Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım
Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım Müəllif: İmadəddin Nəsimi |
Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım,
Əya, sərvi-sərəfrazım, fəda olsun sana canım.
Ki, sənsən dərdimə dərman, üzün Fürqan, xətin reyhan,
Fəda olsun sana min can ki, sənsən şahü sultanım!
Ənisim, rəhbərim, yarım, gülər üzlü güləndamım,
Əbirim, ənbərü mişkim, boyu sərvi-xuramanım.
Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim,
Çü lə’lü yaqutum, dürrüm, şikarım, gövhərim, kanım.
Kəlamım, zikri-Qur’anım, kitabım, fikri-tövhidim,
Namazım, razımü səcdəm, bəkülli cümlə ərkanım.
Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm,
Cavabım, məsələm, sözüm, dilimdə cümlə dəstanım.
Həyatım, rahətim, mehrim, nicatım, ülfətim, zatım,
Təbibim, şərbətim, Xızrım, vücudum, sihhətim, canım.
Əzəldəndir mənim dərdim, sözü gerçək, qəmər bədrim,
Mühibbim, sevdiyim, mehrim, siyah zülfü pərişanım.
Təriqim, gəncimü malım, Nəsimim, aşiqim, eşqim,
Həbibim, vey əzizim, ey əzəldə kamil insanım.