Üşşaqə məşq, eşqdə tumari-Kərbəla

Üşşaqə məşq, eşqdə tumari-Kərbəla
Müəllif: Mirzə Məhəmməd Tağı Qumri
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,
Əhli-məzaqə gərmdi bazari-Kərbəla,

Çox zövq ilən səfası, əcəb xoş həvası var,
Güllər açıb bahardə gülzari-Kərbəla.

İbrətlə hər kim etsə tamaşa yəqin görər,
Qılmış əhatə aləmi ənvari-Kərbəla.

Hər gülsitanda nəğmeyi-bülbül səbahü şam,
Bica əbəs deyil çəkilir cari-Kərbəla.

Çeşmi-bəsirət açsa, nümayandı hər kəsə,
Amadədir o dəştdə asari-Kərbəla.

Nəhri-Fəratın üstə olub qolları qələm,
Əbbas, namidari-ələmdari-Kərbəla.

Naz ilə qətlgahda yatıb Əkbəri-cəvan,
Cismində zəxmi-xəncəri-xunxari-Kərbəla.

Damad otağı hicleyi əlvani-növ ərus,
Olmuş əcəb səfayi-çəmənzari-Kərbəla.

Hülqində Əsğərin yenə qanı kəsilməyib,
Çıxmış səmayə ahü şərərbari-Kərbəla.

Həsrətilə imdi də baxıri toy otağına,
Nakam ölən o Qasımi-sərdari-Kərbəla.

Yetmiş səhabə peykəri qan, cismi zəxmdar,
Gözəllə təşnələb rəhi-zəvvari-Kərbəla.

Başında qırx nəfər qolu bağı əsirlər
Ağlar başında möcüzi-gülnari-Kərbəla.

Qumri kimi fəğanə gəlib, ya Hüseyn deyər,
Guya o çöldə Abidi-bimari-Kərbəla.