Ömərin xəlifəliyi zamanında bir şəxsin xəyalı halal bilməsi və onun tənbeh olunması hekayəti

Ömərin xəlifəliyi zamanında bir şəxsin xəyalı halal bilməsi və onun tənbeh olunması hekayəti
Müəllif: Mövlana Cəlaləddin Rumi


Bir hekayət eşitsən, ey gövhərlər tanıyan?
«Zahirlə», «Bənzətmə»ni dərk et, yuxudan oyan!
Ömərin zamanında, orucluq ayı idi,
Bir şəxs dağa qalxaraq, ayı görmək istədi.
Məqsəd Ayı görməkdi, Hilalı tutmaqdı fal.
Bir başqası söylədi: - Ey Ömər, budur Hilal!
Ömər baxdı səmaya, Ayı görmədi tamam.
Dedi: - Xəyal görmüsən, xəyalə yoxdur inam.
Yoxsa səmaları mən səndən yaxşı görürəm,
Bəs o pak Hilalı mən, nədən olur görmürəm?!
Dedi: - Əlini islat, sürt alına, sürt başa,
Ondan sonra nəzər sal, səmaya bax birbaşa.
O, islatdı qaşını, baxdı Ay görünmədi,
Dedi: - Ey şah, yoxdur Ay, yox oldu, bilinmədi?!
Dedi: - Bəli, qaşının tükü olmuşdur kaman,
Sənə tərəf atmışdır oxu, edəsən güman.
Çünki tükünün biri əyri olmuş qaşında,
Təzə ayın şəklini yaratmışdır başında.
Əyri tük bir pərdə tək, olsa dünyaya birdəm?!
Bütün işlər dəyişər əyri olar dəmbədəm.
Birinin əyri tükü, onun gözünü tutdu,
Yalandan Ayı gördüm, deyib Haqqı unutdu.
Düzəlt hər əməlini, öyrən onu düzlərdən,
Dikbaşlıqla yan keçmə, Dərgahdakı izlərdən.
Tərəzinin bir gözü, o birin də düz edər,
Həmçinin o birindən o, irini az edər.
Hər kimin çəki daşı əyriylə həmdaş oldu,
Kasıblıq tutdu onu, başı daşa tuş oldu.
Sən get həmin yolu tut, «Şiddau ələl küffar»!
Külü əğyara səp ki, onu edəsən dildar.
Əğyarın başında sən qılınc kimi iti ol!
Tülkü tək yaltaqlanma, şirtək şir cürətli ol!
Qeyrətindən dostların, ayrılmasınlar səndən,
Çünki tikan olanlar, daha pisdir düşməndən.
Od vur canavarlara, bu işi bilən kimi,
Çünki bu canavarlar, Yusifə duşmən kimi.
«Can bala» deyər sənəİblis öz hiyləsiylə,
Səni aldadar yenə, xain div öz səsiylə.
O, biclik, fırıldaqla, babanla büsat etmiş!
Adəmi, qara qəlbi, hiyləsiylə mat etmiş!
Şahmat başında olan, çevikdir həmin fiqur,
Sən oyunu oynama, gözlərin yuxuludur.
Çünki vəzir fiqurun, çoxlu fəndləri vardır.
Hülqumunu tutmağa, çoxlu bəndləri vardır.
Boğazda qala bilər, illərlə nəfsin çöpü,
Nədir çöp? – Cah-calala hədsiz həvəsin çöpü.
Çör-çöp nə olan şeydir, qiymətsiz, keyfiyyətsiz,
Behişt suyuna qarşı, boğazda hərəkətsiz.
Əgər quldur aparsa malını, dövlətini,
Atalar halal demiş, oğrunun zəhmətini.