İdeal/Ön söz
İdeal. Ön söz Müəllif: İsa Hüseynov Muğanna |
Süleyman padşahın xəzinəsi→ |
Fəlakətin həlledici mərhələsi orda başlandı ki, Qrek-Latın quldarlıq qanunları qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya o vaxta qədər planetin əsas — gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm — həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlli minlik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif "Boq" sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli — Oğlu mənasında işlənən ƏlAğ kəlməsi ərəbin təhrif "Əllah" ("Allah") sözü ilə (təkallahlıqla), BağHəmOd (vahid həqiqət bağı) rütbəsi "Mühəmməd" adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif "Muğ", "Mağ" kəlmələrilə adlandırılan, "atəşpərəst" sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən "Bibliya" ("Tövrat" — "Tora"), "Yevrangeliya" ("Novıy zavet" — "İncil") "Quran"da vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi "Bağ dilində" — "na bojyem yazıke" (yəni, OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik — "Türk" dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir. Həqiqətən nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə qlobal — ümumbəşəri fəlakət törətdiyi barədə bu müqəddimənin özündə də az-çox təsəvvür vermək üçün bütün açıqlığı ilə deyilməlidir ki, zahirdə bir-birinə düşmən rolu oynayan dinlər kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur və mənəviyyatca ayırmaq, parça-parça ərazilər, sərhədlər daxilində məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın — gizlin quldarlıq dövlətinin tələblərini təmin etmək məqsədi güdür. Planetimizdə əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız "elmi" ("tarixi", "etnik") arakəsmələr (süni psixoloji düşmənliklər) mühitində Kainatdan xəbərsizlik, açıq deyirəm, "sivilizasiya" altında cahillik o dərəcədə qatılaşıb ki, bu cahilliyin yaratdığı labüd "katastrofa" qarşısında indi Vatikan dövlətinin özü də qorxuya düşüb, nisbi proqressiv dairələrin planetdə "bütün dinləri birləşdirmək" təklifini, "həqqi təhrif edən xristianlıq", "fundamental İslam", "təriqətlər İslamı", "Bəhayilik", "Yəhudilik", "Buddizm" və sair "dini", "elmi", "izmlər" əvəzində, mövcud Vahid həqiqəti yaymaq ehtiyacını rədd edə bilmir. Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (öz əlimizlə) gah açıq, gah gizlin məhv edilən "Muğ" — Bağ nəslinin təhrif adı ("Muğanna" — "Bizim Muğlar") altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti — SafAğ Elmi hələ də təhrif "izm"lərin müqavimət səddi arxasındadır. Yeni Zaman — 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə — əbədi həyat planetlərinə qovuşmalı, yəni "Yer" —EyƏr (Uca İşıq) planetinə gizlin gəlib-gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək.
Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. "İdeal", "Ölüm-dirim" ƏsƏrlərində və bir səhifəlik "Peyğəmbərin möhürü"ndə Elmin əsası verilib; bu üç ƏsƏrlə tanış olmayan oxucu dördüncü, beşinci, altıncı, yeddinci ƏsƏrləri — "Qəbiristan", "GurÜn"ü, "İsahəq, Musahəq", "Məhşər"i ("ƏnŞərMənŞər"i) dərk edə bilməz. Təkrar edirəm: ƏsƏrlər yalnız burada göstərdiyim xronoloji ardıcıllıqla oxunmalıdır ki, fayda versin.
Muğanna,
22.07.1997