Üçü nə
Üçü nə Müəllif: Aşıq Molla İsmayıl |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Ay ağalar, beş gözələ uğradım,
Gözüm düşdü gözəllərin üçünə.
İstərsən kövsərdən sirab alasan,
Qul olginən, qulluq eylə üçünə.
Kim yandırdı kimin dü balü pərin?
Ustadı yolunda kim qoydu sərin?
Kimlər dedi ustadına afərin?
Biri mimdi, biri cimdi, üçü nə?
Allah peyğəmbərə göndərdi salam,
Onların şənində oxur kim kəlam?
Beş ulu peyğəmbər, dəftəri-aləm,
Biri Nuhdu, bir İbrahim, üçü nə?
İsmayıl der budu sözün kutahı,
Heydərə qul olan heç çəkməz ahı,
Dilində vird eylə kalamullahı,
Əməl eylə beş vaxtının üçünə.