İmdad (Əhməd Cavad)
İmdad (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Vicdanım əmr etdi, imdada gəldim,
Məzlum səsi duydum, mən dada gəldim!
Ziyafət görmədim , yaslıdır ellər,
Çoxalmış məzarlar, dərdini söylər.
Talanmış şanələr, yolunmuş teller,
Olduğunu duydum, imdada gəldim!
Yarılmış qorxudan pənbə dodaqlar,
Aşiqlər ah çəkər, dərdindən ağlar.
Bax, nələr söyləyir tarlalar, dağlar,
Qardaş səsi duydum, imdada gəldim!
Qonşularda toydur, bizdə ağlaşma,
Bu yerdə qız gülməz, gəl heç uğraşma!
Sən ey dərdli könlüm, burda dolaşma!
Bən səninçün deyil, imdada gəldim!
Qarları boyamış məzlumlar qanı,
Ölənlər çox, fəqət məzarı ham?
Ayaqlar altında şöhrəti, şanı
Qalanları görüb, imdada gəldim!
Bir yerdə ki, zalım bayrağı sanca,
Göz yaşı tökülər о yerdə bunca;
Bu dərdə ağlayım, bir ah, doyunca,
Qərib səsi duydum, imdada gəldim!
Verib yad əllərə sırma telini,
Gəlinlər buraxmış gözəl elini.
Anasızdır yavru, sən söylə ninni.
Ninnisiz yavruya, imdada gəldim!
Tutmaz bacaları, yanmaz çıraqlar,
Qardaşı bacıdan ayırmış dağlar.
Bacılar nerdədir, buludlar ağlar?
Qardaşsız bacıya imdada gəldim!