İnşallah
Müəllif: Şair Əbülfət
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Ey könül, qəm yemə, Allah kərimdi,
Yaradan imdada çatar, inşallah!
Yusifi quyudan çıxardan kişi
Əl atıb, dəstindən tutar, inşallah!

Salavat çevirər günahsız əllər,
Savabla yoğrular işlər, əməllər.
Bar verər ağaclar, baş açar güllər,
Sevinər bülbüllər, ötər, inşallah!

Əbülfət, qəm yemə, gələr zamana,
Belə müşkül işlər çıxar asana.
Yön çevir dərgahi-Şahi-mərdana,
Əlin ətəyinə yetər, inşallah!