İsmi pünhan, neçin belə sınıqsan

İsmi pünhan, neçin belə sınıqsan
Müəllif: Molla Cümə
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

İsmi pünhan, neçin belə sınıqsan?
Zülflərin görürəm şanadan qalmış.
Sən allah, bu qədər çəkmə yanıq sən,
Tək cana nügbarsan anadan qalmış.

Tanrı qədərinə səbr eylə, dildar,
Növbətdir hərlənir, hamıya, bil, var.
Birində görünən iş deyil, dilbər,
Zülm də ta əzəl binadan qalmış.

Dost-düşmən içində gəzmə pozuq sən,
Dağlama ciyərim sızıq-sızıq sən.
Topla ver Cüməyə dərdin, yazıqsan,
Əziz yadigarsan sonadan qalmış.