İstəmirəm
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Viran qalsın belə dövran, zamana,
Bez tapılsa ipək, şal istəmirəm.
Qədəhdən, mədəhdən geysə uşaqlar,
Özgə bəzənməyə al istəmirəm.

Birisi bəyənmir, neynək qumaşı,
Birisi acından tökür göz yaşı.
Yoxsulluq tanımır qohum-qardaşı,
Ruzumuz olarsa, mal istəmirəm.

Fələk işi əyib müşkülə salır,
Kasıbın, yoxsulun canını alır.
Yaman gün çəkməkdən olmuşuq yağır,
Qəzadan qorxuram, qal istəmirəm.

Varlıya, qazıya, bir söz deyəndə,
Məsləhətdir heç gəlməmək bu kəndə.
Saqqalın ağ çağı, bu müşkül gündə,
Dağlara, daşlara yol istəmirəm.

Qoysunlar dinc yeyək yavan çörəyi,
Açmasınlar başa min cür kələyi.
Məmmədhüseynin budur haqdan diləyi,
Zəhmətsiz şəkər, yağ, bal istəmirəm.