Üstünə (Cəfər Cabbarlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Üstünə
Müəllif: Cəfər Cabbarlı

Bax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;
Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?

Baxanda hər tərəf, bizim bu sərsəri cəmaətə,
Mahal əmrdir, gözüm dolaşmasın qəbahətə.
Yetər bu işlər, ay Baba, de bəs haçan nəhayətə?
Cahan olubsa mürtəkib bu bədrəviş cinayətə,
Qoşun yığıb, hücum edə bütün cahanın üstünə!

Cahan cahan deyil daha, züluma aşiyanədir,
Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir;
Bin tərəhhüm etsə də, yəqin ki, xainanədir.
Baba! Zəmanə bircə bax ki, gör nə cür zəmanədir?
Tülkü də diş qıcırdadır şiri-jəyanın üstünə!

Qlasnılar bütün Hacı, hamısı hala bixəbər...
Alır pulu, gedir yatır; nə inqilab, nə dərdəsər?..
Uçur fəqirlərin evi, qalır əyalı dərbədər.
Bu pis zamanda pul da yox, Dum əhli hər gün, hər səhər
Qapıb külüngünü gəlir uçuq komanın üstünə!

Müsəlman əhli məst olub bütün meyü şərabdən,
Görəndə Sonya, Lizanı gedir qərarü-tabdən,
Öz övrətini sitr edir ziyayi-afitabdən,
Götürmüş övrət həpsini de hansı bir kitabdən?
Günüz gedib, gecə gəlir o binəvanın üstünə!

Kömək gözətləmə, Baba, bu itilget-filanıdan,
Tapılmaz onda bircə iş bəqeyri boş yalanıdan;
Gecə-gündüz, pasaj, klub gəzib, düşür amanıdan,
Olarmı gözləmək, Baba, bir özgə iş piyanıdan?
Yüyürmə boş yerə daha o lül piyanın üstünə!

Qəzetçi ilə şairin dolaşma heç mədarına;
Biri söyüş yazır, biri qəzəl yazır nigarına;
Bu bircə kəlməni, Baba pıçılda guşi-karına;
Mühərrirəm, məqalənin düşərsə bəd damarına,
Dayanına, tez yüyürginən get stəkanın üstünə!

Kömək-zad umma kimsədən, daşın bu boş xəyalından,
Gələrmi buğda, çırpasan nə qədər, boş çuvalıdan;
Kömək tapılmağın işi məhaldır məhalıdan;
Tək atlanıb aralığa, çəkilmə heç zəvalıdan,
Qoyub da tiri çilləyə, gətir kamanın üstünə!

Çətindir işlər, ay Baba, keçib boş ixtilatıdan;
Bu millət az qalıb çəkə əlin bu bəd həyatıdan.
Bizə əlac tapıb, tez ol, qutar bizi məmatıdan,
Mahal əmrdir kömək gözətləmək "Nicat"dan
Ümid var bir az yenə yüyür “Səfa"nın üstünə!

Məgər ölübsən, ay Baba, neçin oturmusan belə?
Tez ol kəməndi-kürzünü dübarədən götür ələ,
Yıxıb dağıt bu bidəti misali-rədü zəlzələ.
Yüz on yaşında bir kişi nə haqq ilə cumub gələ
On üç yaşında düxtəri-şuxü cavanın üstünə?

Əvvəlcə xalqa faş elə danosbazın ədasını,
Sora qlasnının ucalt Dum içrə hər sədasını;
Bu tövr başla, ay Baba, işin bir ibtidasını,
Yalan-palanı tərk edib gəl iftiranın üstünə!
Yeri sükuta qərq edib, yüyür havanın üstünə!
Bular düzəlməsə əgər, get Hac-Yavanın üstünə!