İlanla qaranquşun dostluğu
Rəvayətlər. İlanla qaranquşun dostluğu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Keçmiş zamanlarda ilan ilə qaranquş bərk dost imişlər. Aralarından
su da keçməzmiş. Həmişə bir yerdə gəzər, tapdıqları yemi
bir yerdə bölüb yeyərmişlər.
Bir dəfə ilanla qaranquş nə barədəsə sözləşirlər. İş o yerə çatır ki, əlbəyaxa olub dalaşırlar. Qaranquş uçub göyün bir qatına qalxır. Oradan şığıyıb ilana hücum çəkir. Onun dilini dimdikdən keçirib yaralayır. İlan da fürsəti əldən vermir, yaralı-yaralı qaranquşa tərəf cumur. Nə fayda, gecikir. Yalnız quyruğunu qopara bilir. Deyirlər elə o vaxtlardan ilanla qaranquşun bir-birini görməyə gözləri yoxdu. İlanın dilinin haçalığı, qaranquşun haçalı quyruğu elə həmin davadan qalma şeydi.