Ömür yolu
Müəllif: Fridrix Hölderlin

Can atdı göylərə ruhum,
Eşq onu torpağa çəkdi.
Dərddən çat verib ürəyim,
Gözümdən bir leysan tökdü.

İndi qəmdən çürüyürəm.
Qapanır ömür çevrəsi.
Ömür...
başlanmamış bitir –
göylərə yetişmir səsi...

Mən kiridim daha...
bu gözəl bahar
dünyaya qızılı bir paltar biçir.
Əzabla ümidi qoşa oyadıb
gözlərim məhəbbət şehini içir.

Mənə şirin nəşə bəxş edir hər an
göylərin mavisi,
zümrüd çəmənlər.
Sevincin əlindən şərbət içirdim,
cənnət bağçasından keçdiyim günlər...

İndi aç sinəni bu ağrıya da,
Günəş şüasından məlhəm qoyacaq.
Hələ ki, köksümdə döyünür ürək,
gözümdə göz yaşı çiçək açacaq...