Ümidimə
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Bənim bu gün cəhənnəmlik duman almış yollarımı,
Bir əzrayıl pəncəsi ki, sarmış cansız qollarımı.

Bir yolçuyam, səmum yeli doldurmuşdur gözlərimi,
Bir qəribəm, yad ellərdə anlayan yox sözlərimi.

Barı sən gəl, ey gözəl qız,
Ey ruhumda doğan ulduz,
Göstər mənim qibləm hanı?

Bir zülmkar dəmir qəfəs... Boğulacaq ömrüm, yazıq,
Parçalandı dərdli könlüm, parçalandı sənsiz artıq.
Günahkarın ah-zarını nə haqq dinlər, nə də insan.
Yetişərsən fəryadıma, fəğanımı duymuş olsan!

Barı sən gəl, gözəl mələk,
Gözlərimə bir qanad çək,
Göstər mənə cənnət nerdə?