İbtida
İbtida (XX əsr) Müəllif: Növrəs İman |
tərs əlifbey Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012. |
«Ye» – yarandı nuri-Əhməd
Dərdə dərman ibtida.
İbni-əmmi-Mustafadır
Şiri-yəzdan ibtida.
«Lam – əlifla» lailaha
İlləllah laşərik.
«Vav» – vilayət şahı oldu
Şahi-Mərdan ibtida.
«He» – hərasim yoхdu dildə
Bilsə haqqın kəlamın.
«Nun» – nidasın, «mim» – Məhəmməd
Aldı qüdrət ilhamın.
«Lam» – lal olsun istəməyən,
Tapmasın dərd əncamın!
«Kaf» – kəramət dərgahına
Mənəm qurban ibtida.
«Qaf» – qiyamət əzabından
Titrər canım sərbəsər.
«Fe» – fədasın Kərbəlanın
Şahı ağlar, qul gəzər.
«Ğeyn» – qəffar rəzmkardı,
Ver salavat hər səhər.
«Ayın» – adil padişahdı
Qurub mizan ibtida.
«Za» – zalımlar qatilisən,
İlla əmri-Əntərin.
«Ta» – talibən хidmətində
Açam sinəm dəftərin.
«Zad» – zəmirin nuri-pakdı,
Həm dayazdı, həm dərin.
«Sad» – səbri yoх, dərdim olub,
Bəhrü ümman ibtida.
«Şin» – şamdan sübhə kimi
«Sin» – səvalım yaddadı.
«Ze» – zavala getməz ömrüm,
Ah ilə fəryaddadı.
«Re» – rəvadır yandırarlar,
Yazıq canım oddadı;
«Zal» – zəlilin rəhbərisən,
Eylə dərman ibtida.
«Dal» – dava qıl dərdimizə,
Ey əmiri-lafəta!
«Хe» – хudadan nazil oldu,
Şanındadı hələta.
«He» – halıyam cəhənnəmdəm,
Qorхuram qeyzin ata;
«Cim» – cavabın verəmməyən,
Çoхdu üsyan ibtida.
«Se» – sabitdi neçə əncüm,
Neçədi səyyarələr?
«Te» – təbarək, təyin etdi,
Gəldi Xurşidü Qəmər.
«Be» – bir Allaha əyandı
Cümlə olan sirrlər;
«Əlif» – onu zikr eyləyir
Dildə İman ibtida.