Üçün
Üçün Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.14 |
Püf eylə qoy sönsün, söndürmək asan,
Kəramətin varmı qalamaq üçün.
Gül kimi ətir saç, təravətli ol,
Yaşama tikantək, dalamaq üçün.
Eşit, gör nə deyir yaxınım-yadım,
Şər ilə şeytanla çəkilmir adım.
Mən elə dost dedim, dost soraqladım,
Qollarım boynuna dolamaq üçün.
Bəzi haqqı danır, görürsən birdən,
Bəzi baş çıxardır, yüz cürə sirdən.
Axmaq zinət verir özünə zərdən,
Yaltaq quyruq taxır, bulamaq üçün.
İrişir üzünə, arxadan vurur,
Gəzir el içində şah kimi durur.
Yüz əməl işlədir, min kələk qurur,
Yaxşını yamana calamaq üçün.
Toxgöz aclığını bəyan eyləməz,
Heç kəsə söz deməz, əyan eyləməz.
Acgöz tox olsa da, toxam söyləməz,
Gözü sini gəzər yalamaq üçün.
Məmmədhüseyn deyər, eşidin barı,
Dünyada qalacaq dünyanın varı.
Qartal qanad çalar zirvəyə sarı,
Bayquş viran gəzər ulamaq üçün.