İki alma (1926)
Müəllif: Cəlil Məmmədquluzadə

Axşam vaxtları gəzməyə çıxanda, hərdən bir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım.

Və haman balaca oğlum ilə gəzməyə gedəndə, hərdən bir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaqla bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da deyirəm ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə pulum yox idi. Və bir də istəmədim ki, uşağım hər dəfə bazara çıxanda dadamal öyrənsin.

  • * * * *


Bir qədər dolandıq, sonra yolumuz dərya kənarına düşdü. Amma oğlumu da bidamağ görürdüm. Çün tərbiyə öz qaydasınca, uşağın öz təbiəti--bu da öz qaydasınca. Və onunçun da çox da inad etməmək babətindən dərya kənarında tabağa düzülmüş meyvələrdən iki şahıya iki dənə yaxşı qırmızı alma aldım və ikisini də verdim oğluma. Hərçənd oğlum almaları məndən aldı. Amma gördüm ki, könülsüz aldı. Mən ondan bidamağlığının səbəbini soruşmadım; çünki səbəbi aşkar idi. Bazarda bir az bundan qabaq o məndən iki şey istədi, heç birini almadım; bir Carco qovunu istədi--almadım, sonra da nemsə qənnadı dükanının qabağından keçəndə şüşənin dalına düzülmüş rəngarəng konfet və şirniyyatdan istədi--almadım.

Oğlum o dərəcədə məndən narazı imiş ki, mən almaları ona verəndən sonra da genə bir söz danışmaq istəmədi və mən ona verdiyim suallara da çox meyilsiz cavab verirdi.

Dəxi onu belə qaşqabaqlı görəndə mən özüm də bidamağ oldum və Azərneft idarəsinin qabağında duran tramvay vaqonlarının birinə oğlumu qalxızdım və özüm də mindim ki, gələk evimizə.

Vaqonda hələ bizim ikimizdən başqa heç kəs yox idi. Oğlum boyda bir yetim rus uşağı cır-cındır içində, üz-gözü qap-qara, çirkli və iyrənc, gəldi durdu qabağımızda və məndən bir qəpik pul istədi.

Cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən uşağa bir söz demədim ki, keçib getsin. Bir neçə minik arvad və kişi vaqona girdilər və sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim getdi yetimə pul verməməyimə və dilənçiyə pul vermək lazımdı, ya lazım deyilmi məsələsi məni başladı məşğul etməyә; hər kəs nə deyir desin, ancaq dilənçi uşağa heç bir şey verməmək mənim xoşuma gəlmədi. Buradan ona işarə etmirəm ki, mən heç bir dilənçiyə yox demərəm; çünki ola bilər ki, bir para filosofların dilənçiyə pul vermək, onu bədbəxt etmək sifəti bəlkə mənə də sirayət edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünkü dilənçi uşağa bir qəpik verməməyim məni burada xarab etdi; o səbəbə xarab etdi ki, haman dilənçi uşaq yaşda mənim atalı və analı olduğum, əyni-başı təzə, qarnı tox, bu saat buraya mənim sağ tərəfimdə məndən incimiş oturmuşdu ki, niyə mən ona konfet almadım, ancaq iki alma aldım.

Vaqonumuz hərəkət edib gedəndə akoşkanın şüşəsinin dalından gördüm ki, haman dilənçi uşaq yerdə durub, bir qırmızı almanı ağzına basıb gəmirtləyir. Qabaqca bir şey duymadım, amma haman dəqiqə yanımdakı oğlumun almaları yadıma düşdü və çöndüm uşağa tərəf. Oğlum gülə-gülə mənə yavaşca bunu dedi:

"Dədə, almanın birini verdim dilənçi uşağa."

Bir dənə qırmızı alma öz-özlüyündə bir şey deyil; onun qiyməti iki qəpikdir və yeyib qurtarandan sonra heç bir şeydir. Amma mənəvi işlərdə bir almanın dəyəri ola bilər çox böyük olsun. O qədər yüngüllük və könül xoşluğu ki, burada iki qəpiklik almadan mənə gəlib çatdı, nəhayət dərəcədə idi.

Filosofiya aləminə gəldikdə, qeyriləri dilənçiyə küçədə ianə verməyi nə cür başa düşürlər-düşsünlər və insaniyyət mütəxəssisləri bu məsələni nə tövr həll edirlər etsinlər, ancaq mənim bir balaca oğlum iki almasını birisini bir yetim uşağa verdi.

Və ola bilər ki, oğlum da yekələndən sonra, bir para alimlərin "küçədə dilənçiyə ianə verməyiniz" nəsihətini eşidəndən sonra, onları küçədə görəndə mənim kimi üz çöndərəcəkdir. Ancaq hələ ki, indi oğlum bu işləri başa düşmür və onunçun da iki almanın birini yetim uşağa verir.