İldırımın tutulması
İldırımın tutulması Müəllif: Şifahi xalq ədəbiyyatı |
Tipsakobe-no Suqaru hökmdar Yuryakunun mühafizəçisi idi
və heç vaxt ondan ayrılmırdı (sağlığında hökmdarı Xasuseli
Gənc Döyüşçü adlandırırdılar). Yuryaku Xasusedəki Asakura
sarayından iyirmi üç il dünyaya hökmdarlıq eləmişdi.
Hökmdarın İvare sarayında yaşadığı vaxtlar bir gün Suqaru
hökmdarla arvadının yorğan-döşəyə uzandığından xəbərsizətərsiz
yataq otağına girdi. Hökmdar utandı və yataqdan qalxdı.
Elə bu vaxt göy gurultusu eşidildi. Hökmdar Suqaruya əmr elədi:
“İldırımı bura gətir!” “Baş üstə” – deyə Suqaru cavab verdi.
Suqaru əmri alıb sarayı tərk elədi, alnına qırmızı sarğı bağladı,
ucu qırmızı mizraqlı nizəsini götürdü və atın belinə sıçradı.
O, Abe kəndindəki Yamada təpəsini, Budda Toyoda məbədini
ötüb keçdi və nəhayət, gəlib Karu-no-Morokosidəki yol ayrıcına
yetişdi və qışqırdı: “Hökmdar ildırım tanrısını hüzuruna çağırır!”
Suqaru atını geri çapdı və dedi”: “O ildırım tanrısı olsa da
hökmdarın sözündən çıxmağa ürək eləməz”.
İldırım Toyoda məbədi və İoka təpəsinin arasına düşdü. Suqaru İldırımı görüb tanrıların kahinlərini çağırdı və onlar İldırımı müqəddəs kəcavəyə oturtdular. Sonra onlar hökmdarın sarayına yollandılar və Suqaru ona dedi: “Mən ildırım tanrısını gətirdim!” İldırım par-par parlayır və dörd bir tərəfə işıq saçırdı. Hökmdar ondan qorxdu. İşi belə görən Yuryaku çoxlu nəzir verdi və İldırıma düşdüyü yerə qayıtmağı əmr elədi. İndi həmin təpə İldırım təpəsi adlanır. (Təpə qədim Asuka paytaxtında Ovarid sarayından şimalda yerləşir).
Bir müddətdən sonra Suqaru öldü. Hökmdar əmr elədi ki, onun meyitini yeddi gün, yeddi gecə basdırmasınlar. Yuryaku Sadiq Suqarunun ölümündən kədərləndi. İldırımın düşdüyü yerdə məqbərə ucaltmaq və üzərində “Burada İldırıma qalib gələn Suqaru yatır” sözlərini yazmaq haqda sərəncam verdi. İldırım qəzəbləndi, yerə endi, məqbərəni vurmağa, tapdalamağa başladı və dağıntının altında qaldı. Hökmdar bunu eşitdi, qazıb tanrını çıxartdı və tanrı sağ-salamat qaldı. İldırım yeddi gün, yeddi gecə tərpənə bilmədi. Hökmdarın nökərləri məqbərəni yenidən tikdilər və üzərində yazdılar: “Burda İdlırıma əbədi qalib gələn Suqaru yatır”. “İldırım Təpəsi” adı belə yaranıb. Təpəyə bu ad qədim Asuka paytaxtı vaxtlarında verilib.