İlanlı dərə
Rəvayətlər. İlanlı dərə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Muradxanlının qırağında bir böyük qarağac varmış. Ocağıymış.
Bir gün bir oğlan uşağı ocağa gələn ilanı öldürür. Atası deyir:
– Bala, Allah sənə lənət eləsin, sən bu ilanı niyə öldürdün?
Bir gün bunlar ata-bala gedirlər kövşəndə cüt sürürlər. Günorta qarağacın dibində oturub çörək yeyirlər. Bir də görürlər budur bir ilan gəldi. Kişi durur ayağa, deyir:
– Allah sənə lənət eləməsin, niyə gəlmisən? Bu öküz lazımdısa, apar.
İlan deyir:
– Yox.
Kişi deyir:
– Onda mənim özümü apar.
İlan yenə deyir:
– Yox.
Oğlanı qatır qabağına, aparır. Kişi də dallarınca gedir. Bir dərəyə çatanda kişi görür, ilan da, uşaq da yox oldu.
O vaxtdan o dərəyə İlanlı dərə deyirlər.