Əzməkdə ikən varlığını qeydi - əsarət,

Bəsdir bu qədər yatdın ayıl, dur, bu nə halət?!

Afaqını sarmış, görürəm mən, yenə afat,

Heç bilməyirəm uyğudasan sən niyə, heyhat!

Qalx, topla qızıl gəncliyi, aç düşmənə qovqa!

Aç bir yeni qovqa, yeni üsyan!.. Yenə zira,

Vəhşi « mədənilər » gəmirir ruhunu, qalx, qalx!

Aç gözlərini, qardaşım, ətrafına bir bax,

Bir bax, qan içənlər yaradırlar yenə dəhşət...

Sən qanmı qusursan yenə? Eyvah, bu nə dəhşət!

Bax, bizdə bahar mövsimi, güllər də gülür... sən

Yaşlar axıdırsan nə üçün, söylə gözündən?!

Bir dinlə, necə ötmədə yurdundakı bayquş!

Sən haqqını almaq diləyirsənsə, həmən qoş,

Susdur onu, öldür onu, heç ötməsin əsla!

Bir bax, nə tələb etmədə səndən yeni dünya :

— Üsyançı ol, üsyançı ol, üsyançı, amandır!..

Şərqin o qızıl qəndili sönmüş, onu yandır!

Dur, ağlama, sil gözlərinin yaşını, tap can :

Üsyan yarat, üsyan yarat, üsyan yarat, üsyan!

Zəncirlərini qırmaq, o böyük haqq yolu tapmaq!

Üsyanladır, üsyanladır, üsyanladır ancaq!