Üzünü surəti-rəhman oxurlar
Üzünü surəti-rəhman oxurlar Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.210. |
Üzünü surəti-rəhman oxurlar,
Xətini sünbüli-reyhan oxurlar.
Əliftək cövhəri-yekta boyundur,
Dodağın çeşmeyi-heyvan oxurlar.
Boyun Tuba dedilər əhli-mə’ni,
Belin incə, ləbin mərcan oxurlar.
Əzəldən çün üzündür Misri-came,
Üzünü sərbəsər Qur’an oxurlar.
Üzün bağında bülbül, tuti, qumru
Həzaran suz ilə dastan oxurlar.
Üzün nuruna hər kim oldu münkir,
Ana lə’nət, adın şeytan oxurlar.
Bu gün çün hüsnünüzü yad edənlər,
Üzün şəmsü məhi-taban oxurlar.
Nə hikmətdir, əya, ey hüsnü ziba,
Səni aləmlərə sultan oxurlar?
Fəda qıl canını sən, ey Nəsimi
Ki, canı yar üçün qurban oxurlar.