İndi (Aşıq Abbas Tufarqanlı)

İndi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Mən olmuşam dərdü-qəmin barkeşi,
Qəmdən tikdirmişəm, nə qalam, indi,
İstədim ki, yara bir namə yazam,
Nə kağız tapılır, nə qalam2 indi.

Bir ərzim var, mən də deyim şahanə,
İlahiyə şükr eylərəm, şahə nə?
Qorxuram ki, nazlı yarı şah ana,
Yarsız bu dünyada nə qalam indi?

Katiblər oxurlar Cuma da getdi,
Ərənlər meraca cumada getdi,
Abbas ağlar, Gülgəz cumada getdi,
Nə qovğayam indi, nə qalam indi.