İftida
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Yer-göy yoxkan yaranıbdı,
Nuri-gövhər iftida.
O, nura bir nəzər saldı,
Pərvərdigar iftida.
Tüstüsündən xəlq eylədi,
Ərşi-gürşü, asimanı.
Köpüyündən qərar tutdu,
Yeddi qat yer iftida.

Bar İlahım nəzər qıldı,
Nuri-gövhər tərlədi.
O, nurdan bir qətrə düşdü,
Dərya ümman eylədi.
Cəbrayıldan səda gəldi,
Mənəm-mənəm söylədi.
Yetmiş il dərya üzündə,
Yandı şapər iftida.

Kamil ustad qulluğunda,
Bir kəminə nökərəm.
Qədirbilməz nadanlara,
Bir Maliki-Əjdərəm.
İsmimdi Məmmədhüseyn,
Ağa, qulam, günahkaram.
Quran yetdi Məhəmmədə,
Oldu əzbər iftida.