Ölkəm (Cəfər Cabbarlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ölkəm
Müəllif: Cəfər Cabbarlı

Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.


Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük dənizlər, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.


Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.


Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçan nefti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.


Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış,ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.


İpəgindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.