Ey fələk, sən bilirsən
Kəmim ümman üstədi;
Yel vurur, qəhr eyləyir,
“Allah, aman!” üstədi.
Birillahım, insaf eylə,
Qoca-cavan qalmadı;
Meyitləri qan axıdır,
İnsan insan üstədi!
Nə qədər bağ salasan,
Yenə barsız dünyadı.
Al geyib cavan qalan
Yaman arsız dünyadı.
Kimsəyə sirr verməyən
Etibarsız dünyadı;
Sirrindən baş çıxarmaz
Kim ki, güman üstədi.
Yer üzü odlanıbdı,
Bir qiyamət görünür.
Fələyin qarğışıdı,
Yüz cür afət görünür.
Xaliqim, yoxsa sənə
Bu, zarafat görünür;
Quluna şəfa yetir,
Əbülfət can üstədi.