Üşşaqın adəti gərək ahü fəğan ola

Üşşaqın adəti gərək ahü fəğan ola
Müəllif: Hüseyn Nadim Naxçıvani
Mənbə: Hüseyn Nadim Naxçıvani. Divan. Bakı,2011

Üşşaqın adəti gərək ahü fəğan ola,
Məcruh qəlbi, zinəti əlbəttə qan ola.

Ey ömr, gəl dəvam elə cəhan fəraqinə,
Bülbül gərək çəməndə müdam pasiban ola.

Heç bülbüli rəvadımı tənha qoyub güli,
Gülşəndə xar ilə gedübən həmzəban ola?

Cəhd eyləyür ki, canım ala, yoxdı heç sözüm,
Əmri‐Xudadı, nazlı gərək mehriban ola.

Az ağla, gəlmə naləyə, Nadim, məlal ilə,
Ağlar qoyan səni özi xari‐cəhan ola!