İncimiş pişik
Müəllif: Şifahi xalq ədəbiyyatı


Günlərin birində Qoca, bir neçə dənə çolpa alıb evinə gətirdi və Qarısına tapşırdı ki, çığırtma bişirsin. Qarı da çolpaları bişirib, hamısını özü yedi. Kişi evə gələndə ona dedi ki, çığırtmanı guya Pişik yeyib. Pişik də bunu eşitdi, acıq eləyib çıxdı artırmaya. Artırma gördü ki, Pişik qaş-qabaqlı oturub, soruşdu:

– Pişik, sənə nə olub, burnunu niyə sallamısan?

– Qoca bir neçə çolpa almışdı, – deyə Pişik cavab verdi, – gətirib Qarısına verdi. Qarı da bişirib, hamısını özü yedi, Qoca evə gələndə ona dedi ki, çığırtmanı guya Pişik yeyib. Bəs burnumu sallamayım nə eləyim?

– Onda mən də uçulub dağılaram, – deyə Artırma cavab verdi.

Artırma uçulub dağıldı, qonşu Divar ondan soruşdu:

– Artırma, sən nə üçün uçub dağıldın?

– Qoca bir neçə çolpa almışdı, – deyə Artırma ona cavab verdi, – gətirib Qarısına verdi. Qarı da çolpaları bişirib, hamısını özü yedi, ancaq Pişiyin boynuna qoydu. Pişik oturub qaşqabağını töküb, mən də onun üçün uçub dağıldım.

– Onda mən də üzümün suvağını tökəcəyəm, – deyə Divar səsləndi.

Divar suvağını tökdü. Divarın üstündə oturan Quş ondan soruşdu:

– Divar, sən nə üçün suvağını tökmüsən?

– Qoca bir neçə çolpa almışdı, – deyə Divar cavab verdi, – gətirib Qarısına verdi. Qarı da çolpaları bişirib, hamısını özü yedi, ancaq Pişiyin üstünə yıxdı. Pişik oturub qaş-qabağını töküb, Artırma uçub dağıldı, mən də suvağımı tökməyim, bəs nə edim?

– Onda mən də bütün lələklərimi tutub yolacağam! – deyə Quş cavab verdi.

Quş bütün lələklərini yolub ağaca qondu.

Ağac ondan soruşdu:

– Ay quş, sən nə üçün bütün lələklərini yolmusan?

– Qoca bir neçə çolpa almışdı, – deyə Quş cavab verdi, – gətirib Qarısına verdi. Qarı da çolpaları bişirib özü yedi, ancaq Pişiyin üstünə yıxdı. Pişik oturub qaş-qabağını töküb, Artırma uçub dağıldı, Divar üzünün suvağını tökdü, mən də lələklərimi yolmayım, nə eləyim?

– Onda mən də bütün yarpaqlarımı tökəcəyəm yerə. – deyə Ağac səsləndi.

Ağac bütün yarpaqlarını yerə tökdü. Onlar bulağa düşdü, Bulaq, dostu Ağacdan soruşdu:

– Ay Ağac, sən nə üçün bütün yarpaqlarını yerə tökdün?

– Qoca bir neçə çolpa almışdı, – deyə Ağac cavab verdi, – gətirib Qarısına verdi. Qarı çolpaları bişirib hamısını özü yedi, ancaq Pişiyin boynuna yıxdı. Pişik də oturub qaş-qabağını töküb. Artırma uçub dağıldı, Divar suvağını tökdü, Quş lələklərini yoldu, mən də yarpaqlarımı tökməyim, nə edim?

– Onda mən də quruyacağam, – deyə Bulaq cavab verdi.

Qulluqçu su aparmaq üçün Bulaq üstə gəlib gördü ki, Bulaq tamam quruyub, Qulluqçu Bulaqdan soruşdu:

– Bulaq, sən nə üçün qurumusan?

– Qoca bir neçə çolpa almışdı, – deyə Bulaq ona cavab verdi, – gətirib Qarısına verdi. Qarı çolpaları bişirib özü yedi, Pişiyin boynuna yıxdı. Pişik oturub qaş-qabağını töküb, Artırma uçub dağıldı, Divar suvağını tökdü, Quş lələklərini yoldu, Ağac yarpaqlarını tökdü, mən də qurumayım, bəs nə edim?

– Onda mən də dolçanı çırpıb sındırıram, – deyə Qulluqçu cavab verdi.

O, dolçanı götürüb yerə çırpdı. Xanımın yanına qayıdıb dedi:

– Qoca bir neçə çolpa alıb gətirmişdi. Qarısına verdi ki, bişirsin. Qarı da bişirib, hamısını özü yeyib, Pişiyin boynuna yıxıb. Pişik oturub hirsindən qaş-qabağını töküb, Artırma uçub dağılıb, Divar öz suvağını töküb, Quş lələklərini yolub, Ağac yarpaqlarını töküb, Bulaq quruyub, mən də dolçanı sındırmayım, nə edim?

– Onda mən də əynimdəki paltarı cıraram, – deyə Xanım səsləndi.

Əri evə gəldi, Arvadından soruşdu:

– Paltarın nə üçün cırılıb?

– Qoca bir neçə çolpa almışdı, – deyə Arvadı cavab verdi, – gətirib Qarısına verdi. Qarı da bişirib, özü yeyib, Pişiyin boynuna salıb. Pişik oturub acığından qaş-qabağını töküb, Artırma uçub dağılıb, Divar suvağını töküb, Quş lələklərini yolub, Ağac yarpaqlarını töküb, Bulaq quruyub, Qulluqçu dolçanı sındırıb – bəs mən, paltarımı cırmayım, nə edim?

– Onda mən də səni boşayacağam, – deyə Əri səsləndi.

O, hirsli-hirsli gedərkən küçədə Çörəkçiyə rast gəldi.

Çörəkçi ondan soruşdu:

– Sən nə üçün belə hirslisən?

– Qoca bir neçə çolpa almışdı, – deyə kişi cavab verdi, – gətirib Qarısına verdi ki, bişirsin. Qarı da çolpaları bişirib özü yeyib, Pişiyin boynuna yıxıb. Pişik oturub qaş-qabağını töküb, Artırma uçub dağılıb, Divar suvağını töküb, Quş lələklərini yolub, Ağac yarpaqlarını töküb, Bulaq quruyub, Qulluqçu dolçanı çırpıb sındırıb, mənim Arvadım paltarını cırıb, – bəs mən onun kəbin-talağını verməyim, nə eləyim?

– Onda mən də özümü diri-diri yandıraram, – deyə Çörəkçi özünü təndirə atdı.

Biz də səninlə gedirdik, bir kisə mirvari tapdıq: iriləri mənim, xırdaları sənin.