İsgəndər pəhləvan

Rəvayətlər. İsgəndər pəhləvan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir padşah varmış. Bu padşahın bir oğlu olur. Mələklər bu uşağın hər yerinə əl çəkir, bircə gözlərinə çəkmir. Uşağın adını İsgən- dər qoyurlar. İsgəndər böyüyüb güclü bir pəhləvan olur. Qabağına çıxan pəhləvanları qatlayıb dizinin altına qoyur. Bir gün bir pəhləvan ona deyir ki, oğulsan, get Rüstəmə cavab ver. İsgəndər gəlib atasından Rüstəmi xəbər alır. Atası deyir, Rüstəm filan ölkənin pəhləvanıdı, hələ indiyətən onun qabağına çıxan olmayıb.


İsgəndər deyir:

– Gərək gedəm, Rüstəmlə vuruşam.

Atası çox yalvar-yapış eləyir ki, gəl daşı ətəyindən tök, bu yoldan qayıt, İsgəndər qulaq asmır, geyinib-kecinib yola düşür. Gəlib Rüstəmin ölkəsinə çatır. Rüstəmə xəbər eləyirlər ki, bəs filan vilayətdən İsgəndər adlı bir pəhləvan gəlib, səni davaya çağırır. Rüstəm dava libasını geyinib ata minir, İsgəndərlə üz-üzə dayanır. Qılınclaşırlar – bir mətləb hasil olmur. Güləşirlər – bir mətləb hasil olmur. Rüstəm nə qədər ox atır, heç biri İsgəndərin bədəninə batmır. İsgəndər neçə ox atır, Rüstəmi neçə yerdən yaralayır. Axşam düşür. Razılaşırlar ki, davanı sabaha saxlasınlar. Rüstəm gəlir öz imarətinə, yaralarına məlhəm qoydurur. Ürək qızdırdığı adamları başına yığır, deyir:

– Bu nə sirdi – nə qədər ox atıram İsgəndərin bədəninə batmır?

Gedib bir baxıcı gətirirlər. Baxıcı deyir:

– İsgəndərin bədəninə mələklər əlini çəkib, onu ancaq gözündən vurmaq olar.

Səhər açılır. İsgəndərlə Rüstəm yenə davaya çıxırlar. Rüstəm oxu yaya qoyub atır. İsgəndərin iki gözünün ikisini də vurub çıxardır. İsgəndər deyir:

– Rüstəm, əgər igidsənsə, mənə bir qalaça tikdir. Qalaçanın içindən bir zəncir asdır, mən o zəncirdən tutub, qalaçanın içində gəzim. Hərdən özün də gəl, söhbət eləyək, fikrim dağılsın.

Rüstəm razılaşır. Qalaçanı tikdirməyə başlayanda baxıcı deyir:

– Rüstəm, qalaçaya iki qapı qoydur. İsgəndərin yanına gedəndə görəcəksən ki, İsgəndər qollarını qaldırıb, zənciri aşağı çəkmək istəyir. Onda sən o biri qapıdan çıxarsan eşiyə.

Qalaça hazır olur. İsgəndər zəncirdən tutub, qalaçada gəzibdolanır. Bir gün Rüstəm İsgəndərin yanına gəlir. Söhbət eləməyə başlayırlar. Rüstəm görür ki, İsgəndər yavaş-yavaş qollarını yuxarı qaldırır. Rüstəm yavaşca ikinci qapıdan eşiyə çıxır. İsgəndər zənciri çəkib, qalaçanı öz başına uçurdur. Daş-qayanın altında qalıb ölür.