal eləyirsən.

İ s k ə n d ə r. Cənab şeyx, siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar; ağlım başımda olanda birdən gözümü açıb, görərəm ki, aha bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü

dirildən və mömin hacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır. Xa … xa … xa!… Mən ölüm əl ver! Lotusan, əl ver! Xa … xa … xa!…

Ş e y x N ə s r u l l a h (çox hirsli). Cəhənnəm ol! Vallahı elə bəd dua elərəm ki, yer ilə yeksan olarsan! Mən allahın əmri ilə hər gecə intəhasız səvaba nail oluram; dəxi sənin tək meyxanalarda övqatımı zaye eləmirəm (Şeyx Əhmədə). Şeyx Əhməd, gəl gedək, hələ bu babi çox söz danışacaq.

Şeyxlər uzaqlaşır. İskəndər dinməyib, baxır onların dalınca və şeyxlər gözdən itəndən sonra iki yumruğunu yuxarı qalxızıb, ucadan deyir.

İ s k ə n d ə r. Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağılaydınız … (və özü də paqq eləyib atılır göyə). Tfu, şarlatanlar! … (kefli kimi ufuldayır. Sonra diqqətlə öz-özünə baxıb, gülə-gülə). Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa … xa … xa!… (papirosu yandırıb, yavaş-yavaş gəlib durur Şeyx Nəsrullah oturduğu daşın üstündə, ayaq üstə durub, baxır qəbiristanlığa. Bir qədər fikirli baxandan sonra heyifsilənib, əllərini dizlərinə vurub deyir:)

Ax, allahın altında, Şeyx Nəsrullah kimi mənim də bir elə elmim olaydı ki, burada yatan ölülərnən danışa biləydim! Ax! Əgər olsa idi, üzümü tutardım bu qəbiristanlığa və çağırardım: (çox ucadan). Ölülər! (bir az alçaqdan). O vədə hamı yatmışlar başlarını qəbirdən çıxardıb, soruşacaq idilər ki, "nə deyirsən, a İskəndər bəy?" Onda mən bu rəhmətliklərə bir belə vəsiyyət elərdim; mən bunlara deyərdim: (üzünü qəbiristanlığa tutub çığırır). Ölülər! (yenə bir az alçaqdan). Bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə və bir dua oxuyub, uca səslə çağıracaq: (ucadan). "Durun ayağa, ey allahın mömin bəndələri!" (Bir az dayanıb, bir az alçaqdan.) Ölülər! Mən sizə vəsiyyət eləyirəm ki, şeyxin sözünə əməl eləməyəsiz. Gəlin bu kefli İskəndərin sözünü bir yaxşıca düşünün və nəsihətini qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə?--Mən sizə cavab verməyə hazıram. (Bir az dayanıb, cibindən bir tikə çörək çıxardıb yeyir). Ay rəhmətliklər! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xəbəriniz yoxdur. Amma, vallah, billah, and olsun sizin əziz canınıza elə ki, başınızı qəbirdən çıxardıb durdunuz ayağa, lap peşiman olacaqsınız. Əgər məndən soruşsanız ki, niyə?--Mən sizə bu saat ərz elərəm. Belə tutaq ki, siz, məsələn, dirildiniz. Çox əcəb. Axı diriləndən sonra bu qəbiristanda ki, qalmayacaqsınız; istəyəcəksiniz ki, söz yox, dağılasınız evlərinizə. Çox əcəb, dağıldınız. İndi bir deyin görüm, sizi hələ evə qoyacaqlarmı? Vallah, billah, Şeyx Nəsrullahın başına and olsun, gedib görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. Bəli, nə eybi var, yerdən bir daş götürüb, qapını döyəcəksiniz ki, gəlib açsınlar. Onda qapının dalına bir adam gəlib soruşacaq: (nazik səslə) Ey, qapını döyən, sən kimsən? Bəli, siz cavab verəcəksiniz ki, tez ol, aç qapını, mənəm. (Nazik səslə). Axı sən kimsən? Adın nədi? Aç qapını! Mən bu evin sahibiyəm. (Nazik səslə). Cəhənnəm ol, qoy get! Biz səni tanımırıq--A kişi, necə tanımırsınız? Mən Kərbəlayı Hüseynquluyam, bu ev mənimdi. Mənim burada arvadım var, uşağım var. (Nazik səslə). Çox danışma! İtil cəhənnəmə! Sənin burada heç zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını da alıb, evinə də sahiblənib, uşaqlarını da göndərib naxıra.--A kişi, allah xatirəsi üçün, aç qapını, mənim burada ərim var (yoğun səslə). Çox danışma! Çıx qoy get! Bizə arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sənin kimi kaftarın yeri qəbirdi. İtil cəhənnəmə! Haradan gəlmisən, çıx qoy get ora! Bizə lazım deyilsən. Xa … xa … xa!… Xa … xa … xa … (birdən sakit olub baxır qəbiristanlığa və ucadan çağırır). Ölülər! (bir az yavaş). Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki, yatıbsınız yatın! Allah sizə rəhmət eləsin….

P ə r d ə

Qeydlər

redaktə
  1. Qüdrət xəzinələrində elmdən daha əziz və daha qiymətli bir cəvahir yoxdur. Qəlbin və ruhun yaşayışı elmə bağlıdır. Elm suya və palçığa təzəlik verər. Elm can çəməninin nəsimidir. Elm behişt bağının ətridir. Elm sərçeşməsinə çatan adam həmişəlik abi-həyat daddı.
  2. Ey müsəlmanlar! Səbr edin.
  3. Bax gör sümükləri necə dirildirik. Yəni sümüklərə sarı bax gör xudavəndi-aləm onları yerdən necə qaldırır və öz yerlərinə qaytarır ki, onların bəzisini o birilə birləşdirir, ondan sonra da ət əmələ gətirib, onların üzərini örtür.