İldırım təşkilatının Səməd Vurğuna məktubu

İldırım təşkilatının Səməd Vurğuna məktubu (1944-cü il 11 may)
Müəllif: İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu
Mənbə: "Səməd Vurğuna yazılan MƏXFİ MƏKTUB". Kulis.az (az.). İstifadə tarixi: 2024-08-21.


Hörmətli Səməd Vurğun!

Bu məktub sizə Azərbaycanın azadlıq və istiqlaliyyətini, sərbəst inkişafını düşünən, arzulayan və öz həyatını bu yolda qurban verməyə hazır olan gənclərin adından yazılır.

Hörmətli Səməd, bu məktubu yazan bizlər - zəncirlənmiş Azərbaycan xalqının vətənpərvər gəncləri çox şadıq ki, bizim bu cür ağır şəraitdə olsa belə, böyük sənətkar şairimiz var. Biz sizinlə, sizin sənətiniz və tutduğunuz amalla fəxr edirik.

Bu sonsuz fəxr ilə yanaşı, bizim həm də böyük kədərimiz, həyəcanımız, təşvişimiz vardır: bütün dünya ədəbiyyatında özünə mühüm yerlərdən birini tuta biləcək Azərbaycan dahilərinin, yüksək sənət ustalarımızın əlimizdən alındığı yadımıza düşərkən biz həyəcanlanır və qorxuruq ki, sənətə və ədəbiyyata mane olan, onun çiçəklənməsinin qarşısına sədd çəkən indiki həyasız qanunlar sizin də qaynar istedadınızı çərçivə içərisinə ala bilər.

Biz qızıl qəfəs içində süni mahnılar oxuyan bülbülü yox, gözəl bahar bağında əlvan çiçəklər içində incə, zərif rübailər tərənnüm edən bülbülü dinləmək istəyirik.

Hörmətli Səməd, nə üçün vaxtilə bütün dünyada dahi şairləri ilə tanınmış Azərbaycan indi, sovet cümhuriyyəti qurulduğu bir dövrdə 60 üzvü olan bir Yazıçılar İttifaqına malik olsun? Nə üçün öz Vətənində əsarət və ehtiyac içərisində yaşayan azərbaycanlı öz milli hüquqlarından istifadə etməsin? Buna səbəb azərbaycanlıların özləridirmi?

Əcnəbi balaların təhsil almağa hər cür imkanları olduğu halda, böyük zəkaya, zehnə malik azərbaycanlı uşaqların səhərdən axşama kimi bir parça çörək üçün avara qalmalarına səbəb nədir?

Azərbaycanın institutlarında tədris edilən elmi kitabların dilimizə tərcümə edilməməyinə səbəb nədir?

Azərbaycanlıları daim ruslardan asılı etməkdirmi?

Cəbhədə ruslarla birlikdə çarpışan azərbaycanlıların milli dövlət dilinə malik olmamağına səbəb nədir?

Ədəbiyyatımızın süniləşdirilməsinə və çərçivə içərisinə alınmasına səbəb nədir?

Bunlar bizi daim düşündürən məsələlərin cüzi bir hissəsidir!

Əziz Səməd! Biz Sizə edəcəyimiz mübarizənin məqsəd və yollarının hamısını şərh etmək fikrində deyilik. Lakin sizə çatdırmaq istəyirik ki, qolları bağlı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda son ana qədər mübarizə edəcəyimizə and içmişik. Bizim sayımız sonsuzdur: bir sıra qab dibi yalayanlardan başqa hamı bizimlədir!

Hörmətli dramaturqumuz Cəfər Cabbarlının aşağıdakı misraları isə bu gün bizim şüarımızdır:

Döndər günəşin atəşə, saç qərbə, şimala. Topla nə gücün varsa, giriş qəti cidalə. Ya haqqını al, ya əbədi ol laməhalə. Qoy gülləri ya qan sulasın, yaxud ədalət, Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət.

Bizim bu məktubu yazmağımıza əsas səbəb sizin son çıxışınız oldu. Həmin çıxışınız bizə Namiq Kamalın bu sözlərini xatırlatdı: “Ədəbiyyatsız bir xalq dilsiz insana bənzər”. Dil kəsənlər isə cəlladlardır.

Siz heç bir şeydən çəkinməyin. Bütün xalq sizinlədir! Biz gənclər isə siz ziyalılardan dərs almaq istərdik. Əfsus ki, sizinlə danışmağa ümumi “dilimiz” yoxdur.

Hörmətli Səməd! Əgər siz, heç olmazsa, bizim bu fikirlərimizin biri ilə razılaşırsınızsa, o zaman bunu bizə bildirmək məqsədilə Azərbaycan şərəfinə “Vətən ulduzları” adlı bir şer yazın. Biz yalnız o zaman fəxr ilə əmin ola bilərik ki, müasir şerimizin atası bizim səsimizə səs verdi.

11 may 1944-cü il

Dönməzlər.