İlan və qız
İlan və qız Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri var imiş, biri yox imiş, əyyamı qədimdə bir kişi varmış. Kişi boyda-buxunda elə bil Rüstəm Zalmış. Hansı pəhlivanın boynu əlinə keçsəymiş, o saat qatlayıb qırarmış. Belindən yapışanda belini qatlayıb sındırarmış. Heç bir pəhlivan onun arxasını yerə vura bilməzmiş. Kişinin adına Məhəmməd pəhlivan deyərlərmiş. Günlərin birində Məhəmməd pəhlivan meşəynən gedirmiş, bir də gördü ki, bir qara tikən kolunun dibində lüt anadangəlmə bir qız uzanıb. Qızın saçları o qədər uzundu ki, tökülüb tamam bədənini örtüb. Bir az da yaxına gedib, görür ki, bu elə bir qızdı, gözəllikdə milsi-bərabəri yoxdu. Bədən ağappaq mərmər kimi, saçları zil qara şəvə kimi. Elə bil qız qönçələnmiş qızıl güldü. Məhəmməd pəhlivan qızı oyadıb dedi: – Ey nazənin gözəl, kimsən, buralarda tək-tənha nə gəzirsən?
Qız dedi: – Mən kim olduğumu heç kimə deməyəcəyəm. Hər nəyəmsə, elə bu gördüyünəm. Məhəmməd nə qədər əlləşdi ki, qızın kim olduğunu öyrənsin, amma heç bir şey çıxmadı. Axırda dedi: – Ey gözəl qız, burda, bu kol-kosun dibində tək-tənha qalarsan, qurd-quş gəlib səni yeyər. Razı ol, gəl mənə, səni alım. Mən də tək adamam, bir yerdə dolanarıx. Çox uzun götür-qoydan sonra qız razılıq verdi. Məhəmməd çuxasını qıza geydirib evlərinə gətirdi. Ay dolandı, il keçdi, Məhəmmədin bu arvaddan üç qızı oldu. Məhəmməd evlənənnən sonra günü-gündən heyva kimi saralıb solurdu. Əvvəllər nər kimi olan kişi indi beli-buxunu əyilib cücəyə oxşayırdı. Kişi nə qədər həkimə, təbibə gedirdisə, heç bir əlacı olmurdu, Məhəmməd bir gün əlində əsa yolnan gedirdi. Dörd yolun ayrıcınnan bir qoca dərviş ona tərəf gəlirdi. Məhəmməd dərvişi görüb, ədəb-ərkanla baş əyib salam verdi. Məhəmməd yanın yerə qoyub, bir ah çəkdi. Dərviş dedi: – Bala, niyə ah çəkdin, dərdin nədir? Məhəmməd dedi: – Ey baba dərviş, mənim dərdimə loğmanlar, həkimlər əlac eləyə bilməyiblər, sən neyləyə bilərsən. Dərviş dedi: – Bəli, görürəm yeriyə bilmirsən, aparım səni evinə, əlacını deyərəm. Dərviş Məhəmmədin yanına düşüb, gəldi onların evinə. Evdə bir az oturub, söhbət eləyənnən sonra dərviş dedi: – Məhəmməd, indi sən arvadına, uşağlarına de, evdən çıxsınlar. Arvad-uşaq evdən çıxannan sonra dərviş dedi: – Məhəmməd, bu gecə arvadına çoxlu duzlu xörəklə şoraba verərsən. Evdə bir damcı da su saxlamazsan, ayna-qapını da elə qıfıllayarsan ki, heç fələk də gəlsə aça bilməsin. Gecə barmağını yarıb, içinə duz basarsan, yatmazsan. Xəlvətcə güdüb, arvadının nə elədiyinə fikir verərsən; sonra bütün gördüklərini sabah mənə söyləyərsən. Məhəmməd, nə badə mənim bu dediklərimi arvadına bildirəsən. Əgər o, bu sirri bilsə, səni su kimi əridər. Dərviş sözünü qurtarıb, çıxıb getdi. Həmən gecə dərviş necə demişdisə, Məhəmməd elə də elədi. Arvadı çoxlu duzlu xörəklə şoraba yedi, yatdılar. Gecədən bir xeyli keçmiş Məhəmməd gördü ki, arvadı yerindən qalxıb, evi tamam hələk-fələk elədi ki, su tapsın, bir damcı da tapa bilmədi. İstədi aynanı, qapını açsın. Gördü hər yerə qıfıl vurulub. Gəlib dayandı aynanın qabağında nəfəsini şişəyə verib, bir dəfə nəfəs aldı, ağzınnan elə bil od-alov çıxdı. O saat şüşə əriyib suya döndü. Arvad aynadan çıxıb, özünü verdi həyətdəki suyun başına. Ağzını suya diriyib o qədər içdi ki, çayın suyunu tamam qurutdu. Sonra yavaşca gəlib girdi yerinə. Məhəmməd bunların hamısını öz gözüylə gördü. Onu fikir götürdü ki, görəsən bu nə olan işdi. Heç üstünü vurmayıb, bir təhər səhər açılana kimi dözdü. Səhər sübh tezdən yerinnən durub, getdi həmin dörd yolun ayrıcında dərvişi axtarmağa. Gördü ki, dərviş bir qara daşın üstündə oturub onu gözləyir. Məhəmməd dərvişi görən kimi dedi: – Ağa dərviş, mən belə görürəm ki, başıma gələn işlərin hamısını sən bilirsən. Məni agah elə görüm, bu nə sirdir? Dərviş dedi: – Məhəmməd, bil və agah ol, sənin arvadın bəni-insan nəslinnən döyül. O, əjdaha nəslinnəndir. Onların belə bir qaydaları var, əvvəlcə ilan olurlar, üç yüz il ömür sürürlər. Üç yüz ildən sonra onların bədənində bir qara xal əmələ gəlir. Əlləri, ayaqları çıxır, yeddi yüz il yaşayıb, ikinci bir xal çıxardırlar. Bu dəfə dönüb əjdaha olurlar. Təzədən min iki yüz il yaşayıb, üçüncü bir qara xal da çıxardırlar. Bu dəfə dönüb insan şəklinə düşürlər. Amma adətləri, nəfəsləri əjdaha olaraq qalır. İndi səni heyva kimi saraldan arvadının nəfəsidir. Məhəmməd dedi: – Baba dərviş, bəs mən nə edim ki, bu bəladan xilas olum? Dərviş dedi: – Məhəmməd, burdan gedərsən bir yekə təndiri ağız-bağız odunla doldurub, bərk yandırarsan, arvadını aldadıb, deyərsən ki, bu gün çörək bişirsin. Arvadın təndirin qırağında hərlənəndə itələyib onu salarsan təndirin içinə, tez təndirin ağzını bağlayıb, qaçıb girərsən evə. Bunu eləyə bilsən canın qurtaracaq. Məhəmməd dərvişdən çox razılıq eləyib, gəldi evinə. Təndiri möhkəm qalayıb, arvadına dedi ki, get çörək bişir. Arvad təndirin qırağına gələn kimi Məhəmməd onu daldan itələyib saldı təndirə. Tez təndirin ağzını örtüb qaçıb girdi evə. Məhəmməd gördü təndirdən bir nərilti, gurultu qopdu, bir alov qalxdı ki, az qaldı hər yer alışıb yansın. Aradan bir az keçdi. Səs-küy kəsildi. Məhəmməd yavaş-yavaş gedib təndirin ağzını açıb gördü təndirin daşı, torpağı yanıb kül olub. Arvadın izi-tozu qalmayıb. Məhəmməd təndirin başından qayıdıb, gəldi evinə. Gördü qızlarının üçü də qorxudan biri-birinə qısılıb ağlayırlar. Məhəmməd bir fikirləşdi ki, əjdahadan törəyən elə əjdaha olar. Gəl sən bunları da öldür, sonra başına bəla açarlar. Amma günahsız övladlarını bu vəziyyətdə görüb, ürəyi yumşaldı, öz-özünə dedi: “Allaha təvəkkül, nə olar-olar. Nə təhər olsa, yenə övladlarımdı”. Ay dolandı, il keçdi, qızlar, gəlib həddi-büluğa çatdılar. Məhəmməd də qocalıb lap əldən düşmüşdü. Məhəmməd görür ki, əlinnən daha ayrı iş gəlmir. Odur ki, hər gün gedib koldan-kosdan qırıb bazarda satmağa başladı. Aldığı qəpik-quruşnan uşağlarını dolandırırdı. Bir gün kişi yenə kol qırdığı yerdə bir bədheybət ilan çıxıb durdu qabağında, başladı insan kimi dil açıb danışmağa: – Ay kişi, sən az qalmışdın dəhreynən quyruğumu üzeydin. İndi mən səni elə vuracam tas-tas olasan. Kişi başladı yalvarmağa ki, ey Allahın heyvanı, mən nə bileydim sən bu kolun dibində gizlənibsən, gəl sən məni vurma, uşağlarıma baxan olmaz. İlan dedi: – Neçə uşağın var? Kişi dedi: – Üç qızım var. İlan o saat başını bir irəli, bir geri qatlayıb dedi: – Kişi, əgər qızını mənə versən onda səni vurmaram. Kişi dedi: – İlan qardaş, qoy gedim evdə qızıma deyim, razı olsa sabah kol qırmağa gələndə onu da gətirərəm. İlan onun sözünə razı olub getdi öz yerinə. Kişi gəlib evdə əhvalatı böyük qızına söylədi. Qız dedi: – Ay dədə, dəli olubsan, nədi, mən niyə ilana ərə gedirəm. Get de qızım razı olmur. Yazıx kişi qorxa-qorxa gəlib çıxdı həmin gölün dibinə. O saat ilan sürünə-sürünə gəlib dayandı kişinin qabağında, dedi: – Hə, de görək qızın razı oldu, ya yox? Yazıx kişi dedi: – Vallah nə qədər elədim, razılıx vermədi ki, vermədi. İlan dedi: – Kişi, bu dəfə də gedib ortancıl qızına deyərsən, gör o nə deyir. Binəva kişi heç bu dəfə kol da qırmayıb başı alovlu qayıtdı evə. Ortancıl qızını yanına çağırıb əhvalatı ona danışdı. Bu da böyük bacısı kimi dədəsinin sözünü yerə saldı. Kişi kor-peşman, qorxudan əsə-əsə gəlib ortancıl qızın da sözünü ilana xəbər verdi. İlan o saat bir fəğan elədi ki, gəl görəsən. Fısıldadı, gözləri çıxdı kəlləsinə, özünü bir o üzə, bir bu üzə çırpıb sarındı kişinin boğazına, dedi: – Kişi, bax sənə deyirəm, bu dəfə də gedib kiçik qızına deyərsən, o da razı olmasa, onda özünü ölmüş bil, səni elə vuracam ki, əriyib suya dönəcəksən. Yazıx kişi gəlib əhvalatı indi də kiçik qızına söylədi. Qız dedi: – Ay dədə, ilana deyil, lap çayana da versən gedərəm, təki səni ilan vurmasın. Dur bu saat hara deyirsən gedək. Kişi qızını yanına salıb gətirdi ilanın yanına. İlan dedi: – Mən hara getsəm dalımca gələrsən. Bəli, ilan başladı əyri-üyrü yollarnan sürünə-sürünə getməyə. Dağlar aşdı, meşələr keçdi. Gəlib çıxdı bir mağaranın ağzına. Mağaradan içəri girdi. Qız baxdı ki, hər yer qaranlıxdı, göz-gözü görmür. Odu ki, mağaraya girməyə qorxdu. İlan o saat qışqırdı ki, ay qız qorxma, gəl dalımca. Qız ürəklənib bir az da gedənnən sonra bir də gördü ki, bir gözəl imarətin qabağında dayanıb. İmarət nə imarət, bir kərpici qızıl, bir kərpici gümüşdən. adam baxanda gözü qamaşır. İlan düz girdi bu imarətin içinə, onun dalınca da qız, hər yer qızıl, gümüş, ləl-cavahirat, almaz, yaqut tamam daş-qaş içində idi. İlan keçib o biri evdə donunu dəyişib gəldi qızın yanına. Qız baxıb gördü ki, ey gidi, bu ilan deyilmiş, qəşəng bir oğlan imiş. Qız bu işə şad olub sevindi. Sizə xəbər verim qızın dədəsinnən. Kişi kiçik qızını ilana verənnən sonra demə pusa-pusa bunların dalıncan gedirmiş ki, görsün ilan qızını hara aparır. Axırda kişi də ilanın donunu dəyişib gözəl bir oğlan olduğunu görüb sevindi. Kişi düz ordan qayıdıb gördüklərinin hamısını evdə qızlarına söylədi. Böyük qıznan ortancıl qız bu sözləri eşidən kimi paxıllıxlarından od tutub yandılar. Bədənlərinə qor dolmuşdu. Öz-özlərinə dedilər: “Yaxşı, biz ona elə divan tutarıx ki, heç ömrünün axırınatan yadınnan çıxmaz”. Günlərin birində iki bacı dədələrinnən bacılarının yerini öyrənib gəldilər kiçik bacılarıgilə. Bir az o yannan, bu yannan söhbət salannan sonra böyük bacı dedi: – Ay bacı, ilan oğlan səni çox istəyirmi? Kiçik bacı dedi: – Məni elə çox istəyir ki, öl desəm ölər, qal desəm qalar. Dünyada mənim bir sözümü iki eləməz. Böyük qız dedi: – Ay bacı, indi ki belədi, onda al onun ilan donunu yandır getsin, nəyə lazımdı. Birdən acığı tutar, təzədən onu geyər. Bir də onu neyləyirsən evdə saxlayıb, adam qorxur. Qızlar hərəsi bir tərəfdən kiçik bacılarını başdan çıxartdılar. Sonra da durub getdilər. Axşam qızın əri evə gələndə başladı ki, gərək sənin ilan donunu yandıram. Kişi nə qədər başa saldı ki, onu yandırsan mən yox olacam, qız inanmadı ki, inanmadı. Elə nırx deyib durdu ki, sən məni istəmirsən. İstəsən qoyarsan donunu yandırmağa. Oğlan gördü qız əl çəkmir, dedi: – İndi ki, donumu yandırmaq istəyirsən, onda bu sözlərimi yadında saxla, yoxsa sonra peşman olacaxsan. Mənim donumu bircə soğan qabığıynan yandırmaq olar. Ayrı heç nəynən yanmaz. Elə ki, onu yandırdın, o saat özündən gedib yıxılacaqsan yerə. Hannan-hana ayılıb görəcəksən ki, mən yoxa çəkilmişəm. Nə qədər axtaracaxsan məni tapa bilməyəcəksən. Məni tapmaq istəsən onda gərək ayağına bir cüt dəmir çarıx geyib, əlinə də bir dəmir əsa alasan, o qədər axtarasan ki, çarıxların dabanı deşilə, əsanın da ucu yeyilə. Bəlkə onda, tapasan. Qərəz, qız oğlanın sözünə fikir verməyib onun donunu yandırdı. O saat qız tirtap özünnən gedib yıxıldı yerə. Bir də gözün açıb gördü ki, yanında nə ins var, nə cins. Tək-tənha qalıbdı bir düzdə. Qız tutduğu işdən tamam peşman oldu. O qədər ağladı ki, gözünün yaşı sel kimi axdı. Bir də gördü bir qarı buna sarı gəlir. Qız başına gələnləri ona danışıb dedi: – Ay qarı nənə, sənə qurban olum, mənə bir cüt dəmir çarıxnan bir dəmir əsa tap. Qarının qıza yazığı gəldi. Gedib bir cüt dəmir çarıxnan bir dəmir əsa tapıb gətirdi. Qız çarıxları ayağına geyib, əsanı da əlinə alıb yol başladı getməyə. Bu getməynən düz qırx gün, qırx gecə yol getdi. Bir də baxıb gördü ki, çarığın dabanları deşilib, əsanın da ucu yeyilib. Baxdı ki, yaxında bir bulax görünür. Getdi bulağa sarı. Gördü bir qız əlində parç, su doldurur, dedi: – Ay bacı, parçı ver bir az su içim. Qız dedi: – Verə bilmərəm, Mədəd bilsə acığı tutar ki, niyə mənim parçımda ayrı adam su içib. Qız dedi: – Mədəd kimdi? – Mənim nişanlım. Qız Mədəd adını eşidən kimi öz əri yadına düşdü. Öz-özünə dedi: “Ay gidi, bəlkə elə bu mənim ərim özüdü”. Odu ki, qızı bir təhər dilə tutdu, parçda su içib sonra da doldurdu, öz üzüyünü xəlvətcə çıxardıb parçın içinə saldı. Qız aparıb suyu nişanlısına verdi, oğlan suyu içəndə gördü ki, parçın içində bir üzük var. Üzüyə baxıb o saat tanıdı ki, öz arvadınındı. Tez qızı çağırıb dedi: – De görüm bu parçda kim su içib? Qız əvvəlcə istədi dansın, gördü yox, olmayacax. Axırda naəlac qalıb dedi ki, bir yolçu qız zornan parçı əlimnən aldı, su içdi. Oğlan dedi: – Tez bu saat get o qızı tap gətir bura. Qız qaçıb bulağa sarı getdi, gördü həmin adam oradaca oturub, elə bil adam gözləyir. Qız dedi: – Ay bacı, Mədəd səni çağırır. Dur gedək. Elə bu sözü eşidən kimi Mədədin arvadı gəldi evə. Baxıb biri-birini tanıdılar. Mədəd su gətirən qızı bir bəhanə ilə ayrı yerə göndərdi. Mədəd arvadına dedi: – Hal-qəziyyə, sən mənim donumu yandırannan sonra gəlib çıxmışam bu məmləkətə. Bura yeddi qardaş devin torpağıdı. Sənə su verən qız da onların bacılarıdı. Günlərin birində yeddi qardaş dev məni tilsimə salıb tutdular, gətirdilər öz qalaçalarına ki, məni yesinlər. Əlayağımı sarıyıb atdılar bir küncə. Devlərin aman-zaman bircə bacıları var idi. Onu çox istəyirdilər. Bu qız demə mənə aşiq olubmuş. Bir gün yenə devlər bir yerə yığışıb məni yemək istəyirdilər. Birdən qız başladı ki, ay qardaşlarım, gəlin bu bəni-insanı öldürməyin, verin mənə. Siz çıxıb gedəndə mən qalıram təkcə, darıxıram, heç olmasa onunla danışıb, gülərəm, dərdim yadımdan çıxar. Dev qardaşları bacılarının xətrinə dəymədilər. Qız bir neçə gündən sonra mənə elə alışdı ki, mənsiz dayana bilmirdi. Fikirdən saraltma azarı gətirmişdi, yeddi qardaş dev bacılarının günü-günnən geri getdiyini görüb dedilər: – Ay bacı, axı sənin dərdin nədi ki, belə saralırsan? Allaha şükür, sən dünyada nə istəyibsənsə, hamısını hazır eləmişik. Səni and veririk anamızın südünə, aç dərdini de. Qızın əlacı kəsildi, dedi: – Ay qardaşlar, Allahdan gizlin deyil, sizdən nə gizlin? Hal-qəziyyə, mən bu bəni-adəmin dərdinnən saralıb soluram. Əgər ölməyimi istəmirsinizsə, məni ona ərə verin, yoxsa mənim dərdimə çarə yoxdu, ölüb gedəcəm. Yeddi qardaş dev götür-qoy elədilər, axırda dedilər: – Bəni-adəmin fikrini çəkib ölüncə, qoy verək ərə. Odu ki, hazırlıq görüb, sabah məni həmin qıznan övləndirmək istəyirlər. İndi ayrı əlac yoxdu, bircə yol qalır ki, qaçax. Ər-arvad başladılar tədbir tökməyə ki, necə qaçsınlar. Mədəd dedi: – Biz elə belə qaçsax, devlər tutarlar. Bu devlərin bacılarınnan onların sirlərini öyrənmişəm. Gərək biz devlərin qalaçalarınnan sehirli su, ülgüc, bir də duz götürüb, qara devin yerin altında, qaranlıxda saxladığı qara ata minib qaçaq. Qız Mədəddən soruşdu: – Yaxşı, bəs o suyu, ülgücü, duzu neyləyirsən? Mədəd dedi: – O sudan bircə tulux yerə töksən, hər yer dönüb olacax yekə bir ümman. Ülgücü yerə salanda, hər yer ülgüc dönəcək, dalımıznan gələn devlərin ayaxlarını doğram-doğram eləyəcək. Duzu da tökəndə devlərin yaralarına dolub yandıracax. Bəli, Mədəd gecəni yatıb səhər tezdən bir müsibətnən qara devin atını tövlədən çıxardıb mindi, qızı da tərkinə aldı. Suyu, ülgücü, duzu da götürüb, asta qaçana göy imam qənim, deyib götürüldü. Elə bir azca getməmiş geri baxıb gördülər ki, yer, göy hamısı qarışıb biri-birinə, bir tufan qopub, bir çovğun düşüb ki, adamı vahimə basır, bir tərəfdən göy guruldayır, bir tərəfdən yer inildəyir, şimşək oynayır. Mədəd o saat bildi ki, bu qızın böyük qardaşı qara devdi. Tez götürdüyü sudan bir az yerə səpdi, o saat hər yer dönüb oldu dəryayi-ümman, qara dev sudan keçib gələnədək bunlar bir az uzaxlaşdılar. Bir azdan sonra Mədəd dönüb bir də geri baxdı, gördü ki, indi də qızın qardaşlarının hamısı ildırım kimi gəlirlər. Bu dəfə də oğlan bunların qabağına ülgücü atdı, devlərin ayaxlarını ülgüc kəsib doğram-doğram elədi. Mədədlə qız bir az da uzaxlaşdılar. Devlər yenə əl çəkməyib axsaya-axsaya gəlirdi. Mədəd indi də duzu atdı yerə. Duz devlərin yaralarına doldu, yandırdı. Daha gələ bilmədilər. Mədəd bir də geri baxıb gördü heç nə yoxdur. Gün çıxıb, hər yeri işıqlandırıb. Gəlib evlərinə çıxdılar. Qız baxıb gördü ki, ona dəmir çarıxnan dəmir əsa verən qarı pilləkəndə oturub onların yolunu gözləyir. Mədəd, arvadı, qarını da yanlarında saxlayıb xoş güzəran keçirdilər.