Nağıllar. Üçbığ Kosa
Müəllif: Şifahi xalq ədəbiyyatı


Belə rəvayət edirlər ki, keçmişdə bir padşah varıdı. Bu padşahın üç oğlu, bir də üç qızı varıdı. Kiçik oğlunun adı Şəmil idi. Bir gün padşah azarlayır, ölüm döşəyinə düşür. Oğlanlarını yanına çağırıb deyir.

– Oğlanlarım, mənim sizə iki vəsiyyətim var. Biri budu ki, mən öləndən sonra üç gün mənim qəbrimi qoruyun. Birinci gün böyük oğlum, ikinci gün ortancıl oğlum, üçüncü gün balaca oğlum qəbrimin üstündə qarovul çəksin. İkincisi də budu ki, mənim elçi daşımın üstündə hər kim oturub qızımı istəsə, verərsiniz ona.

Oğlanları əllərini gözlərinin üstə qoydular.

Bir neçə gündən sonra padşahın xəstəliyi şiddətlənib ölüm şərbətini içdi. Oğulları aparıb atalarını basdırıb evə qayıtdılar. Axşam padşahın balaca oğlu dedi:

– Atamızın vəsiyyətinə əməl etməliyik, böyük qardaş, bu gün sənin növbətindi. Get atamızın qəbrini qoru.

Böyük qardaş cəld yaraqəsbabını geyinib, atına minib qəbiristanlığa tərəf yola düşdü.

Böyük qardaş gedəndən sonra kiçik qardaş öz yaraq-paltarını geyib, onun dalınca getdi ki, görsün qardaşı atasının qəbrini doğrudan da qoruyacaq, yoxsa yatacaq. Bu da atını sürüb getdi, ancaq böyük qardaşını uzaqdan pusurdu.

Bir də gördü ki, qardaşı qəbrin üstündə bir saat dayanıb, sonra gedib kənarda bir samanlı çardağa çıxıb yatdı. Bunu görən balaca qardaş gəlib atasının qəbrinin üstündə qarovul çəkməyə başladı. Gecənin yarısı olmuşdu, bir də gördü ki, uzaqdan bir atlı gəlir. Başdan ayağa qədər qırmızı paltar geymiş, qırmızı yaraq taxıb, qırmızı ata minmişdi. Atın ağzından qırmızı alov çıxa-çıxa gəlir. Gəlib qəbrinin üstündə oğlanı görən kimi, qılınc çəkib həmlə elədi. Padşahın oğlu bunu görüb, cəld öz qılıncını sivirib elə çaldı ki, atlının başı yerə düşdü. O saat oğlanın yarağını soyundurub, atıynan bərabər bir yerdə saxladı. Dan yeri ağarmağa başlayanda bunları da götürüb evə getdi. Atı bir yerə bağladı, yarağı da evlərində gizlədib yatdı. Səhər açıldı, bir də gördülər ki, qardaşları gəlir. O biri qardaşlar soruşdular:

– Nə gördün? Nə eşitdin?

Böyük qardaş cavab verdi ki, heç bir şey görmədim.

Qardaşlar hərə öz işinə getdilər. Yenə axşam oldu, bu gecə də ortancıl qardaş qəbrin üstünə getdi. Bu gedəndən bir az sonra yenə balaca qardaş yenə öz atını minib ortancıl qardaşının dalısınca getdi. Bir qədərdən sonra gördü ki, bu da böyük qardaşı kimi, bir az dayanandan sonra gedib samanlı çardaqda yatdı. Yenə balaca oğlan gəlib atasının qəbri üstündə dayandı. Gecənin yarısı gördü ki, uzaqdan bir atlı gəlir. Yaşıl paltar, yaşıl yaraq geyinmiş, bir yaşıl at da minmiş. Atın ağzından bir yaşıl alov çıxa-çıxa gəlir. Gəlib qəbrin üstünə çatdıqda oğlanı görüb qılıncını sivirdi, oğlana həmlə elədi. Padşahın oğlu buna aman verməyib, onu da öldürdü. Oğlan düşmənin atını tövləyə çəkdi, yaraqpaltarını da evlərin birində gizlətdi.

Tezdən ortancıl qardaş da gözlərini ova-ova gəldi, bundan soruşdu ki, qardaş, nə gördün. Bu da böyük qardaş verən cavabı verdi. Üçüncü gün balaca qardaş dedi:

– İndi mənim növbətimdi.

Axşam bu da o biri qardaşlar kimi, yaraq-paltarını geyinib getdi atasının qəbri üstündə durdu. Bir də gördü ki, uzaqdan bir sarı atlı, sarı paltar, sarı yaraq taxmış, atın ağzından sarı alov çıxan bir adam gəlir. Gəlib qəbrin üstündə oğlanı görən kimi qılıncını çəkib buna həmlə elədi. Padşahın oğlu da o saat qılıncını çıxarıb bir-birlərinə həmlə elədilər. Bir az vuruşduqdan sonra padşahın oğlu da o saat qılıncını çıxarıb bir-birlərinə həmlə elədilər. Bir az vuruşduqdan sonra padşahın oğlu bunu da öldürdü. Paltarını, yarağını, atını götürüb səhər tezdən gəlib atı o biri atların, paltarı paltarların və yarağı da yaraqların yanına qoydu. Səhər gün çıxan vaxt qardaşlar durub gördülər ki, balaca qardaşları Şəmil gəlibdi. Soruşdular ki, qardaş nə gördün? Nə eşitdin? Balaca qardaş da cavab verdi ki, heç nə görmədim, heç nə eşitmədim.

Beləliknən, bir neçə zaman keçdi. Bir gün günorta vaxtı padşahın balaca oğlu bazardan evə qayıdanda gördü ki, elçi daşının üstündə yekə quş oturub. Oğlan quşdan soruşdu:

– Nə istəyirsən?

Quş dedi:

– Allahın əmri, atanın vəsiyətiynən sənin böyük bacını istəyirəm.

Şəmil o saat bacısını gətirib quşa verdi. Quş qızı götürüb getdi. Axşam qardaşları gəlib bacılarını görmədikdə soruşdular:

– Böyük bacımız hanı?

Balaca qardaş dedi:

– Atamızın vəsiyyətinə görə elçi daşının üstündə bir quş oturmuşdu, böyük bacımızı istədi, mən də verdim quş götürüb getdi.

İki qardaşın acığı tutub ona dedilər:

– Bundan sonra sən evdən bayıra çıxmayıb, bacımızın yerində işlərsən.

O gündən sonra Şəmil evdən bayıra çıxa bilmədi. Bacısının yerinə işləməyə başladı. O biri qardaşlar isə səhər bazara, axşam evə gəlirdilər. Bir gün yenə Şəmil gördü ki, elçi daşının üstündə bir ilan oturub. Oğlan soruşdu:

– İlan qardaş, nə istəyirsən?

İlan cavab verib dedi:

– Mən ilanlar padşahıyam, adıma Şahmar deyərlər. Allahın əmri, atanın vəsiyyətindən ortancıl bacını istəyirəm.

Oğlan o saat ortancıl bacısını gətirib ilana verdi. İlan da götürüb getdi. Axşam qardaşları evə gəlib ortancıl bacılarını görməyib soruşdular:

– Bəs bacımız hanı?

Şəmil cavab verdi:

– Atamızın vəsiyyətinə görə verdim ilana.

Yenə oğlana acıqlanıb dedilər:

– Sən dəli olmusan nədi! Bundan sonra hər iki bacımızın yerinə işləyəcəksən.

Şəmil evdə qalıb hər iki bacının işini görürdü. O biri qardaşları da səhərdən bazara gedib, axşam evə gəlirdilər.

Bir gün yenə böyük qardaşı bazara getmişdi, balaca qardaş gördü ki, elçi daşının üstündə bir aslan oturub. Oğlan soruşdu:

– Aslan qardaş, nə istəyirsən?

Aslan cavab verdi:

– Allahın əmri, atanızın vəsiyyətiynən kiçik bacını istəyirəm.

Yenə axşam qardaşları gəlib bacılarını görmədikdə soruşdular:

– Bəs balaca bacımız hanı?

Oğlan dedi:

– Bir dənə aslan gəlib elçi daşının üstündə əyləşib Allahın əmri, atamızın vəsiyyətiynən kiçik bacımızı istədi, mən də verdim.

Yenə oğlana acıqlanıb dedilər:

– Bundan sonra hər üç bacımızın işini sən görməlisən.

O gündən sonra balaca qardaş evdə qalıb qardaşlarının yeməyini hazırlayıb, ev-eşiyini təmizləyirdi. Bir neçə ay bu cür dolandılar. İndi sizə xəbər verim Feyruz bəydən.

Feyruz bəy bu şəhərin ən böyük bəylərindən biri idi. Bunun gözünün ağı-qarası üç gözəl qızı varıdı. Bu qızları çox bəylər, xanzadələr istəyirdi, ancaq Feyruz bəy heç birisinə verə bilmirdi. Çünki birisinə versə, o biriləri bundan inciyərdi. Ona görə şəhərin kənarında bir böyük xəndək qazdırıb, içini suynan doldurdu, qızları xəndəyin o biri qırağına qoyub dedi:

– Hər kim atını xəndəyin bu qırağından o biri qırağına sıçratsa, qız onundu.

Bütün şəhərdə olan bəylərin, xanzadələrin oğlanları atlanıb xəndəyin qırağında at çapmağa başladılar. Heç kim atını xəndəyin o biri qırağına sıçrada bilmədi. Bu tərəfdən padşahın iki böyük oğlu da hərəsi beş yüz tümənlik at alıb xəndəyin qırağına getməyə hazırlanırdılar. Şəmil nə qədər yalvardı ki, məni də aparın, tamaşa eləyim, qoymadılar ki, sənin yerin deyil, at ayağı altında qalıb ölərsən. Nə qədər yalvardı mümkün olmadı. İki böyük qardaş atlanıb getdilər. Bunlar gedəndən sonra Şəmil durub tövləyə getdi. Atasının qəbri üstündən birinci gecə gətirdiyi qırmızı atı çıxartdı. Ata tumar verdikdən sonra evdən qırmızı paltar, bir də qırmızı yarağı götürüb ata süvar olub yel kimi getdi

Xəndəyin qırağındakı adamlar gördülər ki, yuxarıdan bir atlı gəlir ki, atın ağzından qırmızı alov çıxır. Atın ayağı yerə dəymir. Hamı qırağa çəkilib Şəmilə yol verdi. Şəmil gəlib xəndəyin qırağına çatdı, atını bir aşağı, bir yuxarı çapıb elə sıçratdı ki, qırx addım da xəndəkdən o yana düşdü. Bir də atı qaytarıb, böyük qızı götürüb bir dəqiqədə gözdən itdi.

Bu işə camaatın hamısının ağzı açıla qalmışdı. Oğlan evə çatan kimi, cəld paltarı, yarağı soyunub hərəsini öz yerinə qoydu, qızı da evlərin birində gizlədib, ev işlərinə başladı. Axşam oldu, qardaşları bikef gəldilər. Şəmil soruşdu:

– Qardaşlar, gördüyünüzdən mənə də söyləyin görüm nə təhər oldu, qızı kim apardı?

Böyük qardaş dedi:

– Bir qırmızı atlı gəlib qızı da apardı, ancaq gərək sabah adama min tümənlik at alaq.

Səhər tezdən yenə iki qardaş bazara getməyə hazırlandı. Şəmil nə qədər yalvardı ki, məni də aparın tamaşa eləyim, aparmadılar. Özləri çıxıb getdilər. Bunlar gedəndən bir az sonra yenə Şəmil durub tövləyə getdi. İkinci gecə gətirdiyi yaşıl atı, yaşıl paltarı, yaşıl yarağı geyib, atın ağzından yaşıl alov çıxa-çıxa getdi. Xəndək qırağında olan camaat gördü ki, yuxarıdan bir atlı gəlir, təpədən dırnağa yaşıl geymiş, atının ağzından yaşıl alov çıxır. Oğlanın heybətindən hərə bir tərəfə dağıldı. Oğlan xəndək qırağına çatıb atını bir aşağı, bir yuxarı sürüb xəndəyi elə sıçradı ki, iyirmi addım da xəndəkdən o yana düşdü, cəld ortancıl qızı götürüb gözdən itdi. Xəndək qırağında olan bütün camaat əl çalıb, “halal olsun pəhləvan” – dedilər. Şəmil qızı evdəki qızın yanına apardı, paltarları, atı öz yerinə qoyub ev işlərinə məşğul oldu. Axşam oldu, iki qardaş kor-peşiman gəldilər. Şəmil soruşdu:

– Qardaşlar, nə gördünüz? Nə eşitdiniz? Mənə də söyləyin.

Qardaşları dedi:

– Nə olacaq, yenə bir yaşıl atlı gəlib qızı apardı. Bu gün də bir iş görə bilmədik. Əgər qismət olsa, sabah hərəmiz iki min tümənlik at alaq. Bəlkə bir şey edə bildik.

Bunu deyib yatdılar. Səhər tezdən hər iki qardaş durub at tədarükünə başladılar. Yenə Şəmil yalvarmağa başladı ki, bu gün məni də aparın, axırıncı gündü. Mən də tamaşa eləyim. Qardaşları buna acıqlanıb razı olmadılar, özləri getdilər. Bunlar gedəndən bir az sonra Şəmil atasının qəbri üstündən gətirdiyi sarı atı mindi, sarı paltarı, sarı yarağı geyinib uçar quş kimi getdi. Bir vaxt xəndək qırağında olan camaat gördü ki, yuxarıdan bir atlı gəlir. Atın ayağının gurultusundan qulaqları tutulur. Atın ağzından sarı alov çıxa-çıxa quş kimi uçur. Camaat dedi:

– Bəli, bu gün də qızı bu apardı.

Hamı durub oğlana baxırdı. Şəmil xəndəyin qırağına çatıb atını bir aşağı, bir yuxarı çapıb xəndəyi elə sıçradı ki, qırx addım xəndəkdən o yana düşdü. O saat Feyruz bəyin axırıncı qızını götürüb gözdən itdi. Xəndək qırağında olan camaat kor-peşiman dağılmağa başladı. Bunlarnan bərabər padşahın iki oğlu da iki min tümənə aldıqları atlarının quyruğundan tutub evə gəldilər. Yenə Şəmil qabaqlarına gəlib soruşdu:

– Qardaş, bu gün axırıncı gündü. Gördüklərinizdən mənə söyləyin. Deyin görüm bu qızı kim apardı?

Qardaşların qaş-qabaqlarından zəhər yağa-yağa cavab verdilər:

– Nə bilək hansı köpək oğlu apardı?!

Tay Şəmil bir söz deməyib, axşam yeməklərini yeyib yatdılar. Səhər tezdən iki qardaş bazara öz işlərinə getdilər. Balaca qardaş da ev işlərinə məşğul oldu. Beləliknən, səssiz-səmirsiz dolanmağa başladılar. Bir neçə gündən sonra Şəmil dedi:

– Qardaşlar, atamız öləndən sonra biz bilmirik ki, atamızdan nə qalmışdır. Durun evləri, tövlələri gəzək, görək nə var.

Qardaşlar razı oldular. Üçü də bir yerdə gəzməyə başladılar. Əvvəlcə tövləyə getdilər, tövlənin qapısını açan kimi gördülər ki, üç dənə at var, hərəsi bir rəngdədi. Bunu görən qardaşlar:

– Ax, atamızdan nə gözəl atlar qalıbmış?! – deyib içəri yüyürməyə başladılar.

Şəmil onların döşlərindən dala itələyib: – Atanızdan qalan atlar bunlar deyil, – deyib qapını bağladı. dedi:

– Gəlin otaqları gəzək.

Yuxarı otaqlara çıxdılar. Otaqların birisinin qapısını açan kimi gördülər ki, hərəsi bir rəngdə üç dəst qəşəng yaraq çəngəldən asılmışdı. Bunu görən qardaşlar özlərini yaraqların üstünə saldılar ki, “ax, atamızdan nə gözəl yaraqlar qalıb?!” O saat Şəmil otağın qapısını bağlayıb, o biri otağın qapısını açdı. Gördülər ki, üç qız, bir-birindən gözəl, taxt üzərində oturmuşlar. Bunu görən iki qardaş “ax, atamızdan nə gözəl qızlar qalıbmış?! – deyib özlərini içəri soxdular. Şəmil qabaqlarını kəsib dedi:

– Dayanın!

Qardaşların ikisi də dayandı. Şəmil böyük qardaşına dedi:

– Qardaş, yadındadırmı, atamızın birinci gecə qəbrini qorumağa gedəndə çıxıb samanlı çardaqda yatdın ha! O gecə mən o qırmızı atı, o qırmızı yarağı gətirmişəm. Atnan yarağnan da bu qızı gətirmişəm. Al, bunlar sənindi.

Sonra üzünü ortancıl qardaşa tutub dedi:

– Sən də ikinci gecə gedib samanlı çardaqda yatdın bu yaşıl atı, yaşıl yarağı o gecə gətirmişəm. Bunlarnan da bu qızı gətirmişəm. Al, bunlar da sənindi. Üçüncü gecə də öz növbətimdə bu sarı atı, sarı yarağı gətirmişəm. Bu yarağnan, atnan da bu qızı gətirmişəm. Bunlar da mənimdi. Mənim arvadım evdən bayıra çıxmayacaq, çünki bu qızın Üçbığ Kosa adında bir düşməni var ki, on ildi bu qıza aşiqdi. Əgər bu şərtimi qəbul eləsəniz, bunları sizə verəcəyəm, qəbul eləməsəniz, ikinizi də öldürəcəyəm, heç-zad verməyəcəyəm.

Qızlardan əl çəkmək istəməyən qardaşlar şərti qəbul elədilər. Hər iki qardaş öz arvadına tapşırdı ki, Şəmilin arvadından göz-qulaq olsunlar, evdən eşiyə çıxmağa qoymasınlar, hər bir işi də özləri görsünlər. Bu gündən sonra hər iki bacı silirdi, süpürürdü, bişirirdi, düşürürdü, balaca bacıynan Şəmil yeyib-içib keyf edirdilər.

Bir gün bu iki bacının balaca bacıya acığı tutub həsəd apardılar. Öz aralarında dedilər ki, biz bunun qaravaşı deyilik ki, bu xanım kimi, əlini isti sudan soyuq suya vurmasın. Qoy bu gün də o işləsin. Bunu deyib balaca bacını çağırdılar ki, gəl evi süpür. Balaca qız da özündən böyük bacılarının sözündən çıxmayıb, evləri süpürüb zibilini apardı ki, tullasın, o gedən, qız bir də geri qayıtmadı. Bu biri bacıları nə qədər gəzdilərsə, qızı tapmadılar. Qız bir parça ət olub, elə bil pişik aparmışdı. Qızı gördüm deyən olmadı. İki bacı qorxularından bilmirdilər nə etsinlər. Axşam oldu, qardaşlar gəlib əhvalatı bildilər. O saat Şəmil qızın dalınca getdi. Səhər açılan vaxt aslanın evinə çatdı. Atdan düşüb qapını döydü. Aslan dedi:

– Bura o üç qardaşdan başqa heç kəs gəlməz. Gedin görün, əgər iki qardaşsa, başlarını gətirin, yox balaca qardaş Şəmildirsə, qızıl tabağa qoyub gətirin.

O saat gəlib qapını açıb gördülər ki, Şəmildi. Qızıl tabağa qoyub aslanın hüzuruna gətirdilər. Aslan bunu görən kimi, qabağına gəlib, hər ikisi bir-biriynən görüşdülər. Oğlan cəld məsələni açıb söylədi, qızın yox olmağını bildirdi Aslan o saat dedi ki, qızı Üçbığ Kosa aparıbdı. Şəmil gecə aslanın mənzilində qalıb, səhər tezdən birbaş ilanın mənzilinə gəldi. Atdan düşüb qapını döydü. İlan dedi:

– Bura padşahın üç oğlundan başqa heç kəs gəlməz, gedin görün, əgər böyük qardaşdırsa, başlarını kəsin, yox əgər balaca qardaşdı, qızıl tabağa qoyub yanıma gətirin.

Gedib qapını açıb gördülər ki, balaca qardaşdı. O saat qızıl tabağa qoyub ilanın hüzuruna gətirdilər. Oğlan ilannan görüşdükdən sonra əhvalatı söyləyib, Üçbığ Kosanın mənzilini soruşdu. İlan dedi:

– Tanıyıram. Sən bu gecə qal, səhərdən qoşun götürüb gedərik.

Oğlan dedi:

– Yox, mən tək getməliyəm.

İlan nə qədər elədisə, oğlanı yoldan döndərə bilmədi. Oğlan ilannan salamatlaşıb yol getməyə başladı. Axşamüstü quşun mənzilinə çatıb qapını döydü. Quş dedi:

– Bura bəni-adəmdən heç kəs gəlməz. Bu olsa-olsa, padşahın oğlanlarından olar. Gedin görün, əgər iki böyük qardaşdırsa, başlarını kəsin, yox balaca qardaşdırsa, qızıl tabağa qoyub yanıma gətirin.

O saat qapını açıb gördülər ki, padşahın balaca oğludu. Qızıl tabağa qoyub quşun hüzuruna apardılar. Oğlan quşnan görüşüb əhvalatı söyləyib, Üçbığ Kosanın mənzilini soruşdu. Quş dedi:

– Gecəni burda qal, səhər mən sənə yol göstərərəm.

Şəmil gördü ki, axşamdı, gecə vaxtı bir yerə gedə biləsi deyil. Gecəni quşun mənzilində qaldı. Səhər tezdən durub, quşdan Üçbığ Kosanın mənzilini soruşdu. Quş dedi:

– Bax, bu yol düz ora gedir, ancaq ehtiyatlı ol, çünki Üçbığ Kosa yaman məlundu, özünü gözlə. O hər gün tezdən ova gedir. Bir tərəfdə dur, özünü gözlə. O gedən kimi, sən gedib qızı götür qaç. Yoxsa başqa cür əlacı yoxdu, sən onnan bacara bilməzsən.

Şəmil quşdan bu yeri öyrəndikdən sonra atını minib birbaş Üçbığ Kosanın mənzilinə tərəf gəldi. Bir saat yol gedəndən sonra Üçbığ Kosanın mənzilinə çatdı. Atdan düşüb atını bir yerdə gizlətdi, bir yanda durub baxırdı. Bir vaxt gördü ki, Üçbığ Kosanın altında üçayaqlı at darvazadan çıxıb dağa tərəf yola başladı. O saat oğlan həyətə girib, qızı səslədi. Qız oğlanın səsini eşidən kimi, özünü oğlanın qucağına atdı. Oğlan da qızı darvazadan çıxartdı, atın tərkinə alıb başladı getməyə. Bu halda Üçbığ Kosaya xəbər getdi ki, qızı apardılar.

Üçbığ Kosa da uçar quş kimi Şəmilin dalınca tərpəndi. Bir vaxt Şəmil gördü ki, Üçbığ Kosa bunlara çatmaqdadı. Atını nə qədər bərk sürdüsə, qurtara bilməyib Üçbığ Kosanın qabağına döndü. Üçbığ Kosa Şəmilə çatan kimi, elə bir qılınc vurdu ki, təpəsi təzə yelpənək kimi ikiyə bölünüb atdan düşdü. Üçbığ Kosa atdan düşüb oğlanı parçaparça doğrayıb xurcunun gözlərinə doldurub atın belinə qoydu, ata bir qamçı vurub qızı aldı yenə öz mənzilinə gətirdi. Oğlanın atı birbaş gəlib quşun mənzili qabağında dayandı, bərkdən kişnədi. Quş bunu eşidən kimi qapını açdırdı, gördü ki, Şəmilin atıdı, amma özü yoxdu.

Şəmili nə qədər axtardılarsa, tapa bilmədilər. Atın üstündən xurcunu düşürüb gördülər ki, Şəmil xəngəl kimi parça-parça doğranıb xurcunun gözlərinə doldurulmuşdur. Quş o saat oğlanın doğranmış parçalarını necə ki, lazımdı öz qaydasıynan yerbəyerinə düzdü. Qanadının altından bir tük çəkib Şəmilin cəmdəyinə çəkdi. O saat Şəmil qalxıb oturdu, yanında qızı görməyib soruşdu ki, bəs qız hanı? Quş soruşdu:

– Qızı görə bildinmi, yoxsa yox?

Şəmil əhvalatı quşa söylədi. Quş dedi:

– Dur atı min, get Üçbığ Kosanın mənzilinə. Bir kənarda durub gözlə. Nə vaxt Üçbığ Kosa ova getsə, sən gedib qıza deyərsən ki Üçbığ Kosa gələndə atı hardan aldığını öyrənsin. Bunları qıza öyrədəndən sonra özün də bir tərəfdə gizlənib, onların danışıqlarını tamam eşidərsən. Ondan sonra qızı qaçırmaq asandı.

Şəmil quşdan bu sözləri eşidəndən sonra atına minib yol getməyə başladı. Gedib Üçbığ Kosanın bağında bir ağacın dalında gizləndi. Bir vaxt gördü ki, Üçbığ Kosa atını minib evdən çıxdı. Şəmil o saat gəlib qıza dedi:

– Üçbığ Kosa gələndə ondan soruş, gör üçayaqlı atı hardan alıbdı. Bunu bildikdən sonra səni qaçırmaq asandı.

Şəmil özü də evdə gizləndi. Axşam oldu Üçbığ Kosa ovdan gəldi, atını bağlayıb, birbaş qızın otağına getdi. Şam yeməyindən sonra qız başladı ağlamağa. Üçbığ Kosa qızın ağlamağını görüb dedi:

– Mənim əzizim, niyə ağlayırsan. Mən səni necə sevdiyimi, sənin yolunda ölümə getdiyimi bilirsən, amma sən bir dəfə də olsun mənim üzümə gülmürsən. Mənnən oturub bir doyunca da olsun danışmırsan. Həmişə göz yaşı tökürsən. Buna səbəb nədi?

Qız göz yaşlarını silib dedi:

– Həmişə səni sevirəm deyirsən, ancaq yalan deyirsən. Sən məndən öz sirlərini gizlədirsən. Elə olur ki, məni üç günlərlə tək qoyub gedirsən, hara gedirsən, hardan gəlirsən, o üçayaqlı atı hardan alıbsan mənə söyləmirsən.

Üçbığ Kosa qızın gözlərindən öpüb dedi:

– Mən hər gün səhər tezdən ova gedirəm. O ki üç gün gedib gəlmirəm, onda bu dağın dalında mənim bir qoca anam var, onun yanına gedirəm. Mənim bu atım da bizim bu eşikdə bir daş var, hər kim o daşın üstündə oturub, qamçısını tez vurub qalxızsa, ordan dördayaqlı at çıxacaq. O ata bir quş çata bilməz. Yox, tez vurub qalxıza bilməsə, oradan üçayaqlı at çıxacaq ki, o at birincidən bir az yavaş gedəcək. Mən də bu atı ordan çıxarmışam. İndi bildinmi, mənim gözəlim? Bundan başqa mənim heç bir sirrim yoxdu.

Qız yalandan Üçbığ Kosanın üzünə gülümsəyib ondan razılıq elədi. Bu minvalnan yatıb səhəri elədilər. Səhər tezdən yenə Üçbığ Kosa atını yəhərləyib ova getdi. Bu gedən kimi, Şəmil gizləndiyi yerdən çıxıb birbaş eşikdəki daşın yanına getdi. Daşın üstünə qamçını cəld vurub qalxızdı. O saat daşdan bir dördayaqlı at çıxdı. Şəmil atı minib, qızı da tərkinə alıb yol getməyə başladı. O saat Üçbığ Kosaya xəbər getdi ki, qızı apardılar. Üçbığ Kosa da Şəmilin dalınca atını tərpətdi. Şəmil atının cilovunu çəkib aramnan gedirdi. Bir vaxt gördü ki, Üçbığ Kosa gəlir. Bu halda Üçbığ Kosanın atı bərkdən qışqırıb qabaqdakı ata dedi:

– Ay nankor, mənim yiyəmin arvadını hara aparırsan?

O saat oğlanın atı dala dönüb dedi:

– Sən hələ dalına alıb mənim üstümə gətirdiyin adamın üzünə bax, sonra mənim üstümə gəl, heç olmasa mən bir qəribə oğlan gəzdirirəm. Sən isə kaftarı almısan dalına mənim üstümə gəlirsən.

Bu halda Üçbığ Kosanın atı dayandı, dönüb yiyəsinin üzünə baxdı. Bu vaxta qədər at Üçbığ Kosanın üzünə baxmamışdı. At gördü ki, üstündəki bir kaftardı. O saat silkələnib, Üçbığ Kosanı ayaqları altına salıb öldürdü. Şəmil Üçbığ Kosanın atına qızı mindirib düz öz evlərinə gəldilər. Şad, şadman yaşadılar.