Öpüm
Müəllif: Qasım bəy Zakir
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Əsib badi-səba, gül pirəhənin
Çak edəndə, bəyaz sinəndən öpüm.
“Səlli əla” deyim, sürtüm üzümü,
Kəbə qəndili tək məməndən öpüm.

Gəzib-gəzib gəlib oturub gendə,
Kin, küdurət ortalıqdan gedəndə,
Təkəllümə gəlib söhbət edəndə
“Bəri bax, bəri bax” deməndən öpüm.

İşim yoxdur sultan ilə, xan ilə,
Yolunda qoymuşam başı can ilə:
Oturub bir neçə növcavan ilə
Şirin-şirin içib-yeməndən öpüm.

Müddətdi həsrətəm, eyləmə haşa,
Ay qabağa, xumar gözə, yay qaşa,
Durub pərvanə tək dolanıb başa,
Siyah zülfün tutum, çənəndən öpüm.

Kəsilib könlümün səbrü qərarı,
Al canımı qurtar barı, sən tarı.
Öldürən zamandü Zakiri-zarı,
Əl saxla bir, qanlı qəməndən öpüm.