İpək qarıyla Köpək qarı
Rəvayətlər. İpək qarıyla Köpək qarı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Qonşuluqda yaşayan iki qarı varmış. Bu qarıların əməllərinə
görə birinə İpək qarı, o birinə isə Köpək qarı deyirmişlər.
Günlərin bir günü İpək qarı görür ki, evinin eyvanına bir quş
düşüb, uça bilmir. Qarı quşu götürüb baxır ki, quşun qanadı sınıb.
Evə gətirib quşun qanadını sarıyır, yem, su verir. Quş sağalıncaya
qədər evdə saxlayır. Gün gəlir ki, quş tamam sağalır, uçub getmək
vədəsi gəlib çatır. Quş evin başına bir neçə dəfə dövrə vurub gəlir
qonur qarının əlinə, bir toxum qoyub göyə qalxır. Qarı həmin toxumu
basdırır, ona qulluq edir. Bu toxumdan böyük bir qovun əmələ
gəlir. Qarı qovunu gətirir evə, kəsəndə görür ki, qovunun içi ağzınacan
dolu ləl-cavahirat, qiymətli daş-qaşdı. O günnən İpək qarının
gün-güzəranı yaxşılaşır. Qonşuluqdakı Köpək qarı bunu görür
və gəlir İpək qarının yanına ki, hardandı səndə bu var-dövlət. İpək
qarı hər şeyi olduğu kimi, danışır. O günnən Köpək qarını fikir alır,
qonşusuna tuş gəlmiş qisməti gözləyir.
Bir gün görür ki, eyvana bir quş qonub. Bir ağac götürüb quşun qanadını sındırır. Sonra quşun qanadını sarıyır, onu bəsləyir. Bu quşun da sağaldığı gün gəlir. Uçub getmək məqamında quş Köpək qarının ovcuna bir toxum qoyur. Qarı sevincək toxumu basdırır, səbirsizliklə toxumun yetişməsini gözləyir.
Nağıl dili yüyrək olar, deyərlər. Günlər keçir, vaxt gəlir ki, bu qovun da yetişir. Köpək qarı sevinə-sevinə qovunu evinə gətirir. Ləl-cavahir, varlanmaq ehtirasıyla qovunu kəsir. Qarının tamahkarlıqla alışıb-yanan gözləri kəlləsinə çıxır, qorxudan dili tutulur. Qovunun içərisindən çıxan ilanlar qarını tas-tas eliyir.