İşi yoxdur
İşi yoxdur (16.03.2022) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Namərd ilə mərdin nə işi var – işi yoxdur!
Namərdlər arasında dedim mən: kişi yoxdur!
Qəlb qırmamağı istədim adət eləyim mən;
Güldü neçə cahil, dedilər ki: dişi yoxdur!
Möhkəm tutaraq silkələdim cəhlin ağacın;
Ancaq tökülən kaldı, məgər dəymişi yoxdur?
Bir şeytana mən yaxşılığı təklif edirdim,
Yox məndə, dedi, yaxşılığın vərdişi yoxdur!
Bir xalqın əgər olsa gözü başqa diyarda,
Çiydir belə millət, hələ ki bişmişi yoxdur!
Bir kəs ki işi xalqlar içində barışıqdır,
Dünyada bu cür bir kişinin heç eşi yoxdur!
Teymur yenə bal tutmadadır söz pətəyindən,
Nuş eylə doyunca balını, çün nişi yoxdur…
Nə Teymur uşaqdır ki, fələk allada bilsin,
Həm də fələyin Teymur üçün kişmişi yoxdur.