İndi (Xəstə Qasım)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Qəm əlindən şikəstəyəm, ovrağam,
Dilim eylər nalə indi, zar indi.
Xeyli vaxtdı camalına müştağam.
Soruş indi, danış indi, yar, indi.

Bizim yerdə naz çəkməyə tab olmaz,
Vallah, hüsnün kimi mahitab olmaz,
Şuxluğuyla məmələrə bab olmaz,
Narınc indi, turunc indi, nar indi.

Mənim yarım illərətən sağ ola.
Dörd çövrəsi behişt ola, bağ ola,
Nə həddi var sədrin kimi ağ ola,
Kağız indi, bəyaz indi, qar indi.
 
Bülbül olan hərgiz dönməz gülündən,
Dindirərsən bal tökülər dilindən.
Yeddi yerdən sarmaşıbdı belindən,
Xəbərdar ol, səni çalar mar indi.

Mən Qasımam, miskin-miskin baxaram,
Ümman olub dəryalara axaram,
Ah çəkəndə yandırıban yaxaram.
Dolanmasın gül yanına xar indi.