İlan və tülkü
İlan və tülkü Müəllif: Şifahi xalq ədəbiyyatı |
İlan və tülkü dost olsalar da həmişə bir-birlərini məhv etmək haqqında düşünürdülər. Günlərin birində ilan tülküyə dedi:
- Xalq Məkkəyə gedir ki, müqqəddəsləri ziyarət etsin və onlara dua oxusun. Gəl biz də ora gedək.
Tülkü razılaşdı və onlar Məkkəyə yola düşdülər. Gecə getdilər, gündüz getdilər, nəhayət dəniz sahilinə gəlib çatdılar.
- İndi biz nə edək? – deyə ilan soruşdu. – Axı mən üzməyi bacarmıram. Biz o biri sahilə necə çıxa bilərik?
- Gəl sən mənim belimə min, - deyə tülkü cavab verdi. O fikirləşdi ki, suda ilanı üstündən atar və beləliklə onu məhv edər. Lakin dənizin ortasında ilan tülkünün boynunu sıxmağa və onu boğmağa başladı. Tülkü bunu görüb, dedi:
- Mənim canım bədənimdən çıxmaqdadır, mən sənin gözlərinə baxmadan ölməkdən qorxuram. Imkan ver, son dəfə sənə baxım.
- Yaxşı, - deyə ilan razılğını bildirdi və başını irəli uzatdı.
Tülküyə elə bu lazım idi. O ilanın başından yapışdı və onu gəmirdi. Işini gördükdən sonra, tülkü dedi:
- Mən rəfiqədə düzlüyü xoşlayıram, əyriliyi yox!
Mənbə
redaktə- Dağıstan xalqlarının nağılları. Bakı, 2013