Ölülər/Birinci məclis
Ölülər. Birinci məclis Müəllif: Cəlil Məmmədquluzadə |
İkinci məclis→ |
Hacı Həsənin evi. İskəndərin otağı, küncdə dəmir kravat, qabağında köhnə miz, üstündə bir-iki kitab; mizin yanında iki köhnə stul.
C ә l a l və M ü ә l l i m diz üstə qabaq-qabağa oturub dərs oxuyurlar.
C ә l a l (qabağında kitab, duruxa-duruxa oxuyur). Mara çe töhfə adərdi.
M ü ә l l i m (ucadan). Avərdi!
C ә l a l. Avərdi. Küft. Bəxatir. Bəxatir daştəm ki, çün bədər xət….
M ü ә l l i m (ucadan). Bədirəxt!
C ә l a l. Bədirəxt gül rəsmi daməni, daməni pər künəm….
M ü ә l l i m (ucadan). Pür künəm.
C ә l a l. Pür künəm hədiyeyi əshabra, əshabra çün rəsidəm buy güləm çəndan məst gərd ki, damənəm, damənəm öz dəst bərfət.
M ü ә l l i m (ucadan). Berəft!
C ә l a l. Əz dəst berəft, ey mürği səhər, eşqi zipərvanə, zipərvanə….
B i r k i ş i (məşədi paltarında tələsik girir içəri və tövşüyə-tövşüyə ucadan). Hacı Həsən əmi evdə?…
C ә l a l (kişiyә). Ağam gedib bazara.
Kişi çıxıb gedir. Müəllim təәccüb ilə baxır onun dalınca.
C ә l a l (yenə oxuyur). Zipərvanə beyamu, beyamuz … ganə … suxtəra….
M ü ә l l i m (ucadan). Düz oxu, kon suxtəra … şeri qələt oxumazlar.
C ә l a l. Kon suxtəra can şüd, can şüd avaz nəyaməd….
İskəndərin səsi gəlir: "Mars, Mars! Mars!" deyib iti çağıra, çağıra girir içəri.
C ә l a l (oxuyur). Kon suxtəra, kon suxtəra … (İskəndərə) Dadaş, çıx get, qoy dərsimi oxuyum.
İskəndər itin qulaqlarından yapışıb, istəyir çəkə içəri. İt dartınıb gəlmir.
C ә l a l (İskəndərə). Sən allah, dadaş, iti çağırma içəri; qoy dərsimi oxuyum.
İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını kravatın üstünə çırpıb, başlayır papiros eşməyə.
M ü ә l l i m (İskəndərə). Xudahafiz. İskəndər bəy. Yaxşı oldu təşrif gətirdiniz. Təvəqqe eləyirəm mirzə Cəlala nəsihət eləyəsiniz ki, dərslərinə can yandırsın.
İ s k ә n d ә r (oturur kravatın üstündə). Baş üstə, baş üstə, nəsihət elərəm. Amma bunu de ki, mənim sözümə qulaq asan kimdi? Odu, allahın iti də mənim sözümə baxmır; nə qədər elədim, içəri girmədi. Xa … xa … xa … (qah-qah çəkib gülür).
M ü ә l l i m. Yox, elə buyurma. Mirzə Cəlal ağıllı oğlandı; mirzə Cəlal sənin sözünə baxar; ondan ötrü ki, bu qədər zəhməti ki, mən onun yolunda çəkirəm, atası çəkir, gərək bu da elə rəftar eləyə ki, bu zəhmətlər səmərəsiz qalmayalar. Məgər mirzə Cəlal görmür ki, elmsiz insan bir qəpiyə dəyməz? İnsanın ki, elmi olmadı, onun nə qədr-qiyməti ola bilər və nə hörməti ola bilər.
İ s k ә n d ә r (ucadan qah-qah çəkib gülür). Məgər mirzə Cəlal görmür ki, elmli insan bir qəpiyə dəyməz? Xa … xa … xa … hər kəsin ki, elmi var, onun hörməti yoxdu; hər kəsin ki, hörməti var, onun da elmi yoxdu. Xa … xa … xa…. İnsan ona deyərlər ki, nə elmi ola, nə hörməti ola. Xa … xa … xa….
M ü ә l l i m (Cəlala). Yox-yox, İskəndər bəy zərafət eləyir; əlbəttə, zərafət eləyir.
C ә l a l (müəllimə). Mirzə, vallah dadaşım genə keflidi.
İ s k ә n d ә r (tez durub gəlir Cəlalın yanına). Mən? Mən? Mən kefliyəm?
Ağzını Cəlalın ağzına tutub, "hu, hu, hu" eləyir. Hanı? Mən kefliyəm?
C ә l a l. (başını kənara çəkib üzünü turşudur). Vallah, dadaş, genə çaxır içmisən.
İ s k ә n d ә r (gülə-gülə ucadan). Yalan deyirsən, vallah yalan deyirsən! Çaxır içməmişəm araq içmişəm! Gördün yalan deyirsən! Xa … xa … xa!…
M ü ә l l i m (ayağa durub, Cəlala). Çünki bu gün dərsini yaxşı bilmirsən, dəxi mən də sənə təzə dərs vermirəm. Haman dərsi sabah soruşacağam.
B i r k i ş i (məşədi paltarında qapıdan tələsik girib, tövşüyə-tövşüyə ucadan). Hacı əmi evdə?
C ә l a l (kişiyә). Evdə deyil.
Kişi gedir. Həyətdə it hürür kişinin üstünə.
İ s k ә n d ә r (qapıya tərəf gedib). Küş, küş, küş! Xa … xa … xa! Küş, küş, küş! Xa … xa … xa! Mars, Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).
C ә l a l (İskəndərə). Vallah, dadaş, ağam gələndə deyəcәyəm ki, dadaşım iti küşkürürdü adamların üstünə.
İ s k ә n d ә r (bir qədər Cəlala baxandan sonra). Mən də deyəcәyəm ki, Cəlal dərsini bilmirdi. Xa … xa … xa! (Gülüb qurtarandan sonra bir az baxıb, gəlir Cəlalın yanına). Yox, yox, demənəm, demənəm. Sən bilirsən ki, mən səni çox istəyirəm (üzünü əlləyir). Amma dadaşının sözünə baxmamaqda bir az yaxşı eləmirsən. İndi məsələn, bu kitabı qoyubsan qabağına, oxuyursan (Kitabı götürür əlinə). İndi yəqin ki, ağan bu kitaba üç abbası, bəlkə hələ dörd abbası, ya bir manat verib, alıb, sən axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetə versəydin, sənə iki şüşə Smirnov arağı verərdi. Sən də gətirib verərdin İskəndər dadaşına. Mən qoyardım cibimə. Birini səhərdən içərdim axşama kimi sənin sağlığına, birini də axşamdan içərdim səhərə kimi mirzənin sağlığına. Siz sağ olardınız, mən də kef elərdim (müəllimə tərəf). Mən ölüm, mirzə, doğru demirəmmi? Xa … xa … xa!…
M ü ә l l i m. Bağışlayın, İskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz bir az bicadır. Siz qardaşınıza deməkdən ki, səy elə, elm dalınca get, başlayırsız ona lazım olmayan nəsihətləri eləməyə.
Cəlal istəyir kitabı onun əlindən ala, o da vermir.
İ s k ә n d ә r. Xa … xa … xa!… (Cəlala). Elm dalınca get. Xa … xa … xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nə deyirəm.
B i r m ә ş ә d i (tövşüyə-tövşüyə içəri girib, ucadan). Hacı Həsən əmi evdə?
İ s k ә n d ә r. Evdədi, evdədi.
C ә l a l (məşədiyә). Dadaşım yalan deyir, ağam gedib bazara.
M ü ә l l i m (məşədiyә). Nə var, nə xəbərdi?
Məşədi dinməyib gedir.
İ s k ә n d ә r (əlində kitab, qaçır məşədinin dalınca). A kişi, getmə, hacı evdədi, getmə. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi. Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (Ayaqlarını yerə döyür).
M ü ә l l i m (istəyir çıxıb gedə). Hələ ki, xudahafiz (Çıxıb gedir).
İ s k ә n d ә r (gülə-gülə müəllimin dalınca). Mirzə, getmə! Mən ölüm getmə, gəl Cəlala elm öyrət. Oxusun alim olsun.
C ә l a l (İskəndərə yavıq gəlib). Dadaş, ver kitabımı.
İ s k ә n d ә r (çox ucadan və hirsli). Cəhənnəm ol!
Cəlal qorxub qaçır eşiyə.
(İskəndər bir az onun dalınca baxandan sonra, gedib oturur kravatın üstündə və bir cibindən araq şüşəsini və o biri cibindən bir balaca stəkan çıxarıb, başlayır töküb içməyə, sonra kitabı açıb baxır).
İ s k ә n d ә r (kitaba). Tanıyıram səni. Mən də səni bir az oxumuşam. On beş il bundan irəli həmin otaqda mən də səni oxumuşam (oxuyur). "Məlikra on nəsihət sudmənd aməd və əz səri-xuni-u dər güzəşt"[1]. Mənim də müəllimim mənə nəsihət elərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, elm oxu, alim ol. Amma məni bir başa salan yoxdur ki, axır, bu elm, elm nə deməkdir? Elm ona deyərlər ki, indi birisi bu şüşəni çəkə başına, hamısını içə, (içir). Pah! Puf! (üzünü turşudur). Bax, elm--buna deyərlər.
C ә l a l (başını qapıdan uzadır içəri). Dadaş, vallah, ağam gələndə deyəcәyəm.
İ s k ә n d ә r (stəkaşı və şüşəni qoyur cibinə) Cəlal, Cəlal, bura gəl, gör sənə nə deyirəm.
C ә l a l. Gəlmirəm, sən keflisən.
İ s k ә k d ә r. Cəlal, bilirsən Sokrat nə deyirmiş?
C ә l a l. Sokrat kimdi?
İ s k ә n d ər. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyərmiş ki, "mən dərs oxumamış elə xəyal elərdim ki, dünyada bir zad bilirəm; amma elm oxuyandan sonra yəqin elədim ki, heç zad bilmirəm". Xa … xa … xa! Yəni araq içməyi də bilmirəm! Cəlal, ay Cəlal! İndi sən məndən qaçırsan, deyirsən ki, mən kefliyəm; amma and olsun Qara ağac pirinə ki, sən də mənim kimi dərs oxuyub qurtarandan sonra, başlayacaqsan İskəndər dadaşın kimi küplərin dibində yatmağa. Xa … xa … xa!…
N a z l ı (qapıda görsənir). Dadaş, sən allah az iç bu zəhrimarı!
İ s k ә n d ә r. Baş üstə, bax, mənim bu gözlərim üstə (əlini qoyur gözünə).
N a z l ı. Vallah, yalan deyirsən.
İ s k ә n d ә r. Vallah, yalan demirəm. Nə qədər ki, sən burada durubsan, bir tikə də içmərəm, amma doğrudan doğrusu elə ki, buradan gedibsən, içəcәyəm.
N a z l ı (gəlib yapışır İskəndərin əlindən). Mən də sənin yanından getmənəm.
İ s k ә n d ә r (Nazlını qucaqlayır). Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb; sən ki, o günü görməyәcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər? Sənin burnu fırtıqlı balaca qardaşların (Cəlal və Nazlı gülür) gedirlər arxların kənarında yonca yığıb yeyirlər, amma sən evdə oturub, saqqız çeynəyirsən. Evdə bitli bacılarınnan əl-ələ verib, atılıb-düşürsən və deyirsən: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun ətək haquşka! Xa … xa … xa!… (Cəlal və Nazlı gülürlər). Mənim istəkln Nazlı bacım! Gəl yapışım əlindən, baş alıb bu vilayətdən çıxıb, qoyub gedək. Dəm qənimətəst. Dəxi niyə durubsan?
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Qaşında, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq![2]
Hacı Həsən çox havalı və ləhləyə-ləhləyə girir içəri. Nazlı və Cəlal gedirlər.
İ s k ә n d ә r. Ata, nə xəbər?
H a c ı H ә s ә n (bir az fikir eləyəndən sonra başını qalxızıb). Deyirlər Kərbəlayı Fətullah dirilib.
İ s k ә n d ә r (təәccüblə başını atasına tərəf əyib). Necә?
H a c ı H ә s ә n. Deyirlər Kərbəlayı Fətullah dirilib.
İ s k ә n d ә r (təәccüblə). Necə Kərbəlayı Fətullah?
H a c ı H ә s ә n. Hacı Rüstəm əmivin oğlu Kərbəlayı Fətullah.
İ s k ә n d ә r. O ki, Xorasanda ölmüşdü?
H a c ı H ә s ә n. Hə, hə … haman Kərbəlayı Fətullah.
İ s k ә n d ә r. Yəni lap dirilib, qəbirdən çıxıb eşiyә?
H a c ı H ә s ә n (hövsələsiz). Hə, hə, dirilib.
İskəndər düzəlib, üzünü çöndərir kənara və istəyir gülməyini saxlasın, amma tab gətirə bilməyib, birdən qah-qah çəkib gülür və qaçır eşiyə.
H a c ı H ә s ә n (təәccüblə onun dalınca baxa, baxa). Allah sənə lənət eləsin! Budu, bu da bizim oxumuşlarımız! Yəqin ki, genə keflidir. Yəni heç kefli də olmasa, belə şeylərə inanmaz. Heç bir şeyə inanan deyil; nə allahı tanıyır, nə peyğəmbəri tanıyır. Öz ağırlığı qədərincə oxumağına pul qoymuşam, on il gedib, nə bilim, hansı cəhənnəmin dərəsində dərs oxuyub; indi gör axırı nə günə qalıb? Hələ bir para namərdlər müsəlmanlara məzəmmət eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu da sənə dərs! İndi qoy gəlib, dərs oxuyanları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər bir də mən uşaq göndərəm gedə uzaq yerdə kafirlər içində dərs oxumağa! Yəni mən başı küllü bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağa öz bildiyini eləsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gəlsin, allaha şükür, məqdurun[3] var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun; incinar olsun, həkim olsun, silitçi[4] olsun, nə bilim nə zəhirmar olsun. Bəli, göndərdik. Maşallah, oxudu gəldi; indi gör nə olub; səhər kefli, axşam kefli. Divanxanalarda heç mirzəliyə də götürmürlər. Allah baisin evini yıxsın.
H a c ı B ә x ş ә l i (tövşüyə-tövşüyə girir içəri). Hacı, Kərbəlayı Fətullah dirilib?
H a c ı H ә s ә n (durur ayağa). Bəli, bəli, dirilib; hətta öz əliynən kağız da yazıb. Mәəttəl qalmışam.
H a c ı B ә x ş ә l i. Allahın qüdrətindən heç bir şey uzaq deyil və bir də, ay hacı, ölü öz başına dirilməz ki? Əlbəttə, onu bir dirildən var.
H a c ı H ә s ә n. Yəni, ay hacı, bu bir qəribə iş deyil ki! Odu, keçən il Kabla Xəlilin arvadı, xəbər çıxdı ki, ölüb. Amma səhər dedilər ki, dirilib. İndi odura gəzir.
İ s k ә n d ә r (qapıdan başını içəri uzadıb). Əlbəttə, axşam elə biliblər ki, arvad ölüb, amma demə sən diri imiş! Xa … xa … xa!…
H a c ı H ә s ә n (çox ucadan və hirsli İskəndərə tərəf) Cəhənnəm ol!
H a c ı K ә r i m (tövşüyə-tövşüyə girir içəri). Hacı, deyirlər Kərbəlayı Fətullah dirilib?
H a c ı H ә s ә n. Bəli, belədir, doğrudur. Hacı, əyləş. Hacı, əyləş.
Otururlar.
H a c ı K a z ı m (tövşüyə-tövşüyə girir içəri). Hacı, Həsən ağa, deyirlər Hacı Rüstəm dadaşın oğlu dirilib?
H a c ı H ә s ә n (durur ayağa). Bəli, hacı ağa, belədir, doğrudu.
M ә ş ә d i O r u c və onun dalınca bir dəstə adam tövşüyə-tövşüyə girirlər içəri.
M ә ş ә d i O r u c (bir əlində kağız, hər iki əlini göyə qalxızıb, allahı çağırır). Bari pərvərdigara, sənin qüdrətini tərif eləməyə dilim laldır. Min şükürlər olsun kərəminə, ilahi!
Adamların bir parası qabağa yeriyib, kağıza baxırlar və deyirlər.
"Budurmu Kərbəlayı Fətullahın kağızı? Oxu görək nə yazıb?"
H a c ı H ә s ә n (Məşədi Oruca). Məşədi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatın hamısı eşidə; çünki çox qəribə işdir; insan məəttəl qalır.
M ә ş ә d i O r u c (yenə hər iki əlini yuxarı qalxızıb, başlayır ağlamağa və gözünün yaşını arxalığının ətəyi ilə siləndən sanra başlayır kağızı oxumağa).
"Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Bu kağız sənə çatan kimi, əvvəl qabaqca Hacı Həsən əmimə müjdə ver.
Hacı Həsən ağlayır.
Ondan sonra, həyə anam sağdır, get anamı bas bağrına və deginən: "Ay ana, yazıq ana, dəxi qüssə eləmə, oğlun Kərbəlayı Fətulah dirilib. Sonra mənim oğlum Məhəmmədhəsəni al qucağına və deginən: "Ey yazıq bala, ürəyini sıxma, sən dəxi yetim deyilsən, atan dirilib və bir neçə gündən sonra sənə Xorasandan qırmızı başmaq gətirəcәk". Və ayıb olmasın Məhəmmədhəsənin anası,--əlbəttə indi gedib ərə və işdi, əgər getməmiş olsa,--gəlin bacımı göndər, ona xəbər versin (ağlayır). Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Ola bilər ki, mənim dirilmək xəbərim sənə və bir para qəlbi-qara adamlara təәccüblü görsənə. Min lənət olsun o kəslərə ki, xudavəndi-aləmin hikmətinə şəkk gətirələr!
A d a m l a r h a m ı b i r d ә n: Lənət!
M ә ş ә d i O r u c (oxuyur). Qardaşım! Məşədi Oruc! Mən və məndən savayı yüz on dörd nəfər qəbirdən ricət edib, dübarə bu dünyaya gələnlər, gərək bir həftə tamam ziyarətə məşğul olaq və inşallah bir həftədən sonra gələrəm vətənə. Ancaq indi müxtəsər surətdə bunu deyə bilərəm ki, Məşhədi-müqəddəsdə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır. Əyyədullah təala billütf![5] Şeyx cənabları neçə illər ilə İsfahanda ülumi-xəfiyyatı təhsil edəndən sonra, təşrif gətiriblər Xorasana və burada neçə ay riyazəti-tam və mücahideyi-lakəlamdan sonra, həmin elmin xəfayasının istinbatına və istixracına müttəle olub, axırda bu niyyətə düşüb ki, sübhanə və təalanın mərhəmətilə təsxiri-ərvahə iqdam eləsin.
Ey mənim mehriban qardaşım Məşədn Oruc! Macəranın təfsilini, inşallah, gələndə özüm dil-cavabı nağıl elərəm və sən eşidib mat və heyran qalarsan. Ancaq bunu bil və eşit ki, cəmadiyəl-axirin on səkkizinci günü, qəmər süfla aləminə yavuqlaşan saatda, şeyx cənabları Məşhədi-müqəddəsdə qürəba qəbristanına əhli-qübur ziyarətinə gəlib, təsxirül-əmvat şəraitini əmələ gətirəndən sonra, əvvəl başlayıb bir dua oxumağa və sonra uca səslə deyib: Əzzəmtü əleyküm ya əhləl-qübur! Durun ayağa ey allahın mömin bəndələri! Bu səsi eşitcək cəmi ölülər allahın qüdrətilə bir hərəkətə gəldilər.
Adamlar başlayır ağlamağa.
Dəxi nə deyim, ay qardaş? Gördüm başımın üstündə bir şəxs durub, uca qamətli, qırx yaşında, abidi-saleh və rəhmdil, siyəhçeşm və rəngi-ruyi-mübarəkəş bəsəbzə mail və ismi-mübarəkəş Şeyx Nəsrullah İsfəhani.[6]
H a c ı l a r ı n b i r i d e y i r: Xudaya, şükür sənin cəlalına!
B i r i d e y i r: Bari pərvərdigara, rəhmin gəlsin yazıq bəndələrinə!
Hamı yenə ağlayır.
M ә ş ә d i O r u c (oxuyur). Ey mənim mömin qardaşım Məşədi Oruc! Bu kağızı sənə yazmaqda məqsədim səni xəbərdar eləməkdir ki, fazili-bimisl və abidi-müqəddəs Şeyx Nəsrullah rəcəb ayının qürrəsində Məşhədi-müqəddəsdən çıxacaq, Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfül-əşrəf şəhərinə azim olacaq. Şeyx cənablarının qəsdi bizim şəhərimizdə bir gün qalıb və əhli-qübur ziyarətinə müşərrəf olub, sonra yola düşüb getməkdir.
Adamlar ağlayır.
Bu kağız sənə yetişən kimi bu xəbəri vətən qardaşlarıma və xüsusən möhtərəm Hacı əmimə yetirəsən ki, ayın yeddisində ya səkkizində şeyx cənablarının pişvazına çıxıb, o pak vücuda layiqincə ehtiram göstərsinlər ki, bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. Vəssəlam. Kağıza qol qoyub əhli-vilayəti-filan Məşədi Fətullah Hacı Rüstəm oğlu, fi-tarix 19 cəmadiyəl-axir, şəhri Məşhədi-müqəddəs. (Hər iki əlini göyə qalxızıb ağlayır. Adamlar da habelə ağlayırlar). Xudaya, şükür!
H a c ı B ә x ş ә l i (təәccüblü). Elədə şeyx cənabları bizim şəhərə də təşrif gətirəcәk?
H a c ı H ә s ә n. Bəli, bəli. Kağızdan belə məlum olur ki, belə yazılıb. Adamlardan bir neçəsi gələcək; bizim şəhərə gələcək.
M ә ş ә d i O r u c. Bəli, bəli, bizim şəhərə gələcək; yəni gəlib buradan Təbrizə gedəcәk.
H a c ı K a z ı m. Nə vaxt təşrif gətirəcәk? A kişi, nə deyirsən?
M ә ş ә d i O r u c. Bəli, bəli, belə yazılıb; rəcəb ayının yeddisində ya səkkizində təşrif gətirəcәk.
H a c ı K ә r i m. A kişi, nə danışırsan? Yəni neçə gündən sonra bizim şəhərə təşrif gətirəcәk?
M ә ş ә d i O r u c. Yəni iki-üç gündən sonra.
A d a m l a r ı n b i r n e ç ә s i. Yəni iki-üç gündən sonra şeyx cənabları bizim şəhərə təşrif gətirəcәk?
M ә ş ә d i O r u c. Bəli, bəli, belədir.
Adamlar hərəkətə gəlir, bir-birinə deyir: "Dəxi niyə durmuşuq?" Bir az hamı baxır bir-birinin üzünə.
H a c ı H ә s ә n (üzünü hacılara tutub) Vallah, dünyanın işlərinə məəttəl qalmışam (bir az fikirdən sonra). Yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola.
H a c ı B ә x ş ә l i. Hacı Həsən ağa, sən elə sözləri gərək buyurmuyasan. Allahın hikmətinə əl aparmaq olmaz və bir də bu işlər gizlin bir iş ki, deyil: odur ki, kişi öz əli ilə kağız yazıb. Xeyr, Hacı ağa, sən o sözləri buyurma.
B i r n e ç ә a d a m. Əlbəttə, əlbəttə, bunların hamısı hikmətdir. Bu sirlər hamısı allah-talalanın yanındadır.
H a c ı H ә s ә n. Elədə dəxi niyə durmuşuq? Elədə indi şeyx cənabları yoldadır. Dəxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kərim, Hacı Bəxşəli, Məşədi Oruc, dəxi kim var, hamınıza deyirəm: durmayın, tədarük görün (ucadan). A gədə, Heydərəli, haradadır bizim gədələr?
Nökər Ә l i qapıda adamların dalında görsənir.
A gədə, ata arpa verin, yəhər-əsbabı sazlayın. Siz də, hacılar, məşədilər, hazırlaşın; durmaq vaxtı deyil. Gərək yol tədarükü görək. Gərək qabağa gedək.
Hacılar, adamlar hərəkətə gəlirlər. Adamların bir neçəsi çıxır və bir-birinə deyir: "Gedək atları hazırlayaq".
H a c ı H ә s ә n. A gədə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək.
Adamların içindən nökər Heydər çıxıb gedir.
H a c ı K a z ı m (Hacı Həsənə). Hacı, qoy sizə zəhmət olmasın, şeyx cənablarının zəhmətini mən çəkim, qoy bizim qonağımız olsun; qorxuram sizə zəhmət ola.
H a c ı H ә s ә n. Yox-yox, Hacı Kazım, sən allah elə demə. Elə vücudun yolunda belə zəhmətlər xoşdur.
H a c ı B ә x ş ә l i. Xeyr, Hacı Həsən ağa, qoy şeyx bizə qonaq olsun.
H a c ı K ә r i m. Vallahı, razı olmanam, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. Vallah, olmaz.
H a c ı H ә s ә n (Hacı Kərimə). Sənin başın üçün razı olmanam; çünki şeyx cənablarının boynumuzda haqqı çoxdur.
H a c ı K a z ı m. Elədə, Hacı Həsən ağa, dəxi dayanmaq vaxtı deyil. Gedək hazır olaq. Hacılar, buyurun gedək, yol tədarükü görək.
Hamı "buyur-buyur"--deyib çıxırlar. Otaqda bir Hacı Həsən qalır. Bu, tərəfdən qapıdan Kərbalayı Fatma xanım, başında çadra, qorxa-qorxa başını içəri uzadıb, sonra girir, içəri.
K ә r b ә l a y ı F a t m a x a n ı m (Hacı Həsənə). Ay Hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətullah dirilib gəlir?
H a c ı H ә s ә n. Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya
və aləm bir-birinə dəyib; Xorasanda hər nə qədər adam ölmüşdü, hamısı dirilib. Kərbəlayı Fətullah da dirilib; odur, bu gün-sabah gəlir. Onu dirildən şeyx də gəlir; özü də düşəcәk bizdə. Di sənə deyirəm durma get, ev-eşiyi səliqəyə sal (ucadan və hirsli). Di sənə deyirəm durma! (İstəyir çıxıb getsin).
K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay Hacı, allah atana rəhmət eləsin, bir de görüm, bizim şəhərin ölülərini də dirildəcәk?
H a c ı H ә s ә n (qapıda). Ay arvad, sən allah, tez ol, durma! Bilmirəm dirildəcәk ya diriltməyәcək. O bağlıdır allahın iltifatına. Mənim özümün də ağlım çaşıb; heç bilmirəm nə cür diriləcәk? Allahın iltifatı olsa, bu nə bir çətin işdir? (Çığırır). Arvad, sənə deyirəm durma get, tədarük gör! Mən gedirəm (çıxır).
K ә r b a l a y ı F a t m a x a n ı m (hər iki əlini yuxarı qalxızıb ağlayır). Ey yeri-göyü yox yerdən yaradan allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! Ay rəhim allah, mən səndən istəyirəm Saramı! Ay Kərbəlayı Fətullahı dirildən allah, mənə də rəhmin gəlsin; mənim gülüzlü qızımı dirilt! Allah! Allah! … (ağlayır, üzüqoylu döşənir yerə).
İ s k ә n d ә r (içəri girir, yavaş-yazaş gəlib durur anasının yanında və başını aşağı salıb qəmgin deyir). Yazıq ana!
P ә r d ә
Qeydlər
redaktə- ↑ Sədi Şirazinin məşhur "Gülüstan" əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş gəldi və onun qanindan keçdi.
- ↑ Şeir Molla Pənah Vaqifindir.
- ↑ Qüvvən; burada: pulun, imkanın.
- ↑ Rusca sledovatel (müstəntiq) sözünün o zaman el arasında işlənən şəkilidir.
- ↑ Allah-taala öz lütfü ilə kömək eləsin.
- ↑ Qaragözlü, mübarək üzünün rəngi yaşıla çalır və mübarək adı Şeyx Nəsrullah İsfəhani.