Övzai-çərx sanma ki, biixtilaf olur

Övzai-çərx sanma ki, biixtilaf olur
Müəllif: Əbülhəsən Raci

Övzai-çərx sanma ki, biixtilaf olur,
Cuyi-zəmanə gah bulanır, gah saf olur.

Verməzlə gah Yusifi Misrin bəhasına
Gəh pirəzal əlində bəhası kəlaf olur.

Eşq əhlinə bir özgə əziyyət rəva deyil,
Təni-rəqibü cövri-zəmanə kəfaf olur.

Məşuqə aşiqin bilü razi-nihanını
Bu rişteyi-məhəbbət ona telqraf olur.

Kəşf eylərəm bu eşq ilə hüsnün mətalibin,
Amma yazanda xamə bu sirri şikaf olur.

Tövəmdi[1] rəncü rahət, müdğəmdi eyşü qəm,
Vəslü fəraq, şadiyü matəm müzaf olur.

Hər şeyi öz yerindədi bu karxanənin,
Dəxlü təsərrüf eyləsə hər kim, xilaf olur.

Hər kimsə öz məqamını aləmdə seyr edər,
Ənqayə Qaf, cüğdə[2] xərabə mütaf[3] olur.

Ustad hər kəsin qədinə bir qəba biçib,
Var bir qəba ki, özgə qəbayə sicaf olur.

Olmaz yüz il fəğanə gələ zar, əndəlib,
Pəşşə nə qədr tiz uça, simürği-Qaf olur.

Bəs, hər kəs anlasın gərək öz qürbü qədrini,
Rubəh nə növi şirə hərifi-məsaf olur.

Amma olubdu çoxlara bu əmr müştəbeh,
Culfalıq etməmiş küləhduz kəlaf olur.

Raci, fünuni-şerdə gərçi vəhidsən,
Dəm vurma çox ki, baisi-lafü kəzaf olur.

Qeydlər

redaktə
  1. Tövəm--əkiz doğulan uşaq.
  2. Cüğd--bayquş.
  3. Mütaf--təvaf olunmuş məhəl.