İbtida ustaddan dərsin almışam

PƏNC Alİ-ƏBA
Müəllif: Aşıq Ələsgər
PƏNC ALİ-ƏBA→
qoşma

İbtida "əlif"dən dərsin almışam,
Ələst aləmində demişəm "bəli",
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Mühəmməd, birisi Əli.

Əlidən dərs aldım eylədim əzbər,
Ərşin sütunudur yerlərə ləngər,
Fatimeyi-Zəhra, şafeyi-məhşər,
Onun seçdim gözəllərin gözəli.

Həsən Əl- müctəbda çoxdur şövkəti,
Ərşin güşvarəsi, göyün zinəti,
Məhşər günü darda qoymaz hümməti,
Əsğər qucağında şah Hüseyn gəli.

Xəliqi-ləmyəzəl vahid əl-yektay,
Qüdrətindən kamal verib mənə pay,
Oxu"əlif", "ğeyn"i, eylə haqqı-say,
Arif seçər əbcəd ilə cəm əli.

Günahım dəryadı, özüm qanmışam,
Tutduğum işlərdən çox utanmışam,
Püşti-pənahına daldalanmışam,
Adım Ələsgərdi, əslim - göyçəli.