İnformasiya müharibəsində təmannasız xidmət göstərən tədqiqatçı

İnformasiya müharibəsində təmannasız xidmət göstərən tədqiqatçı (2017)
Müəllif: Ramil Cəbrayıl
Araz Yaquboğlu ilə müsahibə
Mənbə: Ramil Cəbrayıl. "İnformasiya müharibəsində təmənnasız xidmət göstərən tədqiqatçı" (az.). karabakhmedia. 07-08-2017. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
AZƏRBAYCANCA VİKİMƏNBƏ ERMƏNİCƏ VİKİMƏNBƏNİ ÖTÜB KEÇDİ

2 avqust 2017-ci il tarixdə Vikipediyaçı, tədqiqatçı-jurnalist Araz Yaquboğlu “Feysbuk”da bir status paylaşmışdı: “Azərbaycanca Vikimənbə ermənicə Vikimənbəni ötüb keçdi. 7564 mətn sayı ilə 32-ci pilləyə yüksəldik. Ermənilər 7556 mətn ilə 33-cü sırada qaldılar.”
Bu statusdan sonra qələm dostumuz Araz bəydən “Karabakhmedia” saytı üçün bir müsahibə götürmək qərarına gəldik.

– Araz bəy, əvvəlcə özünüz haqqında məlumat verərdiniz.
– 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulmuşam. Əslən Göyçə mahalındanam – hər iki valideynim Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub.
1990-cı ildə orta məktəbi, 1996-cı ildə isə İnşaat Mühəndisləri Universitetini bitirmişəm. Mühəndis ixtisası üzrə çalışmasam da, uzun müddətdir ki, pərdə sahəsində brend marka hesab edilən “Capsella”da dizayner kimi fəaliyyət göstərirəm.
2012-ci ildən “Laçın yurdu” jurnalında baş redaktorun müavini, 2013-cü ilin sentyabrından Azərbaycanca Vikipediyada idarəçiyəm. Yetərmi? (gülür – R.C.)

– 2010-cu ildən Azərbaycan dilində olan Vikipediyada istifadəçi olaraq fəaliyyətə başlamısınız. Bu istək haradan yarandı belə?
– 20 ildir ki, boş vaxtlarımda araşdırma ilə məşğulam. Əsasən araşdırılmayan aşıq və şairlər haqqında, nəsil şəcərələri, valideynlərimin vətəni olan Qərbi Azərbaycanla bağlı mütəmadi yazılar hazırlayıb çap etdirirəm. 2010-cu ilin aprelində kiçik qardaşım Elməddin mənə vikipediya saytı haqqında məlumat verdi və bildirdi ki, burada fəaliyyət göstərsəm daha yaxşı olar. Beləcə mən də vikipediya istifadəçisi oldum.
 
– Siz hazırda həm də idarəçisiz. Ümumi istifadəçilər və idarəçilər arasında yeriniz necədir?
– Bəli, 2013-cü ilin avqustunda Azərbaycanca Vikipediyanın (AzViki) idarəçilərindən olan “Cekli” (Tərxan Paşazadə) mənim idarəçiliyə namizədliyimi irəli sürdü və səsvermə nəticəsində idarəçi seçildim. Onu da qeyd edim ki, hazırda eyni zamanda Vikimedianın üç layihəsində – Vikipediyada, Vikikitabda və Vikimənbədə idarəçiyəm. Bu isə səhv etmirəmsə, AzViki tarixində “Cekli”dən sonra mənə qismət olub.
Azərbaycanca Vikipediyadakı fəal istifadəçilər arasında hazırda 2-ci yerdəyəm. Bu yaxınlarda Vikimedia layihələrində ümumi redaktələrimin sayı 170000-i keçdi. Bundan təxminən 120000-i Azərbaycanca Vikipediyanın, 18000-dən çoxu Vikimənbənin, 16500-i Vikidatanın, 7500-ü Vikikitabın, 4500-dən çoxu Commonsun, 1500-ə qədəri Vikisitatın, 1000-dən çoxu rusca vikipediyanın, 800-dən çoxu ingiliscə vikipediyanın, 450-dən çoxu türkcə vikipediyanın payına düşür. Ümumilikdə Azərbaycanca Vikipediyada 6000, vikimənbədə isə 4000-dən çox yeni səhifə yaratmışam. Vikimənbədə bunu faizlə ifadə etsək bütün mətnlərin 55 %-i deməkdir.

– Azərbaycanca Vikipediyanı digər dillərdə olan vikipediya ilə müqayisə etdikdə nə demək olar? Üstünlüklərimizi və nöqsanlarımızı necə dəyərləndirərdiniz?
– AzVikidə məqalə sayı 123000-dən çoxdur. Dünya dilləri üzrə 299 dildə vikipediya var. Bunların sıralamasında biz 53-cü yerdəyik. Əslində pis nəticə deyil. Vaxtilə AzViki bundan da yuxarı pillələrdə olub. Müəyyən təmizləmələr, bir vaxtlar zəif inkişaf və digər vikilərin fəallaşması bizi 53-cü etdi. Amma şərt sıra sayında deyil. Əsas odur ki, vikidillə desək “dərinlik göstəricisi” yaxşı olsun. Məsələn, bizdən çox qabaqda olan – 219000 məqaləli qazaxca vikipediyada dərinlik 9, bizdə isə dərinlik 34-dür. Bu keyfiyyət göstəricisidir.
Bizim dildə olan vikipediyanın inkişafını əngəlləyən istifadəçilərin azlığı və bu sahəyə marağın çox az olmasıdır. Bilirsiz ki, Vikipediya istifadəçiləri könüllü fəaliyyət göstərirlər. Ümumiyyətlə, belə bir tendensiya var ki, əgər nəsə bir iş görürsənsə onun müqabilində maddi qazancın olmalıdı. Vikidə isə bu yoxdu, çünki könüllü fəaliyyət göstərməliyik. Amma vikipediyanın insanlar üçün çox böyük mənəvi faydası danılmazdır.

– Vikipediyada mənbələrə istinadın vəziyyəti sizi qane edirmi? Bir-birini təkzib edən müxtəlif mənbələrdən istifadə zamanı hansı çətinliklərlə qarşılaşırsınız?
– Vikipediyanın öz prinsipləri, öz qaydaları var. Vikidə olan hər bir ensiklopedik məlumat hər hansı bir və ya bir neçə etibarlı mənbə ilə təsdiqlənməlidir. Azvikidə elə məqalələr var ki, mənbəsi azdı və ya heç yoxdu. Bunlar üzərində də istifadəçilər daim redaktə işləri aparır, mənbələr əlavə edirlər. Mənbə məsələsində Azərbaycan vikipediyaçılarının çətinlikləri var. Azərbaycanla bağlı olan digər dillərdəki mənbələrin əlçatanlığı qənaətbəxş deyil. Azərbaycan dilində mənbələrdən istifadə edə bilmək imkanlarımız da məhduddur. Kitabların, jurnalların, qəzetlərin və digər informasiya vasitələrinin canlı linkləri internetdə yox dərəcəsindədir. Vikidə mənbələrdən istifadə edərkən çalışmaq lazımdır ki, hamı tərəfindən yoxlanıla bilən mənbələrdən istifadə olunsun. Azərbaycanda elektronlaşdırılan bəzi kitablar isə geniş auditoriyaya açıq deyil. Onlardan yalnız kitabxanaların daxilində istifadə etmək mümkündür.
Bir-birini təkzib edən məlumatlar olduqda və hər bir fərqli məlumatın da etibarlı mənbəsi varsa, hər iki fərqli məlumat məqalədə öz əksini tapır. Bəzən belə məsələlər aktiv istifadəçilər tərəfindən geniş müzakirə edilir və yekun nəticə məqalədə öz əksini tapır.

– Bizimlə müharibə vəziyyətində olan Ermənistan vikipediyaçıları ilə informasiya savaşında yerimiz necə görünür?
– Qısaca deyə bilərəm ki, bəzi məsələlərdə ermənilərdən geri qalırıq. Onlar informasiya baxımından (özü də yalan informasiya) bizdən daha geniş şəbəkəyə malikdirlər. Məsələn, xarici dilli vikilərdə Qarabağla bağlı məlumatlarda bəzən istədiyimizə nail ola bilmirik. Ukrayna dilində olan vikidə Qarabağın kəndləri ermənilərin hazırda adlandırdıqları qondarma adlarla göstərilir. Eləcə də bunu fransızca vikiyə də aid etmək olar.

– Bu sahədə də ikili standartlar mövcuddurmu? Haqqımızda gedən yanlış məlumatların doğru variantını dünyaya necə çatdırırsınız, daha doğrusu çatdıra bilirsinizmi?
– Vikipediyanın əsas prinsiplərindən biri məhz məqalələrin tərəfsiz yazılmasıdır. Əslində ikili standartlar vikipediyada yolverilməzdir. Amma bəzən buna rast gəlmək mümkündür. Bu da bədnam erməni qonşularımızın arzuolunmaz fəaliyyəti nəticəsində baş verir. Bəzən Azərbaycan vikipediyaçıları öz haqq səslərini sonacan çatdırıb istədiklərinə nail ola bilmirlər. Bununla yanaşı, deməliyəm ki, bir neçə vikiçilərimiz var ki, ingiliscə, almanca, rusca, gürcücə vikipediyalarda Azərbaycanla bağlı yaxşı məqalələr yazırlar. Hətta o məqalələrdən status alanları da var. Yəni, həmin məqalələr xarici vikilərdə ana səhifəyə də çıxır.

– Araz bəy gələk bu günlərdə Feysbukda paylaşdığınız statusa. Ermənicə Vikimənbəni necə keçə bildik?
– Bilirsiz ki, Vikimənbə on iki Vikimedia layihəsindən biridir. Burada müəllif hüququ ilə qorunmayan və çap olunmuş əsərlər yerləşdirilir. Bu layihə Vikipediyadan sonra demək olar ki, ən populyar ikinci layihədir.
Feysbukda da yazdığım kimi, bir il öncə, 30 iyul 2016-cı ildə Feysbukda bir status paylaşaraq söz vermişdim ki, bütün dillər üzrə 37-ci sıradan AzVikimənbəni daha ön sıralara qaldırmağa nail olacam. Fikrim o idi ki, ermənicə vikimənbəni ötüb keçməklə Azərbaycanca Vikimənbə ondan daha ön sıralarda olsun. Düzdü o vaxt düşünürdüm ki, bunu bir neçə aya edəcəm. Amma buna bir ilə nail ola bildim. 2017-ci il avqustun 2-də axır ki, istəyimə çatdım. Azərbaycanca Vikimənbə ermənicə Vikimənbəni ötüb keçdi. 7564 mətn sayı ilə 32-ci pilləyə yüksəldik. Ermənilər 7556 mətn ilə 33-cü sırada qaldılar.
Maraqlıdır ki, fəaliyyətim zamanı tez-tez statistikaya baxırdım. Hər pillə qalxdıqca görürdüm ki, ermənilər də irəliləyirlər. Özü də daha sürətlə. Onlarda aktiv istifadəçi çox, bizdə isə həddindən artıq az idi. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bəzən Vikimənbədə tək çalışırdım. Fərqi 50-yə çatdırırdım, növbəti yeniləmədə baxırdım ki fərq 100-ü keçib. Görünür ki, onlar da bu “yarışma”ya baxırmışlar. Gec də olsa əsas odur ki, dostlar qarşısında verdiyim sözə əməl edə bildim. Bundan sonra da çalışacam ki, bu üstünlüyü qoruyub saxlaya bilək.

– İndiyədək görülən işlər təqdirəlayiqdir. Bəs gələcək üçün əsas hədəfləriniz nədir?
– 2014-cü ilin sentyabr ayında yaranan “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupu Azərbaycan Vikipediyaçılarını birləşdirən yeganə qrupdur. Qrup “Mövzulu aylar” təşkil edir. Üç ildə 30-dan çox müxtəlif mövzuları əhatə edən “Mövzulu aylar” keçirilib. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Bunlar hamısı AzVikinin inkişafına təkan verən amillərdir.
Artıq “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun səyi nəticəsində həmin qrup bir neçə ay öncə “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi kimi dövlət qeydiyyatına da alınıb. İndi AzViki daha sürətlə inkişaf edəcək. İctimai birliyin ilk təşəbbüsü – 12-13 avqust 2017-ci il tarixlərində Qax rayonunun İlisu kəndində keçiriləcək “Vikidüşərgə” məhz Vikimedia Fondu tərəfindən dəstəklənib. Bütün bunlar AzVikinin inkişaf etdiyini göstərir və gələcəyə xoş ümidlərlə baxmaq qənaətimizi gücləndirir.
 
– Araz bəy, siz “Mövzulu aylar” deyəndə 2015-ci ildə saytımızda gedən “Övladlar atanı geridə qoydu” başlıqlı xəbər yadıma düşdü. Sizin ailə “Vikipediyaçılar ailəsi”di.
– Düz xatırlayırsız. Ramil bəy. O vaxtı oğlum Təhmasib və qızım Firuzə Nəsiblilər məni “Olimpiya oyunları ayı” mövzusunda geridə qoyaraq 1-ci və 2-ci yeri bölüşdürmüşdülər. Bizim ailəni “Vikipediyaçılar ailəsi” hesab etmək olar. Çünki, övladlarımdan başqa kiçik qardaşım Elməddin Hacıyev də vikipediya istifadəçilərindən biridir.

– Avqustun 1-i sizin doğum gününüz idi. 44 yaşınız tamam oldu. Bu münasibətlə saytımızın kollektivi adından sizi təbrik edirik. Sirr deyilsə, ən yaxşı hədiyyəni kim verdi?
– Çox sağ olun. Minnətdaram. Məni zəng edərək, mesaj yazaraq, status paylaşaraq, hədiyyə verərək təbrik edən bütün doğmalarıma, dostlarıma saytınız vasitəsilə çox sağ olun deyirəm. Bir az qəribə səslənsə də, Vikimənbədə erməniləri geridə qoymağın özü ən böyük hədiyyəm oldu.

Ramil Cəbrayıl, Vikipediya istifadəçisi. Karabakhmedia.az